”Azərbaycanda qadınların 24 faizi 15 yaşından sonra müxtəlif formada zorakılığa məruz qalır”

Q.İsakzai deyib ki, bu məsələyə ardıcıl və hərtərəfli yanaşmaq vacibdir

Source:
Qulam İsakzai foto APA
Qulam İsakzai foto APA


Q.İsakzai deyib ki, bu məsələyə ardıcıl və hərtərəfli yanaşmaq vacibdir

“Zorakılıq hallarına ən çox Abşeron yarımadası və Lənkəranda rast gəlinir”, – BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı sorğuya görə, Azərbaycanda qadınların 24 faizi 15 yaşından sonra müxtəlif formada zorakılığa məruz qalır.

APA yazır ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsinin açılış mərasimində deyib ki, vəziyyət regiondan-regiona dəyişir. Onun sözlərinə görə, zorakılığa məruz qalma hallarına ən çox Abşeron yarımadası və Lənkəranda rast gəlinir: “Statistik göstəricilər kifayət qədər ciddi narahatçılıqlar yaradır. Bu da işimizi davam etdirməyə təkan verir. Məcburi köçkün və qaçqınlar arasında zorakılıq halları daha yüksəkdir. Göstərici 26 faiz həcmindədir. Bu təbəqə bütövlükdə zorakılığa məruz qalıb və onların arasında gender əsaslı zorakılıq halı daha yüksəkdir”.

Q.İsakzai əlavə edib ki, bu məsələyə ardıcıl və hərtərəfli yanaşmaq vacibdir. Onun sözlərinə görə, yalnız insanları məlumatlandırmaq deyil, media, hüquq-mühafizə orqanlarının nümayəndələri, gənclər, siyasətçilərlə də işləmək lazımdır: “Onları maarifləndirmək, müvafiq qanunvericilik aktları qəbul etmək və lazımi səviyyədə həyata keçirilmək gərəkdir. Gender əsaslı zorakılıq insan hüquqlarının çox kobud şəkildə pozulması halıdır. Bu, tək Azərbaycan və ya daha az inkişaf etmiş ölkələrə aid olan fenomen deyil. Bütün dünyada, həmçinin inkişaf etmiş ölkələrdə də baş verir. Hər gün çoxsaylı qadınların hüquqları tapdanır, zorlama halları olur. Buna qarşı mübarizə aparmalıyıq. Azərbaycanda bu sahədə əsas çatışmazlıqlardan biri mövcud qanunvericiliyin kifayət qədər icra edilməməsi və günahkarların cəzasız qalmasıdır. Çoxtərəfli yanaşma, müxtəlif aidiyyatı orqanların bu problemə cəlb edilməsi məsələnin hərtərəfli həllinə kömək edə bilər”.

Ana səhifəXəbərlər”Azərbaycanda qadınların 24 faizi 15 yaşından sonra müxtəlif formada zorakılığa məruz qalır”