Azərbaycanda qadın şahmat məktəbi niyə məhv edildi? – Təhlil

Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində Azərbaycanın qadın şahmatçılarının adı yoxdur

Source:


Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində Azərbaycanın qadın şahmatçılarının adı yoxdur

Azərbaycanda böyük ənənələri olan şahmatın son illərdə ciddi böhran keçirdiyi göz önündədir. Xüsusilə qadın şahmat məktəbinin kəskin böhran keçirdiyi artıq sadə həqiqətdir.



Yerlərdə sürünən reytinq…

Hazırda Beynəlxalq Şahmat Federasiyasının (FİDE) reytinq cədvəlindəki göstəricilərə baxsaq, Azərbaycanın bir zaman görkəmli simaları və ciddi uğurları ilə öyünən qadın şahmat məktəbinin hazırda hansı vəziyyətdə olduğunu açıq görmək olar.

2016-cı ilin yanvar ayına dair FİDE-nin şəxsi hesabda qadınlar üzrə reytinq cədvəlində bir nəfər də azərbaycanlı qadın şahmatçı yoxdur.

Son reytinq siyahısnda ilk onluqda iki ukraynalı, bir rus, bir latviyalı və bir gürcü qadın şahmatçı yer alır.

İkinci onluqda isə 3 gürcü qadın şahmatçının adını görürük. İlk yüzlükdə ümumilikdə necə gürcü qadın şahmatçısının olduğunu hesablamağa isə iki əlin barmaqları azdır.

FİDE-nin şəxsi hesabda qadınlar üzrə builki ilk reytinq cədvəlinin ilk 100-lüyündə erməni qadın şahmatçıların adlarına da rast gəlmək olar. Belə ki, 41-ci yerdə – Elina Danelyan və 45-ci yerdə Lilit Mkrtçyan qərarlaşıblar.

Sözügedən siyahıda çox sayda gürcü, 2 erməni qadın şahmatçısının adı olduğu halda, azərbaycanlı qadın şahmatçıların reytinq cədvəlindən kənar qalması həm üzüntü doğurur, həm də çoxsaylı suallar yaradır.



Mükafatlar niyə verilir?

2015-ci ilin dekabrında ölkə başçısı Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə bir sıra şəxslərə Azərbaycan Respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi barədə sərəncam imzaladı. Sərəncamdan belə aydın olurdu ki, sözügedən fəxri adı alanlardan biri Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənovdur (o, həm də prezident təqaüdçüsüdür).

Hələ bu harasıdır? Faiq Həsənov ölkənin idman federasiyalarının yüksək rəhbərliyində vəzifə tutan yeganə şəxs, Azərbaycanın yığma komandalarının baş məşqçiləri arasında qadınlardan ibarət millinn baş məşqçisi Fikrət Südeyifzadə isə yeganə çalışdırıcıdır ki, prezident təqaüdünə layiq görülüblər. Yuxarıdakı statistik göstəricilərdən yola çıxaraq, soruşmamaq mümkün olmur: axı belə təltiflər hansı parametrlərlə həyata keçirilir? Bu qədər köklü ənənələri və tarixi nailiyyətləri olan Azərbaycan qadın şahmat məktəbi faktiki olaraq fiaskonun bir addımlığında ikən kimlərsə mükafatlandırılırsa, absurd vəziyyət yaranır: belə çıxır ki, bəziləri ölkədə qadın şahmatının məhv edilməsindəki xidmətlərinə görə mükafatlandırılıblar?!

Azərbaycanın şahmat məktəbinin önəmli bir qolu dərin böhran keçirərkən, bu sahəyə məsul şəxslərin ödülləndirilməsini necə başa düşmək olar?!


Haşiyə:


Əslində ölkənin şahmat təsərrüfatına rəhbərlik edənlərin mükafatlandırılması keçmiş təcrübədən yaxşı məlumdur. Məsələn, uzaq 1978-ci ildə Azərbaycanın görkəmli alimi, yerli Şahmat Federasiyasının və Respublika Şahmat Məktəbinin rəhbəri Çapay Sultanov “Azərbaycanın idman və bədən tərbiyəsi üzrə əməkdar işçisi”, həmin vaxt ölkə şahmatının inkişafında mühüm rolu olan Aleksandr Aslanov və Salman Süleymanov “əməkdar məşqçi” fəxri adları ilə təltif olunmuşdular. Bunun səbəbi isə ümumittifaq miqyasında şahmat üzrə əldə olunan mühüm nəticə – Azərbaycan idman tarixinə qızılı hərflərlə yazılan bir uğur idi. Söhbət Şahmat Spartakiadasında Azərbaycanın qadın şahmatçılarının əldə etdiyi mühüm nailiyyətdən gedir.



Belə ki, həmin vaxt Aynur Sofiyeva, Firuzə Vəlixanlı və Nigar Sultanova uğurlu nəticəyə imza atmış, hətta xalq yazıçısı Mirzə İbrahimov bu qələbədən ruhlanaraq o vaxtki “Kommunist” qəzetində onlara həsr olunan şeir çap etdirmiş, həmçinin məlum qələbə münasibəti ilə sənədli film çəkilmişdi.


Adıçəkilən qadın şahmatçılarımızın bir çoxu sonrakı dönəmdə daha böyük uğura imza atdılar: onların arasında beynəlxalq qrossmeyster adını alanlar da oldu, nüfuzlu beynəlxalq yarışlarda yüksək nəticələr göstərənlər də. Ən əsası isə, artıq ümumittifaq miqyasında Azərbaycan qadın şahmat məktəbi haqqında uca səslə danışırdılar!



Qadın şahmatçılarımız AŞF-dən necə üz çevirdilər?

Əslində situasiya birdən-birə dəyişdi. Nəinki postsovet məkanında, ümumiyyətlə, beynəlxalq miqyasda ciddi uğurlara imza atan Azərbaycanın qadın şahmatçıları ilə AŞF arasında dərin uçurum yarandı. Məsələn, Firuzə Vəlixanlı çox sonralar artıq tamamilə başqa simalar tərəfindən, başqa şərtlər altında idarə olunan şahmat təsərrüfatının başbilənlərindən, xüsusilə Faiq Həsənovdan narazılığını açıq dilə gətirməyə başladı.

İlahə Qədimova Polşada keçirilən nüfuzlu şahmat turnirinin qalibi olduqdan sonra federasiyaya getdikdə üzləşdiyi haqsız münasibəti açıq şəkildə dilə gətirdi. Onun dediklərindən belə məlum olurdu ki, AŞF-yə gələrkən orada təbrik gözlədiyi halda, Fikrət Südeyifzadə onu nəinki təbrik etmiş, hətta salam belə verməmişdi. Əslində, Azərbaycan qadın şahmat məktəbinin keçmişdən 180 dərəcə fərqli vəziyyətə düşməsinin əsas sirrini belə anlaşılması və bəraət qazandırılması mümkünsüz münasibətdə axtarmaq lazımdır.



Gəlməyən gələcək…

Ən komiki isə odur ki, AŞF rəhbərliyi qadın şahmatçılara belə laqeyd, dırnaqarası münasibəti “nəsil dəyişikliyinin baş verməsi zərurəti” ilə izah edirdi. Həm Həsənov, həm Südeyifzadə müsahibələrində davamlı şəkildə vurğulayırdılar ki, artıq qadın şahmatçılar arasında yeniləşmə vacibdir, Qədimovaların, Vəlixanlıların, digərlərinin erası başa çatıb, onların yeniləri ilə əvəzlənməsi qaçılmazdır.

Həsənovla Südeyifzadənin söylədikləri hər nə qədər qulağa xoş gəlsə də, Azərbaycan qadın şahmat məktəbinin yuxarıda adları çəkilən parlaq simaları ilə müqayisə ediləcək yeni nəsil qadın şahmatçıları yetişdirmək hələ də mümkün olmayıb, daha da konkretləşdirsək, haqqında danışılan həmin yeni nəsil qadın şahmatçılar artıq 30 ildən çoxdur “gəlirlər”.

Düzdür, ötən illərdə ümidverici gənc qadın şahmatçılarımız az olmayıblar. Amma onlardan yeni İlahə Qədimova, yaxud Firuzə Vəlixanlı yetişdirmək mümkün olmadı. Bu gün həmin şahmatçılar hardadırlar? AŞF onların təcrübəsindən niyə yararlanmır, yaxud yararlanmaq istəmir? Bunlar da cavabını gözləyən vacib suallardır. Kimlərsə ortada heç bir uğur olmadığı halda, dayanmadan mükafatlandırılmaq eşqi ilə yaşamaqdan əvvəl, məhz belə sualları cavablandırmaq barədə də düşünsələr, yaxşı olardı.



SOCAR komediyası

Yeri gəlmişkən, bir mühüm məqamı da qeyd etməkdə fayda var: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ötən illər ərzində ölkədən kənarda şahmatı dəstəkləyən bir sıra layihələrə imza atıb. Bunlardan biri də Gürcüstanda qadınlar arasında beynəlxalq turnirin maliyyələşdirilməsidir.

AŞF rəsmiləri, başda Faiq Həsənov olmaqla, vurğulayırlar ki. SOCAR-ın Gürcüstan şahmatına maliyyə köməyi bu ölkədə çoxsayulı dostlarının olması ilə əlaqədardır. Sual edirik: kimlərinsə “şəxsi dostluqlara” verdiyi dəyər nəyə görə Azərbaycanın neft pulları hesabına başa gəlməlidir?

İkincisi, SOCAR niyə bir dəfə də Bakıda qadın şahmatçılar arasında hər hansı turnirə “stavka” etmir? Ona görə ki, ölkədə qadın şahmatının acınacaqlı durumu göz önündədir və Azərbaycan paytaxtında keçiriləcək hər hansı belə turnirdə ev sahibi kimi göstərəcəyimiz acınacaqlı nəticədən qorxurlar?!



Daha bir haşiyə:

Çox acınacaqlıdır ki, adətən Azərbaycanın maddi dəstək verdiyi qadınlar arasında nüfuzlu şahmat turnirlərində Azərbaycan özü təmsil olunmur! Bunun səbəbi sadədir: bizim qadın şahmatçılarımızın FİDE reytinqi o qədər aşağıdır ki, onlar həmin yarışlara dəvət olunmurlar. Fikrimizcə, üzərində ciddi düşünülməsi və nəticə çıxarılması gərəkən məsələdir.

Digər tərəfdən: məsələn, Gürcüstanın Batumi şəhərində qadınlar arasında şahmat üzrə dünya çempionatı keçirilir. Amma bu yarış barədə biz Rusiyanın məşhur şahmat dərgisi “64” jurnalı vasitəsilə xəbər tuturuq. Həmin jurnal bu barədə xəbəri kifayət qədər ironik təqdim edir. Haqlı olaraq soruşulur ki, xeyir ola, SOCAR başqa bir ölkənin şahmatına ciddi töhfələr verir, amma mənsub olduğu ölkənin qadın şahmatı iflas vəziyyətindədir?!

Hesab edirik ki, bu məqamı da müzakirə etməyə dəyər. Hər halda “64” jurnalı məsələni kifayət qədər dəqiq qoyub. İndi qalır bizimkilərin deyilənləri necə əsaslandıracağı! Baxmayaraq ki, belə bir “əsaslandırma”ya ümid azdır, bəlkə də ümumiyyətlə, yoxdur.



Sonda:

Bəli, bir zamanlar parlaq simaları və böyük uğurları ilə göz qamaşdıran Azərbaycanın qadın şahmat məktəbi indi acınacaqlı durumdadır. Buna görə hesabat və izahat verməli olan adamlar isə mükafatlandırılır. Səbəbini anlamaq çox çətindir.

Görünür bu mövzuda da “axı bura Azərbaycandır…” deyib keçmək lazımdır. Belə təzadı başqa cür əsaslandırmaq, bu absurdluğa haqq qazandırmaq mümkün deyil axı.



Lap sonda:

“Tarix iki dəfə təkrarlanır: birinci dəfə fakt, ikinci dəfə fars kimi” – bunu Hegel deyirdi.

Biz isə bu müdrik kəlamı sözgəlişi xatırlatdıq. Ümid edirik ki, nə demək istədiyimiz bəzilərinə gün kimi aydındır…

Ana səhifəXəbərlərAzərbaycanda qadın şahmat məktəbi niyə məhv edildi? – Təhlil