Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi daha 2 həftə uzadıldı

“Eyni zamanda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır”.

Foto: Meydan TV


Karantin rejimi 31 avqusta qədər davam edəcək

Azərbaycanda karantin rejimi 31 avqusta qədər uzadıldı. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 17-də məlumat yayıb.

Operativ qərargah bildirib ki, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyuldan etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Ancaq xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 20 iyuldan masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verildiyi qeyd olunur:

“Eyni zamanda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır”.

Azərbaycanda martın 28-də koronavirus (COVİD 19) pandemiyası səbəbindən xüsusi karantin rejimi gücləndirilib və 5 apreldə sərt karantin rejimi tətbiq olunub.

Aprelin 27-də isə karantin rejimi qismən yumşaldılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah 18 may tarixində isə karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verib. Həmin gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk etmək sistemi ləğv olunub.

Baş naziri Əli Əsədov 21 iyun-5 iyul tarixlərində “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 208 nömrəli Qərarında dəyişiklik edib.

İyulun 2-dən Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılan xüsusi polis postları ləğv edilsə də, bütün qapalı məkanlarda vətəndaşların karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndirildi.

Ana səhifəSosialAzərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi daha 2 həftə uzadıldı