Görünən odur ki, ”Silk Way Holding” yükdaşıyan şirkətlərini şərq və qərb istiqamətlərində qurur
Vergilər Nazirliyindən AzadlıqRadiosu-na bildiriblər ki, oktyabrın 25-də “Silk Vey East aviaşirkəti” (“Silk Way East Airlines”) MMC təsis olunub.
Şirkətin kapitalına, ilkin olaraq, 50 min manat vəsait yatırılıb. Yeni aviaşirkətə “Silk Way Holding” MMC-nin prezidenti Sənan Axundov rəhbərlik edir.
Holdinqin mətbuat xidməti məlumatı təsdiqləsə də, daha geniş açıqlama verməyib.
İndi Azərbaycanda 3 yükdaşıma şirkəti var. Görünən odur ki, “Silk Way Holding” yükdaşıyan şirkətlərini şərq və qərb istiqamətlərində qurur.
Yük də artıb, qazanc da
Holdinqin aparıcı şirkətlərindən olan “Silk Vey Aviaşirkəti” (“Silk Way Airlines”) MMC 2012-ci ildə “Silk Vey Vest Aviaşirkəti” (“Silk Way West Airlines”) MMC-ni təsis edib. O vaxtdan Azərbaycanın beynəlxalq yük daşımaları 80 min tondan 127 min tona (2015-ci il) çatıb. Bu dövrdə yükdaşımadan əldə olunan gəlir də 392 milyondan 531 milyon manata yüksəlib.
“Silk Way West Airlines” aviaşirkəti iki Boeing 747-400F və dörd Boeing 747-8F yük təyyarəsinin olduğunu bildirir. Şirkət dünyanın müxtəlif regionlarına – Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerikaya vaxtaşırı uçuşlar gerçəkləşdirir.
Bəs şirkətlər kimindir?
2001-ci ildə yaradılan “Silk Way” aviaşirkətində payların 60 faizi “SW Holding” MMC-yə, qalan 40 faizi isə Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş “International Handling Company Limited” şirkətinə məxsusdur. Hüquqi sənədlərə görə, holdinqin sahibi onun prezidenti olan Zaur Axundovdur. Britaniya şirkəti mülkiyyətçisinin adı açıqlanmır.
Yerli və beynəlxalq media müxtəlif profilli 20-dən çox şirkəti, o cümlədən bank və sığorta şirkətini özündə birləşdirən bu holdinqin prezident İlham Əliyevin və dövlətə məxsus «Azərbaycan Hava Yolları» QSC-nin prezidenti Cahangir Əsgərovun ailə üzvlərinə məxsus olduğunu yazır. Həmin məlumatlar təkzib olunmur.
Yük bu il də xeyli artıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 9 ayında Azərbaycanın hava nəqliyyat şirkətləri 112,6 min ton yük daşıyıb. Bu, ötən ilin eyni dövründən 23,7 faiz çoxdur. Artan tələbatla ayaqlaşmaqdan ötrü “Silk Way” daha bir neçə yük təyyarəsi almaq üçün müqavilələr bağlayıb.