DSX: “Ölkəni tərk etmək istəyən 478 nəfərin qarşısı alınıb”
Dövlət sərhədini pоzmaqda günahlandırılan 38 nəfər saxlanıb.
Bu, təkcə 2022-ci ilin iyununda saxlananların sayıdır.
Məlumatı Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) yayıb.
Bildirir ki, saxlananlardan 18 nəfəri Azərbaycan, 5-i İran, 2-si Hindistan, 1-i Özbəkistan, 6-sı Mərakeş, 2-si Pakistan, 1-i Qazaxıstan və 3-ü Əfqanıstan vətəndaşları olub.
“Hesabat dövründə Azərbaycan hüquq-mühafizə orqanlarının axtarışında olan 216 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib”.
DSK əlavə edir ki, qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində saxtalaşdırılmış pasportla, Şengen vizaları və tarix möhürləri ilə dövlət sərhədini keçməyə cəhd göstərmiş 18 nəfər də saxlanılıb.
Eyni zamanda, sərhəd rеjim qaydalarını pozduqlarına görə 646 nəfər saxlanılaraq barələrində qanuna müvafiq tədbirlər görülüb: “Ölkədən çıxışı qadağan olan 478 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 19 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb. Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 79 kq 394 qram narkоtik vasitə, 9162 ədəd psixotrop həb aşkarlanaraq götürülüb, yabanı halda bitmiş 15 ton 498 kq (14508 ədəd) çətənə kolu müvafiq qurumların nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib”.
Sərhəd xidməti onu da qeyd edir ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 2 milyon 591 min 274 manat оlan qaçaqmal, о cümlədən tütün məmulatları, qızıl ziynət əşyaları, kosmetik vasitələr və spirtli içki saxlanılıb.