Qripin qarşısını almaq üçün çoxlu maye qəbul etmək lazımdır. Bu sözləri AzNews.az-a açıqlamasında insanlar arasında yayılan qrip xəstəliyinin mövcud vəziyyəti və qarşısını alma yolları barədə danışan həkim-terapevt Nahid Məhərrəmov deyib.
“İnsanları maarifləndirmək lazımdır ki, daha çox maye qəbul edib soyuqdan qorunsunlar. Virus olan yerlərdə maskalardan, yəni ağız qoruyucularından istifadə edilməlidir. İnsanlar adətən qapalı yerlərdən uzaq olmalıdır. Tez-tez otaqlarının havasını dəyişməlidirlər. Əsasən də idman etmək lazımdır. Əgər temperatur yüksək olursa, o zaman həkimə müraciət etmək lazımdır. Adətən virusa yoluxa biləcək bir insanın temperatoru 37 dərəcədən yuxarı olur, hətta 39 dərəcəyə qədər yüksəlir. Amma temperatur 38, 5 dərəcə olduğu zaman onu sala biləcək dərmanlardan istifadə olunmalıdır. Ondan sonra ən azı 3-4 gün gözləmək lazımdır. Əgər bu müddət ərzində tənəffüs yollarında iltihab prosesi gedirsə və ya bronxit varsa bakterial mənşəli müalicə aparılır. Həmin müalicədən sonra insan əvvəlki vəziyyətinə qayıdaraq özünü daha yaxşı hiss edir. Amma istənilən halda insanları maarifləndirmək lazımdır ki, gün ərzində 3-4 litrə qədər isti maye qəbul etsinlər. Bu hər kəsə məsləhət olunmalıdır”.
Həkim-terapevt qeyd edib ki, bu cür qrip virusuna yoluxan zaman insanlar evdən çölə çıxmamalıdır: “Daha çox vitamin “C” tərkibli meyvələrdən daha çox istifadə olunmalıdır. Məsələn, portağal, limon və s bu tip meyvələr yeyilməlidir. Əlbəttə ki, təzyiqi aşağı olan insanlara bu məsləhət olunmur. Qrip olmuş şəxs mütləq maska taxmalıdır. Çünki virus birbaşa ağız yolu ilə havadan yoluxur. Əgər virus olduğu təsdiqlənibsə, temperaturu yüksəkdirsə istənilən halda həmin şəxs soyuq hava kütləsinə çıxmamalıdır. Amma otağın havasını dəyişə bilər. Qapalı şəraitdə havanı tez-tez dəyişmək lazımdır ki, həmin yerdə ola biləcək virus çölə çıxsın. Amma xəstə olan insanın ictimai nəqliyyatdan istifadə etməməsi məsləhət görülür. Ən azından 3-4 gün evdə olmalıdır. Çünki adətən o, insanlara yataq rejimi seçilir. Problemlər səngiyirsə, xəstə əvvəlki vəziyyətinə qayıdıb sağalırsa o zaman işinə davam edə bilər”.