Aktyor Rasim Balayev ittifaqa sədr seçilib
Martın 5-də Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı ittifaqların üzvlərinin iştirakı ilə konfrans keçirilib.
Konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və nizamnamənin təsdiqi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxil olub.
İki kino ittifaqının birləşməsi məsələsi ötən il gündəmə gəlib.
2023-cü il iyulun 26-da AKİ ilə ARKİ idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında birgə bəyanat qəbul edilib.
Tədbirdə səsvermə ilə iki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.
Səsvermə ilə yeni təşkilatın Nizamnaməsi də təsdiq edilib.
Yalnız rejissor Oqtay Mirqasımov birləşmənin əleyhinə səs verib.
ARKİ-nin sədri Şəfiqə Məmmədova yeni yaradılan kino ittifaqının sədrliyinə namizədliyini geri götürüb.
Xalq artisti Rasim Balayev yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.
AKİ İdarə heyətinin yeni üzvləri Şəfiqə Məmmədova, Oqtay Mirqasımov, Vaqif Mustafayev, Cəmil Quliyev, Rafael Qəmbərov, Şamil Əliyev, Adil Abbasov, Eldəniz Quliyev, Anar Rzayev, Həmidə Ömərova, Oleq Səfərəliyev, Baba Vəziroğlu, Nadir Bədəlov, Tahir Əliyev, Şükufə Yusifova, Rövşən İsax, Mirbala Səlimli, Firəngiz Qurbanova, Nizami Abbas, Ziya Şıxlinski, Fatimə İbrahimbəyova, Məbud Məhərrəmov, Azər Əsgərov, Əli Pəhləvan, Cahangir Mehdiyev, Sevda Sultanova, Kamran Qasımov, Arzu Qulamov, Xalidə Quliyeva, Akif Əli, Türkan Hüseyndir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) 1963-cü ildə təsis edilib.
1981-ci ildən quruma Xalq artisti, ssenarist Rüstəm İbrahimbəyov rəhbərlik edib.
2012-ci ildə Rüstəm İbrahimbəyovun siyasi baxışlarına görə İttifaq Hökumət Evindəki ofisindən çıxarılıb.
Müxalif siyasi qüvvələrin birləşdiyi Milli Şura 2013-cü ilin Prezident seçkisində Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürəndən sonra isə AKİ-də ciddi problemlər yaranıb.
Rüstəm İbrahimbəyov Moskvaya gedəndən sonra İttifaqın fəaliyyəti dayanıb.
Bir neçə ildən sonra İttifaq yenidən fəaliyyətini bərpa edib.
2022-ci ilin martında Rüstəm İbrahimbəyov vəfat edib.
Ardınca AKİ-də qurultay keçirilərək sədr postuna Xalq artisti, aktyor Rasim Balayev gətirilib.
ARKİ isə 2012-ci ildə AKİ-yə alternativ olaraq yaradılıb.
Həmin ildən İttifaqa Xalq artisti, aktrisa Şəfiqə Məmmədova rəhbərlik edib.