”Azərbaycanda sərhədi keçəni turist kimi qeydiyyata alırlar”

Natiq Cəfərli: ”Hökumət rəsmi turist sayını öz standrtlarına görə verir”

Source:
foto sosial şəbəkə


Natiq Cəfərli: ”Hökumət rəsmi turist sayını öz standrtlarına görə verir”

2016-cı ildə səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) birbaşa təsiri 2 milyard 285,3 milyon manat (2016-cı ildəki AZN/USD orta məzənnəsi ilə 1 milyard 437,3 milyon dollar), yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1 faizi qədər olub.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinə istinadən Ümumdünya Turizm və Səyahət Şurasının (World Travel & Tourism Council, WTTC) mart hesabatında məlumat verilib.

 Qurumun gözləntilərinə görə, 2017-ci ildə bu sənayenin ÜDM-ə birbaşa təsiri güclənəcək və 7 %, yaxud 2 milyard 446,4 milyon manat olacaq, 2017-2027-ci illər ərzində isə 6,5 % daha artaraq 4 milyard 581,9 milyon (2 milyard 881,7 milyon dollar) və yaxud ÜDM-in 5,9 % -i göstəricisinə çatacaq.

Hesabatda deyilir ki, bu rəqəmlər hər şeydən əvvəl hotellər, mehmanxanalar, turizm agentlikləri, aviaşirkətlər, həmçinin sərnişindaşıma xidmətləri göstərən digər bu tipli bazar iştirakçılarının iqtisadi fəaliyyətini əks etdirir.

WTTC təşkilatının hesabatında yer alan məlumatlara əsasən, 2016-cı ildə turizm və səyahət sektorunun (investisiya və digər parametrlərin daha geniş təsiri daxil olmaqla)  Azərbaycan ÜDM-nə tam təsiri 8 milyard 91,3 milyon manata (5 milyard 88,9 milyon dollar), yaxud VDM-in 14,6 % qədər olmuşdur. Gözlənildiyi kimi, bu göstərici 2017-ci ildə 6,6 % – 8 milyard 622,8 milyon manatadək artacaq və ÜDM-in 15,3 faizinə çatacaq. Bununla yanaşı, qurumun proqnozlarına görə, bu göstərici 2027-ci il üçün 6,3 % artaraq, 15 milyard 924,5 milyon manat (10 milyard 15,4 milyon dollar), yaxud ölkə ÜDM-nin 20,6 %-i qədər olacaq.

 Qurumda qeyd edirlər ki, turizm və səyahət sektorunun inkişafı ölkə əhalisinin məşğulluq səviyyəsinə müsbət təsir göstərir. Belə ki, 2016-cı ildə sektor birbaşa olaraq 171 min iş yeri təmin etmişdir ki, bu da əhalinin ümumi məşğulluq səviyyəsinin 3,7 %-i qədər olmuşdur. WTTC təşkilatının proqnozlarına görə, 2017-ci ildə bu göstərici 6 %, 2027-ci il üçün isə daha 3,5 %, başqa sözlə desək, 256 min iş yeri artacaq ki, bu da Azərbaycan əhalisinin ümumi məşğulluq səviyyəsinin 5,6 %-i qədər olacaq.

Ümumiyyətlə, turizm və səyahət sənayesinin məşğulluğa tam təsiri 2016-cı ildə 609 min iş yeri, yaxud əhalinin ümumi məşğulluğunun 13,2 faizi qədər təşkil edib. Qurumun ekspertləri proqnozlaşdırır ki, cari ildə sektor 642 min iş yerini (5,4 % səviyyəsində artım) təmin edəcək. Bununla yanaşı, 2027-ci ildə iş yerlərinin sayı 3,2 % – 883 min artacaq ki, bu da ölkə əhalisinin məşğulluq səviyyəsinin 13,9 %-i qədər olacaq.

Qurum ölkəyə turist axınının turizm sənayesinin ölkə iqtisadiyyatına birbaşa təsirinin aparıcı komponenti olduğunu vurğulayır.

foto World Travel & Tourism Council

WTTC təşkilatının məlumatlarına əsasən, 2016-cı ildə “Visitor Exports” (əcnəbi ziyarətçilərin məsrəfləri) göstəricisi 4 milyard 552,2 milyon manat (2 milyard 863 milyon dollar, yaxud 16,9 %) olub. “Visitor Exports” göstəricisi beynəlxalq turist məsrəfləri üzrədir və əcnəbilərin nəqliyyat və səfər turizminə aid istehlakını səciyyələndirən xərcləri daxil olmaqla, istər işgüzar, istərsə də şəxsi məqsədlərlə xərclədikləri vəsaiti əhatə edir.

WTTC təşkilatında gözləyirlər ki, 2017-ci ildə bu göstərici 8,1 % artacaq, ölkə isə 2 milyon 758 min nəfər xarici turisti qəbul edəcək. 2027-ci ilədək “Visitor Exports” göstəricisi daha 6,5 % artacaq. Belə ki, 10 ildən sonra artıq ölkəyə 4 milyon 254 min turist səfər edəcək ki, onlar da 9 milyard 205,3 milyon manat (5 milyard 769,5 milyon dollar) pul xərcləyəcəklər.

Hesabatda o da qeyd edilir ki, 2016-cı ildə Azərbaycanın turizm və səyahət sektoruna  479,5 milyon manat yatırım qoyulub. 2017-ci ildə isə kapital qoyuluşunun həcmi  6,2 %, qarşıdakı 10 ildə isə 4,9 % artaraq 825,1 milyon manata çatacaq.

Turizm və səyahət sektorunun milli investisiyaların ümumi həcmindəki payı 2017-ci ildəki 2,9 %-i ötərək 2027-ci ildə 3,3 %-ə çatacaq.

Ümumdünya Turizm və Səyahət Şurasını (World Travel & Tourism Council, WTTC) kifayət qədər nüfuzlu qurum hesab edən iqtisadçı Natiq Cəfərli Meydan TV-yə bildirib ki, bu tipli hesabatlar hazırlayan beynəlxalq təşkilatlar müxtəlif mənbələrlə də işləyirlər və bu, daha doğru yanaşmadır:

“Türkiyə ilə bağlı hesabatda istinad olunan rəqəmlər bir neçə mənbədən götürülüb. Azərbaycanda yeganə istinad mənbələri rəsmi qurumlardır – Dövlət Statistika Komitəsi və Mədəniyyət və Turizm Nazirliyi. Problem də istinaddadır. Məsələ ondadır ki, WTTC-nin turist tanıtımında bir ölkədə ən azı 24 saatdan çox qalmış və müxtəlif turizm obyektlərinin xidmətlərindən istifadə edən şəxsə turist adı verilir. Hətta tranzit keçən insanlar, yəni 24 saatdan az olanlar turist olaraq qəbul edilmir, bu, WTTC-nin meyarlarıdır. Azərbaycanda isə sərhədi keçən hər bir şəxsin turist kimi qeydiyyata alınması prosesini neçə illərdir müşahidə edirik və problem gündəmə gətirilsə də, reaksiya olmayıb. Məsələn, Rusiyada 100 minlərlə soydaşımız var, şimal ölkənin vətəndaşlarıdır, onlar ildə bir neçə dəfə müxtəlif səbəblərdən qohumlarının yanına gəlirlər, hər zaman da sərhədi keçərkən turizm kimi qeydiyyata düşür. WTTC də rəsmi qurumların rəqəmlərini əsas götürür. Hökumət rəsmi turist sayını öz standrtlarına görə verir, WTTC-də həmin saya və günə görə turstlərin xərcləmələrini hesablayır. WTTC-nin indikatoruna görə, hər bir turist ən azı bir həftə ölkədə qalırsa, ortalama min dollara yaxın vəsiat xərcləyir. Amma Rusiyadan gələn soydaşımız qohum evinə, yaxud öz evinə gəlir, hotel tutmur, buna baxmayaraq, o, bir ay qalırsa, WTTC onu 4 min dollar xərcləmiş kimi hesablayır. Bu isə rəqəmlərin doğruluğuna şübhələrə yer verir. Bir daha deyirəm, alternativ hesablama institutları olmadığından, ancaq rəsmi məlumatlara görə WTTC-nin hesabatı reallıqla təzad yaradır.

Natiq Cəfərli

İqtisadçı hesabatda 2016-cı ildə əcnəbi ziyarətçilərin məsrəflərinin 4 milyard 552,2 milyon manat göstərilməsinə belə aydınlıq gətirdi:

“Yenə də məsələ Azərbaycan rəsmi qurumlarının məlumatına gəlib çıxır. Məsələn, Gürcüstandan 100 nəfər azərbaycanlı sərhədi keçib 2 ay burda qalıb, beynəlxalq standartlara uyğun olaraq 100 nəfərin xərci 8 min dollar götürülür. Bu, avtomatik olaraq WTTC-nin meyarlarına uyğun hesablanır. Təşkilata dəqiq məlumat verilmir ki, Gürcüstan azərbaycanlısı Azərbaycana gələndə öz qohumu evində qalır, hotelə getmir. WTTC ehtimal nəzəriyyəsinə əsasən hesablama aparır. Keçən il rəsmi məlumata əsasən, Rusiyadan 800 minə yaxın turistin gəldiyi qeyd olunub. WTTC hesab edir ki, onların  hərəsi 10 gün qalırsa, 1500 dollar xərcləyib. Amma reallıqda belə deyil, çünki onların hamısı rus deyil, çoxu azərbaycanlıdır ki, öz qohum evlərinə gəlir. Təbii ki, gələnlər pul xərcləyib, sadəcə, göstərilən səviyyədə deyil”.

2017-ci ildə, yaxud 2027-ci ildə turistlərin sayının artacağı barədə fikirlərə gəlincə, Natiq Cəfərli bildirib ki, son 2 ildə turizmdə müəyyən artım olub, bu il də artım mümkündür:

“Bu, hökumətin vizaların sadələşdirilməsi yönündə atdığı addımların təzahürüdür. Beynəlxalq təşkilat da bu artım tempinə əsaslanıb 2027-ci il barədə proqnoz verir. Ancaq Gürcüstanda beynəlxalq standartlara görə hesablanır və keçən il ilk dəfə 6 milyon turist qəbul etdilər. Gürcüstanda ortalama doluluq həddi 92 faizə qədər olub. Azərbaycanda böyük və gözəl hotellər var, amma say etibarıyla Gürcüstandan geri qalırıq. Məsələn, Azərbaycanda 15-20 hostel var, Gürcüstanda mindən çoxdur. Bu baxımdan beynəlxalq təşkilat onlardan da statistik məlumat alırlar. Türkiyəni götürək, ötən il Rusiya və Avropayla böhran yaşadılar, nəticədə hotellərin dolma oranı 47 faizə düşdü ki, bu, son 20 ildə ən aşağı göstəriciydi. Beləliklə, 2016-cı ildə Türkiyəyə gələn turistlərin sayı 2015-ci ilə nisbətən 9 milyon az olub. Azərbaycan tərəfi isə nə hotellərtin, nə hostellərin sayı, dolma səviyyəsi barədə dəqiq məlumat yaymırlar. Nəhayət, başqa bir məqam, hesabatda 2017-ci ildə 2 milyon 758 min nəfər xarici turistin qəbul olunacağı göstərilir, amma Azərbaycanda o qədər yataq yeri yoxdur. Bakıda isə 11 min yataq yeri var, bayram günlərini nəzərə almasaq, il ərzində ortalama 35-40 faizdən artıq olmur”.

Ana səhifəXəbərlər”Azərbaycanda sərhədi keçəni turist kimi qeydiyyata alırlar”