Sekulyarlıq, siyasi islam və sosial ədalətsizlik üçbucağında çabalayan Yaxın Şərq nümunəsi get-gedə Azərbaycan üçün də bir örnəyə çevrilir
Azərbaycan siyasətində marginallaşma prosesi indi diqqəti daha çox cəlb edir. İqtidar cəmiyyəti diz çökdürə bildi. Nə demokratik müxalifət, nə vətəndaş cəmiyyəti institutları, nə də ki mətbuat proseslərə önəmli təsir etmək imkanında deyil. Görünən budur ki, demokratik mübarizə, məxməri və rəngli inqilablar sezonu başa çatır. Dəyişən dünyada Azərbaycan dəyişmir. Lakin insanlar cansıxıcı, yekcins müstəvidən təngə gəlməyə başlayırlar. Bu isə alternativ axtarışı ilə sonuclanır. Şərqi Avropa, MDB məkanı, Yaxın Şərqdəki proseslər dönə-dönə təhlil edilir və siyasi labirintdə olduğumuz bir daha üzə çıxır. Hələ ki, baş verənlər fonunda Misirin devrilmiş prezidenti Mursi və “Müsəlman qardaşlığı” modeli daha qabarıq özünü büruzə verir.
Sekulyarlıq, siyasi islam və sosial ədalətsizlik üçbucağında çabalayan Yaxın Şərq nümunəsi get-gedə Azərbaycan üçün də bir örnəyə çevrilir.
“Daha çox demokratiya” şüarını, “daha çox islam və ancaq islam”çağırışının əvəzləyə biləcəyi də istisna edilmir. Münasibətimizdən asılı olmayaraq, “Müsəlman qardaşlığı” və bu kimi qurumlar alternativ paradiqma kimi özünü təqdim edir və bu amil onu cəlbedici edir.
Mötədilliyin sonu gəlir və radikallıq siyasi vektorda həlledici amilə çevrilir. Hakimiyyət ölkədə mötədillilklə bağlı olan hər nəsnəni darmadağın edə bildi. Bu baxımdan, müxalifətin “demokratik seçki” şüarı geniş təbəqə üçün cəlbedici deyil. Yüz minlərlə insan demokratik dəyişiklik perspektivinə artıq inanmırlar. Bundan istifadə edən hakimiyyət demokratik dəyişikliklər çağırışlarını boğa bilir və bununla da ölkəni artıq qoxusu hiss edilən xaosun girdabına sürükləyir. Yaxın Şərqdə də belə olmuşdu, demokratiya çağırışları boğulmuşdu və meydana “şəhadət iftixarımızdır” şüarı səsləndirən islamçılar çıxıb diktatorları devirmişdilər.
Belə getsə, Azərbaycanda da əsas şüar kimi “Allahu Əkbər” çağırışlarının səslənə biləcəyini artıq çoxu ehtimal edir. “Allahu Əkbər” şüarına qarşı mübarizənin səmərəsizliyi Yaxın Şərqdə bir daha sübuta yetirildi.
Ən maraqlı məqam ondan ibarətdir ki, ölkənin tanınmış ruhaniləri artıq hakimiyyətin təsir agentləri kimi qəbul edilirlər. Bu amil marginal dini qrupların meydana çıxa biləcəyi ehtimalını artırır.
Ölkədə dini problemlər kimi son dərəcə həssas olan məsələyə hakimiyyətin qadağalar yolu ilə yanaşması da radikallaşmaya yol açır. Marginal qrupların özünü təsdiq cəhdləri, bütövlükdə Azərbaycan cəmiyyətində olduğu kimi dini çevrələrdə də təkfirçilik və inkarçılığın əsas meyar kimi dəyərləndirilməsi gələcək təlatümlərdən xəbər verir. Cəmiyyətdə məhduyyətlər o dərəcədə artıb ki, artıq hamını və hər şeyi inkar etməkdən, hamıda düşmən görməkdən başqa yol qalmayıb. Belə qruplar azsaylı olduqda isə onların marginallığı artır. Əgər problemlər mövcuddursa və meydan boşdursa, özünü təsdiq üçün şərait yaranır, lakin bunu realizə etməyə resurslar kifayət etmədiyindən, radikal aksiyalarla diqqəti cəlb etmək lazım gəlir. Digər tərəfdən, ”Allahu Əkbər” şüarı hakimiyyəti təşvişə salır və islamçılar belə çağırışlarla meydanlara axışsalar, Quba və İsmayıllıda olduğu kimi “belə şüarlar səslənsə, atəş açmaq barədə fikirləşmək lazımdır” müzakirəsi yenidən aktuallaşa bilər. Açılan atəşlər isə artıq xaosun gəlişinin xəbərçisi sayıla biləcək.
Onu da nəzərə alaq ki, parlament seçkiləri yaxınlaşdıqca, etiraz aksiyalarının genişlənə biləcəyi və bu zaman “Azadlıq” və “Allahu Əkbər” şüarlarının eyni vaxtda səslənə biləcəyinin qarşısını almaq üçün iqtidar inanclı elektoratı indidən parçalamaq istəyir.
Bir sözlə, Təhrir meydanında olduğu kimi, Bakıda da bənzər proseslər yaşana bilər. Azərbaycan buna hazırdırmı? Hakimiyyət “şəhadət iftixarımızdır” deyib, ailələrini və özlərini həvəslə ölümə atanları “mandat alveri” ilə susdura biləcəkmi? Suallar açıq qalır. Dağıdılmış siyasi müstəvi isə xarabalıq effekti yaradır. Siyasətdə marginallıq və radikallıq əsas elementə çevrilir. Bu fonda Qərb Azərbaycandan üz çevirir və Bakının əsas müttəfiqi kimi Rusiya meydana çıxır…