Azərbaycanda növbəti qanunların sərtləşmə dalğası

Polislər elektrik şok alətləri daşımaq və tətbiq etmək hüququna malik olacaq, partiyalar haqqında qanuna ianələrin ölçüsünü ildə 10 min manata qədər məhdudlaşdıran dəyişikliklər edilir

Source:


Polislər elektrik şok alətləri daşımaq və tətbiq etmək hüququna malik olacaq, partiyalar haqqında qanuna ianələrin ölçüsünü ildə 10 min manata qədər məhdudlaşdıran dəyişikliklər edilir

Sentyabrın 16-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, payız sessiyasında Ailə Məcəlləsinə, hüquqi şəxslərin qeydiyyatı və dövlət reyestri haqqında, siyasi partiyalar haqqında, polis haqqında qanunlara bir sıra dəyişikliklər edilməsi planlaşdırılır.

Komitələrin iclasında nəzərdə tutulan dəyişikliklər müzakirə olunub. Xüsusən, hüquqi şəxslərin qeydiyyatı haqqında qanuna xarici QHT-lərin Azərbaycanda yalnız bir filialı ola biləcəyi haqqında dəyişiklik nəzərdə tutulur.

Bundan başqa, bir QHT-nin başqa bir QHT ilə birləşərdiyi, bölündüyü və ya hüquqi forması dəyişdiyi halda Azərbaycandakı filial ləğv ediləcək.

Eyni zamanda, xarici QHT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri və onun müavini təyin edilərkən onun iş müddətinin və səlahiyyətlərinin göstərilməsi nəzərdə tutulur.

Polis haqqında qanuna polislərin elektrik şok alətləri daşımaq və tətbiq etmək hüququ haqqında bənd əlavə edilir.

Siyasi partiyalar haqqında qanuna ianələrin ölçüsünü ildə 10 min manata qədər məhdudlaşdıran dəyişikliklər edilir. Əvvəllər belə bir məhdudiyyət yox idi.

Həmçinin siyasi partiyalara üzvlük haqları ilə bağlı hesabatlılıq və nəzarət də güclənir.

Sosial siyasət komitəsinin rəhbəri Hadı Rəcəbli bildirib ki, Ailə Məcəlləsinə nikaha daxil olanların sağlamlığı haqqında məlumatlar verilməsini tələb edən dəyişikliklər edilir (Turan İA).

Milli Məclisin Sosial Siyasət Komissiyasının üzvü Musa Quliyev aktual.az portalına deyib ki, Milli Məclisin sentyabrın 30-da baş tutan açılış sessiyasında dəfn işinin təşkili ilə bağlı təklifi də müzakirəyə çıxarılacaq.

O, bildirib ki, Azərbaycanda qəbirstanlıqların statusunda qeyri-müəyyənlik var: “Bələdiyyə, dövlət qəbirstanlıqlarının hər hansı bir statusu və ya  özəl qəbirstanlıqlar olmalıdır, ya yox, kimi suallara aydınlıq gətirilməlidir.  Bu qəbirstanlıqlarda dəfn işinin təşkili kimin tərəfindən həyata keçirilməsini də müəyyənləşdirmək lazımdır. Dəfn işinin təşkilinin pullu olması və ya hökumətin vəsaiti hesabına həyata keçirilməsi, hətta qəbir daşlarının standart formada hazırlanması sualına da cavab tapılmalıdır. Biz istəyirik ki, dünyasını dəyişmiş insanlar arasında da bərabərlik olsun. Bu həm də mənəviyyat məsələsidir. Dünyadan köçən insanın insan olduğunu göstərən bir nişanədir. Yoxsa onun qəbir daşı – varlı, vəzifəli, yaxudakı bu dünyadakı mərhumun ailəsinin maddi statusu ilə bağlı olmalı deyil.  Eyni zamanda böyük şəhərlərdə köhnə qəbirstanlıqlar tamamilə dolub və onlardan istifadə eləmək mümkün deyil. Amma şəhərin kənarlarında hansı ərazidə ola bilməsi, onun relyef qurluşu, subasmaya, sürüşməyə təhlükəsinin olub-olmaması müəyyənləşdirilməlidir. Düşünürəm ki, bütün bunlara hüquqi əsaslarla aydınlıq gətirilməlidir”.

Millət vəkili Rusiya təcrübəsini misal gətirərək, dəfn xərclərinin dövlət tərəfindən ödənilməsinin də təkliflər sırasında olduğunu qeyd edib: “Məsələn Rusiyada belədir ki, müraciət edilən andan etibarən 24 saat ərzində mərhumun ailəsinə dəfn üçün yer göstərilməlidir və dəfnin xərci də çox zaman bələdiyyə və ya dövlət tərəfindən həyata keçirilir. Biz bu təklifimizdə dəfn xərclərinin dövlət tərəfindən ödənilməsinə də yer vermişik”.

Ana səhifəXəbərlərAzərbaycanda növbəti qanunların sərtləşmə dalğası