Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq

Sahil Babayev deyib ki, daha sonra minimum pensiyaların artırılması məsələsi diqqət mərkəzində olacaq

“2023-cü ildə tələbə təqaüdləri orta hesabla 20 faiz artırılacaq”.


Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.


Nazir parlamentin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında 2023-cü ilin büdcə müzakirələri zaman bildirib ki, daha sonra minimum pensiyaların artırılması məsələsi diqqət mərkəzində olacaq.


Sahil Babayev çıxışı zamanı həmçinin deyib ki, 21 min müharibə əlili məşğulluq proqramlarına cəlb olunub. Bildirib ki, müharibədə iştirak edən əlilliyi olan dörd min şəxs mənzillə təmin olunub:


“Müharibə əlillərinə, şəhid ailələrinə, müharibə iştirakçılarına dəstək verilir. Bununla bağlı 2019-cu ildəki məbləğ təxminən 40 faiz artırıldı və indiki məbləğə bərabər oldu. Hazırda bizdə 170 minin üzərində müharibə veteranı var. Onlar üçün çoxsaylı müxtəlif proqramlar etmişik və bunun da davamı gələcək”.


Dövlət hesabına və ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinin əyani formada təhsil alan tələbələrinə təqaüd onların ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) görə verilir.


Hər növbəti semestrdə tələbənin təqaüd alması, yaxud alacağı təqaüdün miqdarı onun əvvəlki semestr imtahanlarının nəticələrinə əsaslanır.
Ödənişsiz əsaslarla təhsil alan tələbə kimi ödənişli təhsil alan tələbə də təqaüd ala bilər, ancaq bu o tələbənin imtahan nəticələrinə bağlıdır.


Verilən təqaüd sayı dövlət sifarişi ilə (ödənişsiz) təhsil alan tələbələrin sayına əsasən müəyyənləşir.


Məsələn, bir kurs üzrə qəbul olunan 75 tələbənin 54-ü ödənişsiz əsaslarla təhsil alır. Bu, o deməkdir ki, ümumi olaraq 54 tələbənin təqaüd alma şansı var. Hər semestr imtahanlarına həmin 75 tələbə arasında ÜOMG balı ən yüksək olan 54 tələbə təqaüd almaq imkanı əldə edir. Nəticəsi digərlərindən yüksək olacağı təqdirdə ödənişli əsaslarla təhsil alan tələbə də təqaüdə düşə bilər.
ÜOMG – bir semestr ərzində keçirilən bütün fənlər üzrə tələbənin topladığı balların ümumi ortalamasıdır.


Prezident İlham Əliyevin 2021-ci il dekabrın 21-də imzaladığı “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncama əsasən, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında tələbələrə verilən təqaüdün məbləği 170 manatdan 204 manatadək artırılıb.


Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.

Ana səhifəXəbərlərAzərbaycanda tələbələrin təqaüdləri artırılacaq