Azərbaycanda: Xəstəxanalar yenidən dolur, koronavirusa yoluxanlar arasında tibb işçiləri də var

Onun sözlərinə görə, yoluxan tibb işçiləri xəstəxanaya yerləşdirilib.

Source: Meydan TV


Ölkədə virusa yoluxma halı 2000-ə çatır

Oktyabrın 31-də Azərbaycanda 12 pasiyent COVID-19 infeksiyasından ölüb, 1 095 adam infeksiyaya yoluxub, 547 nəfər müalicə olunaraq evə buraxılıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilib ki, Azərbaycanda indiyə qədər 55 min 269 nəfər yeni koronavirus infeksiyasına yoluxub:

“Onlardan 43 min 543 nəfər müalicə olunaraq sağalıb, 730 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 10 996 nəfərdir”.

Operativ qərargah xatırladıb ki, ötən müddətdə 1 milyon 352 min 907 test aparılıb: “Bugünkü test sayı isə 11 441-dir”.

Son 1 həftə ərzində Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artıb. Bir neçə aylıq fasilədən sonra viruslu xəstələri müalicə edən tibb işçiləri arasında da yoluxma qeydə alınıb. Meydan TV-nin əldə etdiyi məlumata görə, bu həftə Klinik Tibbi Mərkəzin (“Semaşko”) iki əməkdaşı virusa yoluxub. Bu barədə mərkəzin əməkdaşlarından biri məlumat verib. Onun sözlərinə görə, yoluxan tibb işçiləri xəstəxanaya yerləşdirilib.

Lakin tibb işçilərinin yoluxması və ölümləri ilə bağlı mətbuata açıqlama verilməməsi tapşırılıb.

Bu həftənin əvvəlində daha bir həkim koronavirusdan vəfat edib. Bu barədə həkimin həmkarları məlumat yayıblar. İntizar adlı 49 yaşlı həkimin 6 aydır koronavirusa yoluxan xəstələri müalicə etdiyi bildirilir. Lakin tibbi müdaxilələrə baxmayaraq, həkimin həyatını xilas etmək mümkün olmayıb.

“Xəstəxanalara paytaxtın və respublikanın müxtəlif bölgələrindən ağır xəstələr gətirilir. Təəssüf ki, son vaxtlar virusun mövcudluğuna inanmayanların sayı yenidən artıb. Nəticədə yoluxmaların sayı artmağa başlayıb. Nəzərə almaq lazımdır ki, həkimlərin çoxu ön cəbhədədir. Yoluxmaların artması xəstəxanaların yüklənməsinə səbəb olur”,- Tibbi Klinik Mərkəzin həkimlərindən biri deyib. Əlavə edib ki, yenidən xəstəxanalar dolub. Buna görə də, xəstələrin yerləşdirilməsi ilə bağlı problemlər yaşanır:

“Bu gün həkimlər də öz həyatlarını təhlükəyə atırlar. Amma təəssüf ki, maska və sosial məsafəyə nəzarət azalıb, aylardır yoluxma və ölümlərin olması hələ də çoxlarını təhlükənin mövcudluğuna inandıra bilməyib”.

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri gələn ilin fevralınadək virusa yoluxanların sayının artacağını proqnozlaşdırıb.

TƏBİB-dən həkimlərin virusa yoluxması və ölməsi ilə bağlı suallara cavab verməyiblər.

Ana səhifəSosialAzərbaycanda: Xəstəxanalar yenidən dolur, koronavirusa yoluxanlar arasında tibb işçiləri də var