“Azərbaycanda postneft dövrü 2-3 ildir başlayıb”

“Neft Fondunun büdcəsində 3 milyard manat yarıma yaxın kəsir gözlənilir”

Source:


“Neft Fondunun büdcəsində 3 milyard manat yarıma yaxın kəsir gözlənilir”

Hökumət 2015-ci ilin büdcəsini Milli Məclisə təqdim edib. Ötən həftə prezident Nazirlər Kabinetinin müşavirəsi keçirəndə neftin qiymətinə xüsusi diqqət yönəldəndə, müzakirələrin maraq doğuracağı sezilirdi. Əsasən də bedcədə neftin qiymətinin 90 dollardan götürülməsi. Amma oktyabrın 14-nə olan məlumata görə neftin qiyməti 83 dollar civarındadır. İqtisadçı Rövşən Ağayevlə söhbətimizdə təqdim olunan büdcə layihəsinin doğurduğu suallara cavab almağa çalışdıq.



Rövşən bəy, büdcədə neftin qiymətinin 90 dollardan götürülməsini yanlış hesab etmisiniz, səbəb nədən ibarətdir?

–   Çünki neftin göstərilən qiymətdən daha aşağı düşəcəyi ilə bağlı Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Energetika Agentliyi kimi qurumlar açıqlama yayaraq neftin təlabatının azalacağını, xüsusən də neft iqtisadiyyatında təhlillərə əsaslanan böhran gözləntilərini ifadə ediblər. Ciddi iqtisadi institutlar Avropa iqtisadiyyatındakı meylləri nəzərə alaraq neftə tələbatın azala biləcəyini gözləyirlər. İkinci gözlənti odur ki, ABŞ özünün enerji müstəqilliyini təmin etmək üçün ciddi addımlar atır. Faktiki neft və qazın idxalını tam dayandırıb, 1971-ci ildə Amerika ən yüksək neft hasilatına nail olmuşdu, bu gün həm ehtiyatları dövriyyəyə buraxır, həm şist qaz-neftinin son 2 ildə hasilatının artması və maya dəyərinin düşməsi bu ölkənin dünya xammal bazarına kəskin ekspansiyasını yaradıb. Bütün bunlarla bərabər geopolitik amili də nəzərə alanda dediyim təsdiqlənir. Amerikanın Rusiyaya qarşı neft amilindən istifadə etməyi, əsasən də ötən əsrin 80-ci illərinin ortalarında bu addımı faktiki atmışdı. SSRİ-nin çöküşünün sürətlənməsində neftin qiymətinin 80-ci illərin ortalarından 90-cı illərə qədər kəskin düşməsi rol oynayıb. Bütün bu gözləntiləri və təhlilləri nəzərə alanda neftin gələn ilki qiymətinin 80 dollar civarında olması mümkündür. Hətta OPEK-in ən böyük neft hasilatçısı olan Səudiyyə Ərəbistanınında da hökumət səviyyəsində açıqlamalar verirlər ki, bu ölkə 80 dollarlıq səviyyədə qiymətə hazırdır. Bu baxımdan mən Azərbaycan hökumətinin daha konservativ yanaşmasını gözləyirdim. Bilirsiniz, büdcənin deyilən şəkildə qurulması o deməkdir ki, hökumət büdcəni icra etməlidir. Artıq gələn il Neft Fondunun büdcəsində 3 milyard manat yarıma yaxın kəsir gözlənilir.



Niyə görə kəsir yaranmalıdır?

–   Neft Fondunun gələn il 8-10 milyard dollarlıq gəliri gözlənilir, amma 12,4 milyard səviyyəsində xərci olacaq. Deməli 3, 5 milyard manat kəsir ehtimalı var və kəsir büdcə transferləriylə bağlıdır. Bu il hökumət Neft Fondundan 9,3 milyard manat proqnozlaşdırmışdı, gələn il üçün isə 1 milyard manat artırıb. Həm də müəyyən layihələrlə bağlı Neft Fondunun özünün də xərcləri artır. Nəticədə biz elə bir mənzərəylə üzləşirik ki, dünyada neftin qiymətinin kəskin azalması və Azərbaycanda neft hasilatının azalması proqnozlarının olduğu bir zamanda hökumət büdcəyə daha qənaətcil yanaşmaq əvəzinə 6 faizə qədər artırıb. Yəni büdcənin gəlir və xərclərində 1 milyard manat artım var, bunun mənbəyi də Neft Fondunun vəsaitləridir. Bu baxımdan mən demişdim ki, hökumət bir az mühafizəkar yanaşıb neftin qiymətini 80 dollardan götürsəydi, büdcənin icrasında itkiləri aradan qaldıra bilərdi.



Neftin qiyməti büdcədə 90 dollardan götürülsə, hansı fəsadlar yarana bilər?

–   Əgər belə olarsa və neftin qiyməti 80 dollara düşəcəksə, biz hər 10 dollarda indiki hasilat çərçivəsində 1,5-1,8 milyard manata qədər itki yaşayacağıq. Yəni hökumətin gəlirləri azalır. Belə olarsa, biz 1,5 milyardı hardan çıxartmalıyıq? Qeyri-neft sektorumuzun vergi potensialı geniş deyil. Bir ölkədəki qeyri-neft sənayesinin ÜDM-da  payı 5 faizdirsə, 1,5 milyard manat vergi yığmaq mümkün deyil. Üstəgəl xidmət, ticari, tikinti sektoru daha çox dövlət sifarişləriylə bağlıdır. Sabah büdcədə problem yarananda, yəni dövlət sifarişlərinin  azalacağı riski yarananda bu müəssisələrin nəinki vergi potensialı azalacaq, əksinə onların dövriliyi aşağı düşəcək. Bunlar hamısı neftə bağlı risklərdir. Ona görə neftin qiymətinin 90 dollar götürülməsi riski odur ki, sabah Neft Fondundan 10,3 yox, 10-12 milyard manat ehtiyatlara əl ata bilərlər. Hansı ki, hökumət bunu təhlükəsizlik “yastığı” kimi uzunmüddətli elan edib, yəni həm valyuta məzənnəsinin qorunmasında, həm büdcənin icrasında problemlərin yaranacağı halda Neft Fondunu bir növ sığortamız kimi təqdim edir.  Belə olanda, Neft Fondunun ehtiyatlarının əridilməsi riskiylə üzləşə bilərik.



İstər-istəməz sual yaranır, neftin qiymətini 90 dollardan götürməklə icmal və dövlət büdcəsinin kəsirini örtmək mümkün olacaqmı?

–   Yalnız Neft Fondunun ehtiyatları hesabına mümkün olacaq. Əgər 2015-ci ildə Neft Fondunun gəlirləri 8-10, xərcləri 12-14 milyard manat gözlənilirsə, avtomatik 3,5 milyardlıq kəsir yaranır. Bu kəsir də Neft Fondunun ehtiyatları hesabına örtülə bilər. Bir məqamı vurğulamaq istərdim, Neft Fondunun gəlirləri son 4-5 ildə yaranmayıb, əksinə bu illərdə vəsaitləri tam xərclənib. Faktiki, 2006-2011-ci illər ərzində neftin qiyməti dünya bazarında qalxanda, hökumət bir qədər xərcləmələrə hazır deyildi, ona görə fonda nə yığılıbsa, o zaman yığılıb. Hökumət son illər həmin yığımla öyünür və ictimaiyyətdə də təskinlik yaradıblar ki, narahat olmayın, 50 milyard dollarlıq valyuta ehtiyatımız var. Bu vəsaitdən  həm büdcənin icrasında problem olanda istifadə edirlər, həm də valyuta qıtlığının qarşısını almaqla manatın təminatında… Amma bu gün məlum oldub ki, proses tez başladı. Düzdür, Azərbaycanda postneft dövrü 2-3 ildir başlayıb, neft hasilatı azalmağa başlayanda, qiymətlərin kəskin azalması postneft dövrünü bir az da qısaltdı. Beləliklə, biz hasilatın azalması dövrüylə bərabər qiymətlərin kəskin azalması mərhələsinə daxil oluruq.



Gələn ilin büdcəsində hüquq-mühafizə orqanlarına, sosial və elm sahəsinə xərclər azalsa da, investitsiya xərcləri artırılıb. Bunu necə izah edərdiniz?

–   Hüquq-mühafizə orqanlarında azalma çox cüzidir və mən bunu heç azalma adlandırmazdım. Cəmi 1 faiz, manatla götürdükdə, 13 milyon manatlıq azalma var, bu, ciddi və fundamental azalma deyil. Amma razıyam ki, xərclərin artımında ən böyük pay tikinti xərcləridir. Təxminən 1,1 milyard manat, bunun 670 milyon manatı, 60 faizdən çox edir, tikinti-investisitya xərclərinin payına düşür. İkinci yerdə müdafiə xərcləri gəlir, 140 milyon manat artım proqnozlaşdırılır, üçüncü yerdə səhiyyə. Bu 3 bölmə ümumi büdcə xərcləri artımının 90 faizindən çoxunu təmin edir. Bu da təbiidir, çünki hökumət üzərinə böyük öhdəliklər götürüb. Gələn il Bakı Avropa Olimpiya yarışması, həm də əvvəlki illərdə başlanan iri infrastruktur layihələri var. Belə vəziyyətdə hökumətin investisiya xərclərini artırması qaçılmazdır. Təkcə Bakı Avropa Olimpiya yarışmasına 1,3 milyard manat ayrılıb. Əvvəlki ilərdə 2,2 milyard manat xərclənmişdi. Ümumiyyətlə, son illər investisiya xərcləri büdcənin ən böyük xərc maddəsi olub.



Büdcəylə bağlı müzakirələrdə enerji daşıyıcılarının dekabr, yaxud gələn ilin yanvarında artacağı proqnozu səsləndi. İnanırdırıcı hesab edirsinizmi?

–   Mən inanmıram. Məsələ ondadır ki, hökumətin təqdim etdiyi büdcə buna imkan vermir. Həm də ötən il iqtisadi xərc maddələri kəskin artmışdı, bundan əlavə hökumət gələn askiz vergidən daxilolmaları azlatmağa planlaşdırır. İzahı da budur ki, aksiz dərəclələrinə dəyişikliklər gözlənilir, təsəvvür edirsiniz, bir cümləlik izah. Əgər neftin qiyməti kəskin şəkildə düşərsə, hökumətin enerji daşıyıcılarında artım edəcəyini gözləmirəm. Birinci səbəb odur ki, neftin qiyməti düşəndə siyasi həssaslıq da artır, xüsusilə 2015-ci il parlament seçkiləri ili və Bakı Olimpiya Oyunları ilidir. Seçki olmasaydı, bu barədə düşünmək olardı. İkinci səbəb, büdcədən də bu ehtimal görünmür. Bütün hallarda büdcə paketini tam əldə edəndən sonra tam nəsə demək olacaq.

Ana səhifəXəbərlər“Azərbaycanda postneft dövrü 2-3 ildir başlayıb”