Azərbaycanda qız zorlamaq niyə asandır?

Ən çox qorxuğum insanlar valideynlərim olacaqdı.

Source:
Günel Mövlud (illüstrasiya)
Günel Mövlud (illüstrasiya)

5-ci sinifdə oxuyanda bir dəfə məktəbdən evə əsas, şosse yolla deyil, kəndin bağ sahələrinin qarşısı ilə gəldim. Kitab oxuyan, təbiətdən, onun gözəlliyindən zövq almağın mümkünlüyünü öyrənən uşaq idim, qır iyi verən şosse yolla yox, iydə, ot qoxulu, agaclı, kollu, gül-çiçəkli bağların arası ilə gəldim evimizə. Düzdür, gözəllikdən nə qədər zövq alsam da, bağlarda özümdən başqa bir nəfərə də rast gəlmədim. Halbuki, fəslin nə qaynar, nə soyuq vaxtıydı, ilıq hava adamın bədənə məlhəm kimi axırdı.

Evə çatanda anam niyə gec gəldiyimi soruşdu. Dedim ki, bağ yolu ilə gəlmişəm. Anam xalça toxuyurdu. “Bağlar” sözünü eşidəndə elə bil onu ilan vurdu. Xalçanın arxasından bir göz qırpımında sıçrayıb, üstümə şığıdı.

Həmin gün məni o ki var çırpdılar. Evdə məndən böyük kim vardısa, ən azı bir yumruq ilişdirməyi özünə borc bildi. Səbəb bu idi ki, kimsəsiz bağdan keçən tək qızı zorlaya bilərdilər. Mənim 11 yaşım vardı. Zorlama nədir, necə olur, niyə olur, belə bir təhlükə varsa, mən buna görə niyə döyülürəm, başa düşə bilmirdim. Amma həmin gündən sonra içimdə bir qorxu, bir dəhşət qaldı.

Əvvəla, mən bütün uşaqlığım, yeniyetməliyim boyu zorlanmaqdan qorxdum. İkincisi, zorlanmaqdan daha çox məni dəhşətə gətirən bundan sonra valideynlərimin mənə nə edə biləcəkləri idi.

Əgər həmin hadisədən sonra ya zəlzələdən, ya vəlvələdən məni zorlasaydılar, ən çox  qorxuğum insanlar valideynlərim olacaqdı. Onların məni döyə, hətta öldürəcəklərindən qorxacaqdım. Qorxacaqdım və ya özüm gedib intihar edəcəkdim, ya da can şirin gəlsəydi, illərlə susacaqdım. İşdi, əgər hələ məni zorlamaqlarını videoya çəkmiş olsaydılar, o görüntülər gizli qalsın deyə, nə istəsələr, edəcəkdim. Çünki ən böyük dəhşətim zorlanmaq, onlarla adamla əlaqəyə məcbur edilmək deyil, öz ailəmin reaksiyası idi. Ən böyük qəddarlığı onlardan gözləyirdim.

Xatırladığım hadisə real olsa da, mənim valideynlərim bu məsələdə əslində bir simvoldurlar. Ölkəmizdəki orta statistik ata-anaların simvolu. Bu ata-analar üçün vacib olan qızlarının əsəbləri, hüquqları, sağlamlığı deyil, namusudur. Onun canı çıxmalıdır, o namusu qorumaldır. Qoruya bilməyibsə, özüdür günahkar.

Beyləqanda şantaj edilib, onlarla adamla cinsi əlaqəyə məcbur edilən qızı necə də gözəl anlayıram. O qızdan bu ölkədə, bilirsiniz nə qədərdir? Onlar zorlanırlar, amma susurlar. Təcavüzkarların cəza alması deyil onların istədikləri, zorlamanın gizlin qalmasıdır. Onlar zorlayanı bağışlamağa, bəzən ona ərə getməyə, təcavüz edən birinin həyat yoldaşı olmağa razılıq verirlər. Çünki zorlama qurbanları üçün bundan da betəri var. Rüsvayçılıq, qovulma, döyülmə, öldürülmə.

Heç kimin vecinə deyil ki, sən qurbansan. Heç kimin vecinə deyil ki, sən həmin an nələr yaşamısan. Heç kimin vecinə deyil ki, bu yara səndə hansı izlər buraxıb. Hamının bircə tələbi var: ya öl, ya da bu ləkəni üstündən təmizlə! Təcavüz edənə ərə get, səni zorlayan bir adamla ömür boyu yaşa, nə edirsən, et! Bircə bu ləkəni təmizlə!

Bu məntiqin, bu mentalitetin nəticəsidir ki, ölkədə qadın zorlamaq belə asandır. Cəzasızlıq, qurbanın təcavüzkardan daha günahkar çıxarılması, zorlama qurbanının qorxusu, onu şantaj etmək imkanı böyük imkanlar açır bunu etmək istəyənlərin qarşısında. Qadın alverçilərinin şantaj bazarı işləyir bu mentalitetin üzərində. Harın, quduzlaşmış məmur balaları at oynadır bu mentalitet sayəsində.

Mən öz qızımı düşünürəm. Düşünürəm ki, 14-15 yaşlarında bir qızım var, onu kimsə zorlayıb. Ya təcrübəsizikdən, o, bir insanla əlaqədə olub. Bununla onu şantaj etmək istəyirlər. Nə edərdi mənim qızım? O, birinci mənim yanıma qaçardı. Dərdini mənə, atasına danışardı. Əmin olardı ki, anası, atası onu bağrına basacaq, saçını oxşayacaq, onu hamıdan qoruyacaq, ona kömək edəcək, onu incidənləri cəzalarını alsın deyə, əllərindən gələni edəcəklər. Uşaq hüquqlarını qoruyan təşkilatları, psixoloqları ayağa qaldıracaqlar. Ona təcavüz edənlər isə cəzalarını alacaqlar. Onun deyil, ona təcavüz edənlərin üstündə ömürlük ləkə qalacaq: Təcavüzkar!

Mənim qızım əsla intihar barədə düşünməzdi. Belə bir şey ağlına gələrsə, valideynlərinin necə faciə yaşayacağını düşünəcək, bizə bu ağrını yaşatmaq istəməyəcəkdi. Biz onu yaşadığı travmadan dəstəyimizlə, sevgimizlə xilas edəcəkdik.

İndi siz düşünün ki, bir ölkədə bütün valideynlərin öz qızlarına münasibəti belədir. Bütün ailələr zorlanan, incidilən qızlarına sahib çıxır, onun qayğısına qalır, ona dəstək olur, onun hüquqlarını qorumaq, təcavüzçünün cəzası verilsin deyə əlindən gələni edir. Belə valideynlərin ölkəsində təcavüzkar özünü rahat hiss edə bilərmi? Həbs, gənc vaxtından bütü gələcəyinin üstündən xətt çəkmək, ömürlük “təcavüzçü” ləkəsi daşımaq onu qorxutmazmı?

Yox, bu, o demək deyil ki, zorlanma halları tamam yoxa çıxacaq. Çıxmayacaq. Amma yüz dəfələrlə, min dəfələrlə azalacaq. Qurbanların taleyi daha asan olacaq. Təcavüzçülər daha sərt cəzalara məruz qalacaqlar.

Amma nə qədər ki, təcavüzkar deyil, qurban ləkəli sayılır, nə qədər ki, zorlayan deyil, zorlanan cəza alır, qızlarımız daha çox zorlanacaq, daha çox intihar edəcək, zorlayanlar isə daha yaxşı kef edəcəklər! Bu cəzasızlığa, bu ədalətsizliyə rəvac verənlərin başında isə valideyn reaksiyası dayanır!

Ana səhifəMənim FikrimcəAzərbaycanda qız zorlamaq niyə asandır?