Oktay Gülalıyev: Məmurlar jurnalistləri həbs etməklə özlərini ifşa edirlər
“Son günlər 2 jurnalist həbs olunub. Bunlar İkram Rafiqoğlu və Əfqan Sadıqovdur. Daha bir jurnalist- Kanal 13 internet televiziyasının əməkdaşı Teymur Kərimov haqqında isə Bərdə rayon polis şöbəsində cinayət işi açıldığı bildirilir”, – hüquq müdafiəçisi Oktay Gülalıyevin sözləridir. O, bu barədə “Facebook”da yazıb.
Bildirib ki, Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli hökmü ilə realliq.info internet informasiya portalının baş redaktoru İkram Rəhimov CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrum edilib.
Jurnalistin vəkili Elçin Sadıqov deyir ki, İkram Rafiqoğlunun həbsinə səbəb realliq.info-da dərc edilən “Ən Ucuz” ticarət mərkəzlərinin vergidən yayınması ilə bağlı yazısıdır. O, ticarət mərkəzlərinin Zakir Fərəcov tərəfindən bağlandığını, rüşvət verəndən sonra fəaliyyətlərini bərpa etdiyini yazıb.
Vəkil bildirib ki, 25 noyabr 2016-cı il tarixdə məhkəmə zalında həbs edilməsinə baxmayaraq, onu təcridxanaya yox, Sumqayıt Şəhər Polis İdarəsinə aparıblar. Jurnalisti 3 gün qeyri-qanuni olaraq Sumqayıt Şəhər Polis İdarəsində saxlayıblar:
“Əməliyyat işləri üzrə müavini Hikmət Qasımovun otağında ona işgəncə veriblər. Video kamera ilə canlı olaraq Zakir Fərəcovdan üzr istəməsini tələb ediblər. Bunu etmədikdə onun başına ağır qoxulu sellofan torba keçirib, nəfəsi kəsilənə qədər saxlayıblar. Sonra yenə üzr istəməyini tələb ediblər. Bütün bu proseslər canlı videoçatla həyata keçirilib”.
Vəkilin deməsinə görə, Zakir Fərəcov kameranın o bir tərəfindən onu görürmüş. Sonra üç nəfəri polis idarəsinə gətiriblər və onları məcbur ediblər ki, onun üzünə dursunlar. Dəfələrlə başına sellofan torba keçirdikdən sonra o, bu işgəncələrə dözməyib və başını stulun başına vurmaqla sol gicgah nahiyyəsinə xəsarət yetirib. Bundan sonra işgəncələr dayanıb.
“Kamera söndükdən sonra polislər deyib ki, o, düz deyir, amma onların naziri Zakir Fərəcovdur. Onun dediklərini etməyə məcburdurlar. Xəsarətinin tam sağalması üçün onu Sumqayıt Şəhər Polis İdarəsində saxlayıblar və yarası tam sağalandan sonra təcridxanaya göndəriblər”.
Oktay Gülalıyev bildirir ki, icra başçıları özlərini kiçik padişahlar kimi aparırlar. Sifariş verib adam həbs etdirirlər. Özü də jurnalisti. Və onun başına torba keçirib işgəncə verirlər:
“Həbs olunan başqa bir jurnalsit isə Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqovdur. Ona qarşı CM-in 127.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Proses Cəlilabad rayon məhkəməsində keçirilir”.
Əfqan Sadıqovun da vəkili Elçin Sadıqovdur. O müdafiə etdiyi şəxslə görüşüb. Bildirib ki, jurnalist peşə fəaliyyətinə, xüsusən rayondakı qanunsuzluq faktlarını ictimailəşdirdiyinə görə həbs olunub və özünü təqsirli bilmir.
Oktay Gülalıyev deyir ki, mətbuat cəmiyyətin aynasıdır. Həmin aynada özünü çirkin və eybəcər görən məmurlar özlərini abıra salmaq əvəzinə aynanı sındırırlar:
“Yəni onların eybini göstərən jurnalistləri həbs edirlər. Bu məmurlar başa düşmürlər ki, aynanı sındırıb, jurnalistləri həbs etməklə öz eyblərini düzəltmirlər, əksinə, özlərini daha da ifşa edirlər”.