İqtisadçılar prezidentin müşavirədəki çıxışını Meydan TV-yə şərh etdilər
Prezident İlham Əliyev bazar günü – aprelin 13-də Nazirlər Kabinetinin müşavirəsini keçirib. Müşavirədə prezidentin 2014-cü ilin birinci rübündə iqtisadiyyatda artımlar barədəki fikirləri maraq doğurub. Dövlət başçısı bu ilin birinci rübündə Azərbaycanın dinamik inkişaf etdiyini xatırladaraq iqtisadiyyatın 2,5 faiz artdığını, ümumi daxili məhsulun səviyyəsinin yüksəldiyini, qeyri-neft sektorunun iqtisadiyyatdakı çəkisinin çoxaldığını söyləyib.
Rövşən Ağayev: “Hökumət rəqabət qabiliyyətli qeyri-neft sektoru yarada bilmədi”
Prezidentin söylədiklərini Meydan TV-yə şərh edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev hökumətin son 2 ildə neft hasilatının azalması səbəbindən qeyri-neft sektorunda rəqəmlərə üstünlük veridiyini xatırlatdı: “Hökumət tez-tez rəqəmlərə istinad etməklə yüksək artımın məhz qeyri-neft sektoru hesabına təmin olunduğunu təbliğ edir. Ancaq qeyri-neft sektorunda artımın nəyin hesabına baş verdiyini araşdıranda iqtisadiyyatımızın gələcəyi üçün vəziyyətin heç də yaxşı olmadığını görürük. Nədənsə hökumət qeyri-neft sektorundakı artımların daha çox tikinti hesabına baş veridiyini vurğulamır. Əslində, neft pulları hesabına aparılan tikinti və tikinti-təmir işləri sonda qeyri-neft sektorunda ÜDM-ın həcmini artırır. İkinci, 2,5 faiz artım böyük rəqəm deyil, halbuki, vaxt vardı hökumət ÜDM-ın 20-30 faiz artımını təbliğ edirdi. Problem ondadır ki, qeyri-neft sektorundakı artım da neft gəlirlərinin hesabına baş verir. Təhlükəli məqam neft hasilatının azalacağı təqdirdə gözlənilir, səbəb də hökumətin rəqabət qabiliyyətli qeyri-neft sektoru yarada bilməməsindədir”.
İqtisadçı bildırdi ki, onun üçün önəmli göstərici qeyri-neft sektorunun ixrac potensialının nə qədər olmasıdır. Azərbaycanın qeyri-neft sektoru xaricə rəqabət potensiallı məhsul sata bilirsə, deməli, öz işçisini də saxlayacaq. O zaman rəqabət qabiliyyətli qeyri-neft sektorunun 2-3 faizlik artımı da ümidvericidir. Amma bu gün qeyri-neft ixracının adambaşına həcmi orta inkişaf etmiş Şərqi Avropa ölkələrinin bəzilərindən 30, 40 dəfə geri qalır. Çox təəssüf ki, ümumi sənayemizin 92 faizi neftə bağlıdır. Bu onu göstərir ki, qeyri-neft sektorundakı artım neft gəlirlərinin hesabına olduğundan dayanaqlı deyil. Çünki neft hasilatı azalacağı təqdirdə bu inkişaf da dayanacaq.
“Qeyri-neft sektoru inhisarçıların təsiri altında olduğundan qapalıdır”
R.Ağayev prezidentin investisiya mühitinin yüksək səviyyədə olması barədə fikirlərini bölüşmür. Onun sözlərində görə, daxili investisiyaların xarici investisiyaları üstələməsini demək heç də öyünüləsi göstərici deyil. Əgər daxili investisiyalar özəl investisiyaların hesabına üstünlük qazansaydı, bunu inkişaf göstəricisi kimi təqdim etmək olardı. Amma daxili investisiyaların strukturunda özəl investisiyalar 25 faiz civarındadır, 75 faiz isə dövlət investisiyalarıdır və bunlar neftin hesabına formalaşıb. Sabah neft gəlirləri azalanda, bunlar ixtisara düşəcək. İkinci, normal inkişaf etmiş ölkələrdə xarici investisiyaların həcmi artdıqda, bunu inkişaf göstəricisi kimi təqdim edirlər. Azərbaycanda isə neft sektorunu kənara qoysaq, qeyri-neft sektoruna qoyulan xarici investiyaların payı 5-6 faiz civarındadır. Bu, onu göstərir ki, qeyri-neft sektoru inhisarçıların təsiri altında olduğundan qapalıdır. Halbuki, xarici investisiya təkcə maliyyə deyil, bunun ardınca ölkəyə texnologiya, bilik və bacarıq gəlir. Bu mənada Azərbaycanın ixrac potensialının olmamasını hökumətin xarici investorlarla işləməməsində axtarmaq lazımdır. Ötən əsrin 70-ci illərində Malazya, Sinqapur ona görə inkişaf etdi ki, xarici kapitalı ölkəyə buraxdı və bununla texnologiya, bilik, bacarıq əldə etdilər.
Samir Əliyev: “Azərbaycanda əmanət qoyuluşunun ÜDM-da payı 12-13 faizdir, inkişaf etmiş ölkələrdə bu rəqəm 50-60 faizdən çoxdur”
Prezidentin əhalinin banklardakı əmanətlərinin 20 faizdən çox artması barədə fikirlərinə gəlincə, “İqtisadi forum” jurnalının baş redaktoru Samir Əliyev son illərin statistikasında əmanətlərin tempində artımın olmasını söyləyərək əlavə etdi ki, artım tempi həm də kreditlərin həcmində olur. Çünki banklar əmanəti alıb kredit şəklində vətəndaşlara verəndə əmanətlərin payı ən böyük çəkiyə malik olur. İkinci məqam odur ki, əvvəlki 10-15 illə müqayisədə əhalinin banklara inamı var. Bir tərəfdən əmanətlərin sığortalanması fondunun işə düşməsi inamı artırırsa, başqa səbəb biznes sahəsində çox böyük risklərlə bağlıdır. Bu risklər ona gətirib çıxarır ki, kiçik və orta sahibkarlıq yaxşı inkişaf etmədiyindən insanlar əlllərindəki pulu banklara qoymaqla özlərini sığortalıylar. Ona görə də bankların sayının artması fonunda əmanətlərin artması müşahidə olunur. Bütün hallarda adambaşına düşən əmanətin 700 manat olması böyük rəqəm deyil.
Samir Əliyev bildirdi ki, Azərbaycanda əmanət qoyuluşunun ÜDM-da payı 12-13 faizdir, inkişaf etmiş ölkələrdə bu rəqəm 50-60 faizdən çoxdur.