“Azərbaycanda sərbəst toplaşmaq azadlığı qeyri-rəsmi qadağan olunub”

Foto: Meydan TV

Ombudsman institutu formal xarakter daşıyır”

“Hakimiyyət aprel ayında da ənənəsinə sadiq qalaraq, ifadə və sərbəst toplaşmaq azadlığını boğmaqda davam edib”.

Bu fikir “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İctimai Birliyinin aprel ayına dair açıqlamasında yer alıb.

Bildirilir ki, təşkilat hökumətin Konstitusiyasının 49-cu və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddələrinin tələblərini pozub.

Səbəb kimi də AXCP-nin 4 aprel, ADR-in isə 12 aprel tarixlərindəki aksiyalarına icazə verilmədiyini göstərib: “Azərbaycanda sərbəst toplaşmaq hüququ son iki ildə qeyri-rəsmi olaraq qadağan olunub”.

Məlumatda qeyd olunub ki, regionlarda insan hüquq və azadlıqları daha bərbad vəziyyətdədir: “Hətta ictimai-siyasi fəaliyyətdən kənar, siyasi proseslərdə iştirak etməyən, sadə insanların işgəncələrə, repressiyalara, qeyri-insani rəftara məruz qalmaları da getdikcə artmaqdadır. Təəssüf ki, o kateqoriyaya aid insanların hüquqlarını müdafiə etməyə Mərkəzin resursları imkan vermir”.

Təşkilat Azərbaycanda Ombudsman institutunun formal xarakter daşıdığını iddia edir: “İnstitut insan hüquqlarına dair real mənzərəni əks etdirən hesabat yaymır. Milli Məclisin İnsan Hüquqları Komitəsi hüquqları pozulan, işgəncəyə, repressiyaya məruz qalan vətəndaşların müraciətlərinə cavab vermir, onların hüquqlarının bərpası istiqamətində heç bir təşəbbüs göstərmir”.

“Mərkəz milli qanunvericiliyin tələblərinə əsasən, daxili işlər və ədliyyə nazirliklərinin müvəqqəti saxlanma və cəzaçəkmə müəssisələrində işgəncə, repressiya hallarına dair monitorinqin keçirilməsini dəfələrlə xahiş etsə də, icazə verilməyib. Əksinə ədliyyə naziri, məhkəmə hüquq şurasının sədri Fikrət Məmmədov bir azda irəli gedərək, açıq məhkəmə proseslərində hüquq müdafiəçiləri, jurnalistlərin iştirakına əsassız olaraq hakimlər vasitəsilə maneələr yaratdırır”, – deyə açıqlamada bildirilib.

Azərbaycanda qanun pozuntularının, hüquqi nihilizmin davam etdiyini və hər gün daha da acınacaqlı vəziyyət aldığını vurğulayan mərkəz ötən ay siyasi məhbus Polad Aslanovun cəza çəkdiyi 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən ardıcıl təzyiqlərə məruz qaldığını əlavə edib:

“Eyni zamanda, “Tərtər qətliamı” kimi tanınan hadisə ilə bağlı yeni faktlar ortaya çıxıb. Bunları ictimailəşdirən media qurumlarına və ictimai şəxslərə qarşı isə təzyiqlər edilir. 2017-ci ildə Azərbaycan ordusunda hərbçilərin başına gətirilmiş amansız işgəncələrlə bağlı “Azerfreedom” İnternet Televiziyasında danışan zərərçəkmiş Nemət Məhərrəmov deyib ki, Baş Prokurorluğun idarə rəisi Kamal Qılıncovun da hərbçilərə işgəncə verənlərin yanında olub. O, bu çıxışından sonra hədələndiyini bildirir. Ona hədələrin (070) 643-20-11 nömrəli telefon nömrəsindən gəldiyini bildirir”.

“Baş Prokurorluğun idarə rəisi Kamal Qılıncovun adı 2020-ci ildə Tovuz rayonunda yandırılaraq xüsusi amansızlıqla qətlə yetirilmiş 10 yaşlı Nərmin Quliyevanın işində də keçir. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində şahidlər ifadələrində qeyd edirlər ki, Kamal Qılıncov onlara hədə-qorxu altında günahsız ittiham olunan, istintaq zamanı ağır işgəncələrə məruz qalan İlkin Süleymanova qarşı yalan ifadə vermələrini tələb edib”, – deyə açıqlamada vurğulanır.

Meydan TV-nin açıqlamada adıkeçən müvafiq dövlət orqanlarından münasibət almaq cəhdləri tutmayıb.

Azərbaycan hökuməti dəfələrlər sərbəst toplaşmaq, media azadlıqlarının olduğunu, insan hüquqlarına dair hər hansı pozuntular barədə açıqlamaları təkzib edib

Ana səhifəSiyasət“Azərbaycanda sərbəst toplaşmaq azadlığı qeyri-rəsmi qadağan olunub”