Azərbaycanda siyasi islahatların zəruriliyi barədə…

Əgər ölkədə real siyasi islahatlara, tədrici də olsa demokratikləşməyə start verilərsə, bu islahatlara qərar verən iradə adını tarixə yazdıracaq.

Source: Meydan TV

Dinamizm hər zaman yaxşıdır. Belə görünür ki, ölkəmizdə durğunluq dövrü (siyasi mənada) arxada qalmaqdadır. Struktur islahatları, kompakt hökumətin yaradılmasına yönəlmiş siyasət doğrudur, dəstəklənməlidir və davam etdirilməlidir. Amma siyasi islahatlar, demokratikləşmə həmləsi olmadan heç nə alınmayacaq…

İlk növbədə parlament seçkilərinə az müddət qaldığı üçün təcili şəkildə seçki islahatları aparılmasına ehtiyac var. Konstitusiyanın 1-ci bölməsinin 1-ci fəslinin 1-ci maddəsinin 1-ci bəndində əksini tapmış – "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır" – hökmünə və 2-ci maddənin 1-ci, 2-ci bəndlərinə uyğun addımlar atılaraq ölkəmizi bütün dünyada biabır edən, geri salan seçki saxtakarlığı praktikasından nəhayət ki, birdəfəlik imtina edilməli və Azərbaycanın müasir tarixində yeni, bəyaz bir səhifə açılmalıdır. Bunun üçün:

– Vətəndaşların etimad edəcəyi seçki administrasiyasının yaradılması (komissiyaların aşağıdan yuxarıya dəyişdirilməsi) həyati dərəcədə vacibdir;

– Siyasi partiya institutunun, siyasi mədəniyyətin inkişafı üçün proporsional seçki sisteminə keçid zəruridir;

– Qanunun tələblərinə cavab verən, lakin hələ də rəsmi qeydiyyatı olmayan partiyaların qeydiyyat problemi həll olunmalıdır;

– Seçkilərə qatılan bütün siyasi partiyalara dövlət büdcəsindən maliyyə ayrılmalı, sonrakı mərhələdə bu sahədə qanunvericilik təkmilləşdirilməlidir;

– Seçki qanunvericiliyindəki məhdudlaşdırıcı müddəalar çıxarılmalı və bütün iştirakçıların bərabər yarış imkanlarına malik olmasını təmin edən müvafiq müddəalar, cümlələr ora daxil edilməlidir;

– Qanuna uyğun olaraq istər açıq havada kütləvi aksiyalar, istərsə də qapalı məkanlarda kütləvi tədbirlər üçün normal yerlər ayrılmalıdır;

– Media azadlığı, plüralizm təmin edilməlidir. Zatən artıq ənənəvi medianı total nəzarətdə saxlamağın bir mənası qalmadı, o dövr bitdi. İndi ölkə gündəmi tamamilə sosial mediada müəyyən olunur və diktə edilir. Ona görə də mövzulara və şəxslərə tətbiq edilən anlamsız senzuraya və mərkəzləşdirilmiş media idarəetməsi praktikasına, PA-dan mediaya gündəlik olaraq tezislərin göndərilməsi və yuxarıdan mövzuların diktə edilməsi kimi gülünc hallara son qoyulmalıdır;

– Bütün siyasi məhbuslar azadlığa buraxılmalı, onların və keçmiş siyasi məhbusların vətəndaş hüquqlarını məhdudlaşdıran qərarlar (əgər varsa) ləğv olunmalıdır. İşgəncələrdə rolu və iştirakı olan şəxslər hüquq-mühafizə orqanlarından kənarlaşdırılaraq məsuliyyətə cəlb edilməlidir;

– QHT qanunvericiliyinə yenidən baxılmalı və vətəndaş cəmiyyətinin inkişafını əngəlləyən müddəalar oradan çıxarılmalıdır…

Sonrakı mərhələdə Konstitusiya və məhkəmə islahatlarının keçirilməsi üçün müstəqil və müxalif hüquqşünaslar da cəlb olunmaqla, dövlət komissiyası yaradılmalı, onların hazırlayacağı təkliflər və layihələr geniş ictimai müzakirəyə təqdim olunmalı və Konstitusiya dəyişikliyi tələb edən məsələlər referenduma çıxarılmalıdır.

Bütün bunları gerçəkləşdirmək üçün gerçək iqtidar-müxalifət dialoqu başlanmalı, real müxalifətin tanınıb, siyasi sistemə daxil edilməsi təmin olunmalıdır.

Ölkədə qarşılıqlı nifrət ortamını aradan qaldırmaq, milli barışı təmin etmək, siyasi münasibətləri, dövlət-vətəndaş münasibətlərini normal, qanuni, konstitusion məcraya keçirmək, vətəndaşın öz dövlətinə inamsızlığını, küskünlüyünü aradan qaldırmaq üçün Azərbaycanda siyasi islahatlar qaçılmazdır və günün tələbidir.

Əgər ölkədə real siyasi islahatlara, tədrici də olsa demokratikləşməyə start verilərsə, bu islahatlara qərar verən iradə (prezident və ya vitse-prezident, yaxud ikisi birlikdə) ciddi ictimai dəstək alacaq və adını tarixə yazdıracaq. Əks halda, yenə ölkə zərər çəkəcək, hamımız – hakimiyyət də, müxalifət də, bütövlükdə xalq da itirəcək və qısa müddət sonra bu islahatların zəruriliyi yenidən bütün kəskinliyi ilə gündəmə gələcək. Onsuz da xeyli gecikmişik və vaxt itirmişik. Azərbaycanda real islahatların, demokratik dəyişikliklərin alternativi yoxdur.

P.S. Şübhəsiz ki, qeyd etmədiyim, unutduğum məqamlar da var. Bu mövzuda diskussiyanın, siyasi qüvvələr arasında məsləhətləşmələrin başlanmasına ehtiyac olduğu ortadadır.

Ana səhifəXəbərlərAzərbaycanda siyasi islahatların zəruriliyi barədə…