Azərbaycanda yenidən sərtləşdirilmiş karantin rejimi tətbiq edilir

Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün isə hər bir şəxsin Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə alması göstərilib

Foto: Meydan TV


Vətəndaşlara SMS-lə gündə bir dəfə 3 saat icazə veriləcək

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci ilin 31 yanvar tarixinə qədər uzadılır.

Bu barədə Azərbaycan Nazirlər Kabinetinin dekabrın 8-də yaydığı məlumatda deyilir.

Məlumata görə, 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

Bildirilib ki, göstərilən tarixdə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır: “Bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir; Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır; Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq edilir”.

Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçilərinin onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yuxarıda qeyd olunan ərazilərdə hərəkət edə biləcəkləri qeyd olunub:

“Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslərin əməkdaşları, habelə bəzi könüllülər təşkilatlarının üzvləri barədə məlumatlar “icaze.e-gov.az” portalına 9 dekabr 2020-ci il saat 10:00-dan etibarən daxil edilməlidir. 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi və ya Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102 Xidməti" – Zəng Mərkəzi vasitəsilə ilə icazə verilir”.

Bundan əlavə, SMS icazə sisteminin aşağıdakı hallarda tətbiq edildiyi bildirilib:

“Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir)”.

Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün isə hər bir şəxsin Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə alması göstərilib:

“Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir”.


Xatırlatma

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-dən aşkarlandığı açıqlanıb.

O vaxtdan oktyabrın 29-na kimi aşkarlanan gündəlik yoluxmanın heç vaxt minə çatdığı bildirilməmişdi.

Oktyabrın 29-da 1015, 30-da 1022, 31-də isə 1095 yeni yoluxma faktının qeydə alındığı açıqlanıb.

Noyabrın sonundan isə yoluxma sayı 4 min nəfərdən çox təşkil edib.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 500 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Ana səhifəSosialAzərbaycanda yenidən sərtləşdirilmiş karantin rejimi tətbiq edilir