Səhiyyə qurumları vətəndaşları peyvəndlənməyə çağırıb
Azərbaycanda COVİD-19 infeksiyasının “Omicron” ştamı aşkarlanıb.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilir ki, yeni ştamm ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələr əsasında aşkarlanıb.
Səhiyyə qurumları vətəndaşları yayılan yeni ştamdan qorunmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan əlifbasının “omicron” hərfi ilə adlandırıb.
“Omicron” ştamına qısa müddətdə Böyük Britaniya, Hollandiya, Kanada, Danimarka, Almaniya, Belçika, Çexiya və İtaliyada rast gəlinib. Hətta Böyük Britaniyada bir nəfərin ölümünə səbəb olub.
“Omicron” ştamına yoluxanlar arasında xəstəxanaya ağırlaşmalarla yerləşdirilənlərin sayı 20-70 faiz aşağıdır.
Cənubi Afrika, Şotlandiya və İngiltərədə ayrı-ayrılıqda aparılan elmi araşdırmalar zamanı bu nəticəyə gəlinib.
Hazırda mütəxəssislər bu ştamın vaksinlərə potensial təsirini araşdırırlar.