Azərbaycanda sentyabrın 15-də məktəblər açılır

Təhsil naziri məktəblərdə şagirdlərin hərarətlərinin gündəlik yoxlanması istiqamətində iş aparılacağını bildirib

Source: Specify Source


"Hansısa uşağın, valideynin qızdırması varsa, həmin uşağın məktəbə gəlməməsinin tərəfdarıyıq"

Sentyabrın 15-dən ibtidai siniflər dərsə başlayacaqlar. Bu il ibtidai siniflərdə 650 min şagird təhsil alacaq.

Bu açıqlamanı Təhsil naziri Emin Əmrullayev avqustun 27-də keçirdiyi brifinqdə səsləndirib.


“İbtidai siniflərə həftədə 2-3 dəfə dərs keçiriləcək”

Nazir məktəblərin müəyyən şərtlərlə fəaliyyətə başlayacağını əlavə edib:

“İbtidai siniflərə həftədə 2-3 dəfə dərs keçiriləcək”.

E.Əmrullayev məktəbəhazırlıq qruplarında 120 min şagirdin oktyabrın 1-dən dərslərə başlayacağını vurğulayıb:

“Məktəbəhazırlıq qruplarında uşaqlar həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb olunacaq”.

Nazir bildirib ki, məktəbəhazırlıq siniflərində şagird sayı nəzərə alınacaq.

O, sentyabrın 15-dən uşaq bağçalarının mərhələlərlə fəaliyyətə başlayacağını deyib:

“Uşaqların qidalanması və eyni otaqda yatması böyük yoluxma riski yaratdığına görə uşaq bağçalarının fəaliyyətinin yalnız “sarı” zonalarda bərpa olunacağı məqsədəuyğun hesab edilir”.


Oktyabrın 15-dən 10-11-ci siniflər məktəbə gedəcək

E.Əmrullayev qeyd olunan tarixdə yuxarı sinif şagirdlərinin onlayn tədrisə başlayacağını bildirib:

“Zamanla bu sinifdə təhsil alan şagirdlər üçün də ənənəvi təhsil bərpa olunacaq. Oktyabrın 1-dən etibarən 1-9 siniflər, oktyabrın 15-dən etibarən isə 10-11 sinif şagirdlərinin ənənəvi təhsilinin bərpası nəzərdə tutulur”.

O, ali məktəblərin sentyabrın 15-də distant qaydada fəaliyyətə başlayacağını qeyd edib.

E.Əmrullayev bildirib ki, oktyabr ayından 1-ci kursa qəbul olunmuş tələbələrin ənənəvi qaydada müəyyən universitet və ali məktəbləri ilə tanışlıq üçün gəlməsi planlaşdırılır:

“15 oktyabr tarixindən isə bu ali məktəblərdə bəzi ixtisaslar üzrə, məsələn, tibb, mühəndislik və s. əyani təhsil üzrə tədris başlayacaq. 2 noyabrdan bu məsələyə yenidən baxıla bilər”.


“Hər bir vətəndaş qaydalara riayət etməlidir ki, tədris ənənəvi formada davam etsin”

Nazirin sözlərinə görə, ümumtəhsil müəssisələrində 120 min müəllim və texniki işçi ilə bağlı vəziyyəti də nəzərə alınmalıdır:

“Həm məktəbin daxilində, həm də məktəbdən kənar hər bir müəllim, valideynin bu prosesə təsiri var. Ola bilər ki, hansısa marketdə, nəqliyyatda maska taxmamağın tədrisə təsiri başa düşülməsin. Ancaq hər bir vətəndaş qaydalara riayət etməlidir ki, tədris ənənəvi formada davam etsin”.

Təhsil naziri məktəblərdə şagirdlərin hərarətlərinin gündəlik yoxlanması istiqamətində iş aparılacağını bildirib:

“Virusun yayılmasının qarşısını almaq üçün xəstəliyin vaxtında aşkarlanması, aşkarlanmış halların təcrid edilməsi, təcrid olunmuş və təmasda olmuş insanların siyahısının müəyyən edilməsi vacibdir. Ona görə belə hal müəyyən edilərsə, valiydeynlərə, məktəb ictimaiyyətinə çatdırılmasında maraqlıyıq. Hansısa uşağın, valideynin qızdırması varsa, həmin uşağın məktəbə gəlməməsinin tərəfdarıyıq. Bununla bağlı xüsusi qaydalar da hazırlanır”.

Ana səhifəSosialAzərbaycanda sentyabrın 15-də məktəblər açılır