Azərbaycanda siyasi məhbusların sayı 331 nəfərə çatdı

Source: Meydan TV

Hüquq müdafiəçiləri daha 17 məhbusu siyahıya salıblar

“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi siyasi məhbusların yeni siyahısını dərc edib.

Siyahıya görə, 2024-cü il sentyabrın 23-dən dekabrın 12-dək Azərbaycanda siyasi məhbusların sayı 17 nəfər artaraq 331 nəfərə çatıb.

Sentyabrın 23-də 319 nəfərin adı siyahıya daxil edilib. İndiyədək onlardan 5 nəfəri həbsdən azadlığa buraxılıb, daha 17 nəfər həbs edilib.

Yeni həbs edilənlərin əksəriyyəti Meydan TV-nin əməkdaşları, digər media işçiləri, hüquq müdafiəçisi Rüfət Səfərov, politoloq Azər Qasımlı və inanclılardır.

“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyinin məlumatında deyilir ki, siyahıya 12 dekabr tarixinədək haqqında etibarlı məlumat toplamaq mümkün olan siyasi səbəblərə görə həbs edilmiş və məhkum edilmiş bütün şəxslər daxildir.

“Siyasi məhbusların siyahısı mütəmadi olaraq yeni həbslər və məhkumluqlarla yenilənəcək. Rejim repressiyaları davam etdirir”, – məlumatda qeyd edilir.

Yeni siyahı 11 qrupdan ibarətdir və 331 nəfəri əhatə edir:

  • jurnalistlər və blogerlər – 25 nəfər;
  • hüquq müdafiəçiləri – 4 nəfər;
  • müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 30 nəfər;
  • milli azlıqların fəalları – 3 nəfər;
  • müharibə əleyhinə fəallar – 2 nəfər;
  • Söyüdlü kəndində iş – 2 nəfər;
  • Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər – 5 nəfər;
  • dindarlar – 233 nəfər;
  • Tərtər işi üzrə məhkumlar – 4 nəfər;
  • Gəncə işi üzrə məhkumlar – 12 nəfər;
  • ömürlük həbs cəzası – 11 nəfər.

Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb.

Müəlliflər bildirirlər ki, siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2012-ci ilin oktyabrında keçirilən sessiyasında qəbul edilmiş 1900 nömrəli müvafiq qətnamədə müəyyən edilmiş “siyasi məhbus” anlayışının müəyyənləşdirilməsi meyarlarına əsasən tərtib edilib.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Cəbrayılzadə (Deko), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

Vəkillər Xətai Rayon Məhkəməsinin jurnalistlər haqqında çıxardığı həbs qərarlarından apelyasiya şikayəti verib.

Meydan TV rəhbərliyi bəyanat yayaraq qeyd edib ki, polis tərəfindən səslənən ittihamlar əsassızdır və jurnalistlərin saxlanması qanunsuz, eyni zamanda müstəqil mediaya qarşı repressiyadır.

2023-cü ilin noyabrından Azərbaycanda onlarla jurnalist “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.

Meydan TV zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib. 2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub. Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub.

Ana səhifəSiyasətAzərbaycanda siyasi məhbusların sayı 331 nəfərə çatdı