Azərbaycanda Rəqabət Agentliyi yaradılır

Nazim Bəydəmirli: ”Məmur sahibkarlığı olanda rəqabətdən söhbət gedə bilməz”

Source:


Nazim Bəydəmirli: ”Məmur sahibkarlığı olanda rəqabətdən söhbət gedə bilməz”

“Azərbaycan Respublikasının Rəqabət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin fərman layihəsi hazırlanıb.


“APA-Economics”

saytının məlumatına əsasən, bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti”nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

Sənəddə qeyd edilib ki, ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.

Məsələ ilə bağlı iqtisadçı-alim Nazim Bəydəmirli qeyd edib ki, rəqabət mühiti dedikdə, de-yure Konstitusiyamızda qeyd olunmuş liberal bazar iqtisadiyyatı haqqında gözləntilər özünü doğrultmur. O, buna səbəb kimi məmur sahibkarlığını göstərib.

“Məmur sahibkarlığı olanda rəqabətdən söhbət gedə bilməz. Çünki biznes qeydiyyatı asanlaşdırılsa da, rəqabətli biznes aparmaq şərtləri ağır olaraq qalır”.

Ekspert müxtəlif lisenziyaların, icazələrin verilməsi, tenderlərdə şəffaflığın təmin olunması, dövlət əmlakının özəlləşdirilməsində bərabərhüquqlu iştirak, idxal ixrac əməliyyatlarının şəffaflığı və prosedurların maneəsiz həyata keçirilməsi, bank vəsaitlərinin əlçatanlılığı, biznes dözümlülüyü, iqtisadi mübahisələrin məhkəmələrdə ədalətli həlli, tikintiyə icazələrin alınmasında Azərbaycanın qonşularından çox geridə olmasını problem kimi göstərib.

“Ona görə institusional islahatlara ehtiyac yaranıb”.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

N.Bəydəmirli xatırladıb ki, illər öncə İqtisadiyyat Nazirliyinin tabeçiliyində olmuş Antiinhisar Departamentinin əsasında lisenziyaların və icazələrin də verilməsini o quruma həvalə etməklə Rəqabət Xidmətini təsis edib, prezidentə, yaxud parlamentə tabe olan quruma çevrilməsini təklif etmişdilər:

“Bir neçə il öncə prezident sərəncamı ilə lisenziyalar və icazələrin verilməsi qaydaları asanlaşdırılsa da, bunların alınmasında əsas şərt olan müvafiq icra hakimiyyətlərinin rəyləri hələ də məmur sahibkarlığının dominant mövqeyini qorumağa xidmət edir. Eyni zamanda bu hal hələ də nazirlik və komitələrin büdcədənkənar pullu xidmət göstərməsini (faktiki biznes fəaliyyətini) stimullaşdırır. Bu baxımdan lisenziyalar və icazələrin verilməsi prosedurları tam olaraq Rəqabət Agentliyinə verilməlidir”.

Onun fikrincə, eyni zamanda, bu quruma biznes ombudsmanı səlahiyyətləri verilsə, müsbət addım olardı.

“Gürcüstandan başlamış ABŞ-a qədər rəqabət mühitin şəffaflaşdırılması üçün belə bənzər funksiya və səlahiyyətləri olan qurumlar mövcuddur. Belə qurum adətən, parlamentə və prezidentə tabe olur. Mən agentliyin yaradılması haqda xəbəri müsbət qarşılayır və səlahiyyətlərinin tam olacağına, rəhbərliyə tərəfsiz bir şəxsin təyin olunacağına ümid edirəm. Biznes ombudsmanı funksiyasını da özündə cəmləşdirəcəksə onun heç bir oliqarx məmura, qruplara bağlı olmayacağına inanmaq istərdim”.

Ana səhifəXəbərlərAzərbaycanda Rəqabət Agentliyi yaradılır