Aksiyalarda, mitinqlərdə və ya polisə dəvət olunduqdan sonra idarədə işgəncəyə məruz qalıqlarını deyən müxalif fəalların şikayətlərinə baxılmır. Onları ən yaxşı halda hüquq-mühafizə orqanlarına dəvət edib, izahatlarını alırlar, amma zorakılıqda ittiham olunan polislər adətən məsuliyyətə cəlb olunmur.
Aprelin 21-də başına torba keçirilərək oğurlanan ictimai fəal Bəxtiyar Hacıyev ondan daxili işlər naziri Vilayət Eyvazovla bağlı tənqidi statuslar yazmamağı tələb etdiklərini deyir. O, həmin şəxslərin onunla bağlı insan ləyaqətini alçaldan hərəkətlərə yol verdiklərini bildirib. Daha sonra telefonunu əlindən alınaraq Vilayət Eyvazovla bağlı yazdığı bütün tənqidi statusları siliblər. Hadisədən 19 gün keçsə də, onu oğurlayan şəxslərin kimliyi müəyyənləşdirilib istintaqa cəlb olunmayıb.
2021-ci ilin 13 oktyabrında YAP-ın binasının qarşısında siyasi motivli həbslərə etiraz edən Demokratiya 1918 Hərəkatının sədri Əhməd Məmmədli bildirir ki, aksiyada iştirak edən 6 nəfərin hamısı 39-cu polis bölməsində döyülüb.
Həm Bəxtiyar Hacıyev, həm də Əhməd Məmmədli polis zorakılığına məruz qalmaları ilə bağlı yaşadıqları hadisələrin sayı-hesabını itirdiklərini deyirlər. Faktla bağlı Daxili İşlər Naziliyinə və Baş Prokurorluğa şikayət etsələr də, heç bir nəticəsi olmayıb.
Polis zorakılığı üzləşdiyini bildirən AXCP sədri Əli Kərimli, Milli Şuranın, Müsavat partiyasının üzvü Tofiq Yaqublu, feminist fəallar və digər hökumətə müxalifətdə olan şəxslərin şikayəti əsasında heç bir polis əməkdaşı cəzalandırılmayıb.
17 ildir vəkil kimi çalışan Nemət Kərimli bildirir ki, iş təcrübəsində zorakılıqda ittiham olunan polislərin cəzalandırıldığının şahidi olmayıb. Hətta Avropa Məhkəməsi işgəncə faktını tanısa belə hökumət bu işdə ədaləti təmin etməyib.
Bəs polisləri toxunulmaz edən nədir ?
Hələ 2013-cü ildə Polis Akademiyasının açılışından iştirak edən ölkə başçısı İlham Əliyev ondan polislərin cəzalandırılmasını istəyən şəxslərə “daim polis orqanlarını müdafiə etmişəm və müdafiə edəcəyəm” demişdi.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev deyir ki, polisin ittiham olunduğu işlərlə bağlı müvafiq tədbirlər görülür. Amma bu hansı işlərdir və müvafiq tədbirlər dedikdə hansı tədbirləri nəzərdə tutur, bu barədə açıqlama vermədi.
Polislərlə bağlı şikayətləri araşdırmamaqda ittiham olunan Baş prokurorluğa sorğu göndərsək də, cavab ala bilmədik.
Bəs polislərin cəzasızlığı hansı nəticələrə gətirib çıxara bilər?
Fəallar polislə bağlı şikayətlərinin ölkə daxilində ədalətli həllinə inanmırlar. Onlar şikayətlərini Avropa Məhkəməsinə qədər davam etdirəcəklər.