Azərbaycanda transgender qadının uğur hekayəsi

LGBT+ fərdlər Azərbaycanda həmişə müxtəlif növ təzyiq və təqiblərə məruz qalıblar. 2017-ci il kütləvi reydlər zamanı azı 200 nəfər həbs edildi. Azadlığa çıxandan sonra isə üzləşdikləri işgənclər və ləyaqətlərini alçaldan davranış barədə məlumat verdilər.  

LGBT+ fərdlərinə təzyiqlər indi də davam edir.  Beynəlxalq Lesbian, Gey, Biseksual, Trans və İntersex Assiosiasiyasının (ILGA) hesabatına əsasən, Azərbaycan 2021-ci il də daxil olmaqla, artıq bir neçə ildir ki, LGBT+ fərdlərinin hüquqlarının qorunması reytinqində Avropanın 49 ölkəsi arasında axırıncı yeri tutur.   

Daha çox təzyiqlə də transgenderlər üzləşir. Onlara hücumlar edilir, aralarında öldürülənlər olur.  Son belə hadisə bu ilin avqustunda Bakının Qaradağ rayonunda baş verib. Nuray adlı transgender qadın əli-qolu bağlanmış halda yandırılaraq qətlə yetirilib.

Hadisədən bir müddət öncə Nuray rəfiqəsinin ad günündə gəlinlik paltarında çəkdirdiyi video ilə gündəmə gəlmişdi.

Əksər transgender qadınlar Azərbaycanda seks işçiliyi ilə məşğuldur. Və çoxu buna məcbur olduqlarını, başqa işə götürülmədiklərini vurğulayırlar. 

Meydan TV bu dəfə fərqli bir transgender qadının hekayəsini danışır. Bu, 27 yaşlı Lorendir. O, Sumqayıt şəhərində yaşayır və oradakı gözəllik salonlarının birində stilist kimi çalışır. 

Mənə deyirdilər ki, məktəbdən çıx

Loren Şabranın 23 evdən ibarət bir kəndində doğulub və səkkizinci sinfə qədər orada yaşayıb, təhsilini Bakıda davam etdirib, sonra isə Sumqayıta köçüb.

Loren rayondan Bakıya oxumağa gedəndə orada diskriminasiya ilə, təhqiredici ifadələrlə qarşıladığını təəssüflə xatırlayır:  

“Məktəbin direktoru müavinə, müavin də sinif rəhbərimə demişdi ki, o, qız kimidir, burada oxumasın, uşaqların zehnini pozar. Halbuki oradan məndən başqa transgender çıxmayıb. Transgender olduğum üçün mənə deyirdilər ki, məktəbdən çıx”.  

Sinif yoldaşlarının münasibəti də birmənalı deyilmiş, onu dəstəkləyənlər, “necə olması onun şəxsi işidir”, deyənlər də olub. Bununla belə, Loren daha çox təhqirlərlə üzləşdiyini söyləyir.  

Loren deyir ki, lap kiçik yaşlarından gender kimliyini bəlli edib.  Azərbaycanda əksər ailələrdən fərqli olaraq, ailəsi tərəfindən dəstək görüb.

Yadıma gəlir ki, təxminən beş, altı yaşlarımda qarnımı tutub ana olmaq üçün Allaha dua edərdim”, – Loren danışır. – “Bunu ailəm də görürdü, çox güman ki onlar bunu uşaqlıqla bağlayıblar deyə reaksiya verməyiblər. Amma onların gözündə belə inkişaf etməyim, özümü belə yetişdirməyim nəinki ailəmin, qohumlarımın, qonşularımın mənə alışmasına səbəb oldu”.

Loren sevinclə atasının onunla ünsiyyət saxladığını, həyatı ilə maraqlandığını, çətin günlərində dayaq olduğunu, olduğu kimi qəbul etdiyini qeyd edir. 

“Özünüz düşünün, qəbul etməsəydi, itirib axtarmazdı”, – Loren izah edir. – “Yəni valideynlik borcunu yerinə yetirir, geri qalana qarışmır. Düzdür, öz tanıdığı, bildiyi övladına müraciət edir. Mənim indi necə olmağımdan xəbəri var və məni bu cür qəbul edir, yoxsa zəng etməzdi, axtarmazdı məni. Onlar məndən əl çəksəydi, uzaqlaşsaydı, mən deyəcəkdim ki, kimdi məni axtaran, kimdi məni tanıyan, qoy mən də necə lazımdı elə yaşayım”.

Hər insan mübarizə apara bilmir

Azərbaycanda əksər transgender qadınların seks işçisi kimi  xidmət göstərməsində Loren cəmiyyəti və ailələri günahlandırır. 

“Seks işçiliyi edən insanlar cəmiyyətin kənarlaşdırdığı insanlardı”, – Loren belə hesab edir. – “Valideynlər bəzən belə düşünürlər ki, məndən uzaq olsun, qoy yaşasın. Amma belə deyil, o artıq yaşamır. Mən belə düşünürəm ki, əksər transgenderlərin həyatı bu dəqiqə çox çətin keçir. Başlanğıc necədirsə, insan elə də davam edir. Hər insan mübarizə apara bilmir. Hər insan dişini dırnağına sıxıb, bir gün, beş gün, on gün ac qala bilmir. Hər insanın şansı gətirmir. Mən valideynlər görmüşəm ki, övladlarını öldürməyə belə təşəbbüs ediblər, transgender, hər hansı LGBTİ+ üzvü olduğu üçün”.

Loren deyir ki, məhz ən yaxın adamların dəstəyi ona ayaqda durmaqda və həyata davam etməkdə kömək olub. 

“Hər nə qədər də kənardan dəstək görsəz, ən yaxın adamlarınız – ata, ana, bacı, qardaş sizdən üz döndərirsə, çətin olur”, – Loren deyir. 

Seksual olaraq nəsə uman insanlar məni işə götürürdü

Loren beş il öncə Sumqayıtda özünə ev alıb və şükür edir ki, bunu “halal yolla edib”. 

O, İncəsənət Universitetinə qəbul olunmaq istəyirdi, amma atası razı olmayıb. İndi isə stilistdir, sənətini sevir, halbuki bu işdə də o, bir çox maneədən keçməli olub. 

“Artıq özümü bildirəndən sonra işləməyə çətinlik çəkirdim, çox az insan… məndən nəsə uman insanlar məni işə götürürdü… seksual olaraq, yəni yataq istəyirdilər. İşləyirdim, bir müddət işlədirdilər, sonra da deyirdilər “gəl, mənimlə yat””, – Loren həmin dövrü xatırlayır .  

Lorenin sözlərinə görə, gözəllik salonu LGBT+ fərdlərin özünə iş tapa bildiyi çox az yerlərdən biridir. Amma bu sahədə də hər yerdə olduğu kimi, onlar ayrı-seçkilik və təzyiqlə üzləşə bilirlər. 

O danışır ki, indiyə qədər iki salon dəyişib: 

“Transgender olduğuma görə hətta bir salonumu bağlayıblar. Dedilər ki, siz transgender insanlarsız, problemli insanlarsız, problem yaradırsız. Məlumat ötürülmüşdü həmin ərazinin sahə müvəkkilinə, o da gəldi və mənə problem yaratmağa başladı”.

Lorenin kirayə etdiyi məkanın sahibi də təhdid olunub: 

“Ona dedilər ki, oğlun polisdi, bunanı bağlamasan, oğlun işdən çıxarılacaq, mən də çıxdım oradan”. 

Bu işlə bağlı hazırda istintaq davam edir. 

“Bir müddət sonra başqa bir salonda işçi kimi başladım, onda da izlənirdim. Mən işdən çıxana kimi salonun qarşısında dayanırdılar, işdən çıxandan sonra çıxıb gedirdilər. Mən evdən çıxıb işə gedirdim, işdən çıxana kimi, işdən çıxandan sonra çıxıb gedirdilər, o qədər ki, artıq orada da mənə problem yaratdılar, çıxardılar”, – Loren danışır. 

O,  bir daha taleyini sınayır və daha bir salona iş üçün müraciət edir. 

“Müraciət edəndə müdirimə heç nə deməmişdim, amma deyəndə “olsun, sənin kimliyin, oriyentasiyan mənə maraqlı deyil, sənin sənətin insanlığın önəmlidi” dedi. Pul qazanmağımın, öz ayağımın üstündə durmağımın bir köməkçisi də elə mənim müdirimdi. Mənə çox şeydə dəstək olurlar, insan kimi, işçi kimi”, – Loren deyir. 

Burada həm işçilərdən, həm müştərilərdən yaxşı münasibət gördüyünü deyir. Amma yenə də hamı ilə açıq ola bilmədiyini vurğulayır: 

“Çünki insanları tanımaq olmur, bizim kimi insanlara çox vaxt mənfi yöndən yanaşırlar. Düşünmürlər ki, bu insan işləyir, halal pulunu qazanmağa çalışır”. 

Mediaşəbəkə”nin dəstəyi ilə

Ana səhifəVideoAzərbaycanda transgender qadının uğur hekayəsi