Azərbaycanda əlilliyi olan aktyorlardan ibarət müstəqil ƏSA Teatrı yaranıb
Bu barədə Meydan TV-yə teatrın təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə bildirib:
“Hazırda heyətimiz 12 nəfərdən ibarətdir. Əsas heyəti əlilliyi olan aktyorlar təşkil edir. Lakin əlilliyi olmayan aktyorlar da bu teatrda fəaliyyət göstərə biləcək”.
Nihad Qulamzadə dünyada bir neçə əlilliyi olan və ya daun sindiromlu aktyorlardan ibarət teatr olsa da, sayları çox azdır deyir: “ƏSA Teatrı Azərbaycanda bir ilkə imza atır və gələcəkdə gördüyü işlərlə incəsənətin sərhəd, əngəl tanımadığını təsdiq edəcək. Bu, Azərbaycan teatrının sözün əsl mənasında əsası olacaq”.
N. Qulamzadə oktyabrın başlanğıcında teatrın ilk tamaşasının premyerasının olacağını deyir. Hazırda tamaşanın məşqləri gedir.
Teatrın direktor vəzifəsini gənc təlimçi, motivator, “Uğurun Xəritəsi” kitabının müəllifi Murad Məmmədov daşıyacaq. Rəsmi informasiya dəstəkçisi isə Xeber365.com saytı olacaq.