Azərbaycanda yeni cəza növü yaradılır

”Polis haqqında” Qanundan ”ləyaqətsiz” sözü çıxarılır

Source:


”Polis haqqında” Qanundan ”ləyaqətsiz” sözü çıxarılır

“Polis haqqında” Qanundan “ləyaqətsiz” sözü çıxarılır. Prezident İlham Əliyevin bununla bağlı təqdimatı Milli Məclisə daxil olub.

Layihəyə əsasən, Qanunun 28, (Polis əməkdaşının xidmətə qəbul edilməsi) 33 (Polis əməkdaşının məsuliyyəti) və 34-cü (Polis əməkdaşının xidmətdən xaric edilməsi) maddələrə dəyişiklik ediləcək.

Hazırda 28-ci maddənin IV hissəsi belədir:

“İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən ləyaqətsiz hərəkətlərə görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər”.

Müvafiq olaraq 33-cü maddənin I hissəsinin 3-cü bəndi və 34-cü maddənin I hissəsinin 9-cu bəndi isə hazırda aşağıdakı kimidir:


– polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə – polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilir.


– polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə – polis əməkdaşı xidmətdən xaric edilə bilər.

Layihə Milli Məclisin oktyabrın 2-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Bununla yanaşı, Azərbaycanda bir müddət əvvəl ləğv edilən cəza növü yenidən bərpa edilir. “Azadlığın məhdudlaşdırılması” adlanan bu cəza növü məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir.

Bu cəzaya məhkum edilmiş şəxsə aşağıdakı tələblər qoyulur:


– yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;


– elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək;


– məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;


– cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.


Maddəyə görə, məhkəmə məhkum üçün bu vəzifələri müəyyən edə bilər:


– kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;


– alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək.

Azadlığın məhdudlaşdırılması 6 aydan 5 ilədək hesablanacaq.

Bildirilir ki, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə ilə hesablanır.

Azadlığın məhdudlaşdırılması cəza növü 2011-ci ildə ləğv edilib. Həmin vaxtadək tamam başqa formatda olub.

Ana səhifəXəbərlərAzərbaycanda yeni cəza növü yaradılır