Natiq Cəfərli: “Polietilen torbaların ödənişli olmasının büdcə ilə birbaşa əlaqəsi yoxdur”
“Ölkə deyil, artıq market torbaları da ödənişli olub”, “marketlər “yumurtadan yun qırxır”, “sellofanı belə pulla satır artıq”, “hər şeyi bahalaşdırdılar, bircə market torbaları pulsuz idi, indi o da qiymətə minib”.
Bu, fevralın 15-dən başlayaraq marketlərin polietilen torbaları pulla satmasına reaksiyalardır. İnsanlar bu qərarın əsl səbəbini bilmir, böyük əksəriyyət pul qazanmaq və bahalıqla əlaqələndirir.
Əslində səbəb nədir?
Dünyanın bir çox ölkəsində artıq on illərdir ki, marketlərdə, alış-veriş mərkəzlərində polietilen torbalar ayrıca məhsul kimi satılır.
Səbəbi plastikdən az istifadə ilə təbiətə daha az zərər vurulmasıdır.
Bəzi insanlar polietilendən pulsuz vaxtlarda da istifadə etmirdi, lakin müəyyən kəsim insanlar da var ki, onlar yalnız müəyyən məbləğ ödəməmək qarşılığında polietilendən imtina edir. Bu məqsədlə torbaların pulla satılması siyasətinə keçilir.
Polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ticarət şəbəkələrinə məktub göndərib. Elə həmin məktubda da qeyd olunub ki, polietilen torba tullantıları ətraf mühitə mənfi təsir edir.
Bu təsiri azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulla satılmalıdır.
“Azərbaycanda axırda görülməli olan işi əvvəldə görürlər”
İqtisadçı Natiq Cəfərli deyir ki, ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların ödənişli olmasının büdcə ilə birbaşa əlaqəsi yoxdur. Belə ki, polietilen torbaları kommersiya müəssisələri satır və onlar ancaq satışdan gələn gəlirdən vergi verməlidirlər:
“Sadəcə, Azərbaycan da dünyada gedən trendlərə, “Davos gündəliyinə” ayaq uydurmağa çalışır. Əslində, dünyada belə bir yanaşma çoxdan var ki, polietilen torbalar ekologiyaya çox ciddi ziyan vurduğundan ondan imtina etmək lazımdır. Lakin həmişə olduğu kimi bu dəfə də Azərbaycanda axırda görülməli olan işi əvvəldə görürlər”.
“Çox adam 3-5 qəpiyə görə polietilendən imtina etməyəcək”
İqtisadçı bildirir ki, məsələn, Avropa ölkələrində və ABŞ-ın bəzi ştatlarında belə qaydalar var və onlar illərlə bununla bağlı təbliğat aparıb. Məsələn, sosial çarxlar hazırlayıblar.
Bundan başqa, parça torbaların pulsuz paylanılması ilə bağlı aksiyalar keçirib, maarifləndirmə işləri aparıblar:
“Ancaq bundan sonra polietilen torbaların pulla satılması ilə bağlı qərar veriblər. Amma bizdə hansısa bir təbliğat, təşviqat, sosial çarxlar, maarifləndirmə işləri aparmadan birdən-birə polietilen torbaların pulla satılması ilə bu problemi həll edəcəklərini düşünürlər. Səhv yanaşma məhz bundan ibarətdir. Azərbaycan alıcısının davranışlarını bilərək, 3-5 qəpiyə görə onlar bundan imtina etməyəcəklər”.
“Polietilen torbalardan imtina insanların könüllü davranışından doğmalıdır”
Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda düşünürlər ki, xaricdə polietilen torbalar pullu olduğundan ondan imtina edirlər. Halbuki bu, tamamilə yanlışdır, çünki inkişaf etmiş ölkələrdə ekologiyaya vurulan ziyanın insanlar tərəfindən qəbul olunmasına görə polietilen torbalardan imtina edilir:
“Ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların ödənişli olmasının ideya olaraq anlaşılandır, amma bunun Azərbaycanda tətbiqi, reallaşdırılması ciddi problemlərə səbəb olacaq. Odur ki, mən bunun ekoloji problemlərin həllində ciddi rol oynayacağını düşünmürəm. Yəni polietilen torbalardan imtina insanların könüllü davranışından doğmalıdır”.
“Vətəndaş ekoloji problemi dərk etməsə…”
İqtisadçının fikrincə, yaxşı olardı ki, marketlərin qarşısında aksiyalar təşkil olunsun, pulsuz parça torbalar paylanılsın. Hətta dövlət heç olmasa 1 illik bunun üçün ekoloji təşkilatlara qrant vəsaiti ayırsın:
“Vətəndaş ekoloji problemi dərk etməsə, 3-5 qəpiyə görə polietilen torbalardan imtina etməyəcək və bu qərar sadəcə vətəndaşlarda növbəti narazılıq yaradacaq…”.
“Əvvəl hətta plastika torba istifadə etməyəndə belə onun pulunu ödəyirdin”
Eko aktivist Cavid Qara da deyir ki, bir çox ölkədə, hətta qonşu Gürcüstanda da ticarət mərkəzlərində, marketlərdə plastik torbalar ödənişlidir.
Onun fikrincə, bu addım plastik torbalardan istifadəni azaltmaqda çox effektivdir:
“Sadəcə, kommunikasiya və alternativlərin təbliğatı, insanların həvəsləndirilməsi lazımdır. İnsanlara başa salmaq lazımdır ki, plastik torbanın qiyməti xərci varsa, deməli, bu, əvvəl, sadəcə, məhsulun üstünə əlavə edilirdi. Əvvəl hətta plastika torba istifadə etməyəndə belə onun pulunu ödəyirdin. İndi isə ancaq istifadə edəndə ödəyəcəksən”.
“Digər ölkələrdə görüblər və qərarı kopyalayıb, tətbiq edirlər”
Cavid Qara düşünür ki, marketlərdə insanlara möhkəm torbalar depozitlə verilə bilər. Məsələn, bazarlıq etmisən, torba gətirməyi unutmusan, bu zaman 1 manat verib möhkəm torbalardan alırsan, aldıqlarını yığıb aparırsan.
Gələn dəfə gələndə torbaları qaytarıb, pulunu geri götürürsən:
“İndiki durumda, düşünülmədən atılmış addım kimi görünür. Məncə, özləri də bunu niyə edirlər, necə işləyir, tam anlamırlar. Digər ölkələrdə görüblər və qərarı kopyalayıb, tətbiq edirlər, vəssəlam”.
Qərarı yerinə yetirməyən marketləri nə gözləyir?
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda da bildirilir ki, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına əsasən, alıcıların mal və məhsulları daşıması üçün nəzərdə tutulan polietilen torbalar ayrıca məhsul növü kimi təqdim edilməlidir:
“Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir. Bunu etməyən ticarət obyektlərini 6 min manata qədər cərimə gözləyir”.