Azərbaycanda neçə kişi var?

Azərbaycanlılara nə desən yeyəcəklər

Source:

Statistikaya baxsaq penisə, yəni insanın maskulin təbiətindən xəbər verən orqana malik vətəndaşların sayı, təxminən əhalinin yarısı qədərdir. Beş aşağı, beş yuxarı – vəziyyət budur.

Nəinki Azərbaycanda, bütün dünyada bu, belədir. Düzdür, qadınların sayı bir qədər çoxdur, amma ümumi mənzərə belədir. Bu bərabərlik, Yaradanın yer üzündə bərqərar etdiyi nizam, simmetriya, ahəng kimi prinsiplərdən xəbər verir. Yaradan özü bu mütənasibliyi tənzimləyir. İstədiyiniz qədər qız uşaqlarını abort eləyin, vəziyyət dəyişməyəcək. Ən azından katastrofik həddə çatmayacaq. Nə fəlakətlərdən, savaşlardan keçən bəşəriyyət tarixi, buna əyani sübutdur.

İndi, Bakı şəhərini və bakılıları idarə edən Hacıbala Abutalıbov deyir ki, “Ölkədə bir dənə kişi var, o da bizim prezidentdir”.

Aydın məsələdir ki, Hacıbala prezidentin cinsiyyətini nəzərdə tutmur, “Prezidentdən başqa penis və testislərə malik olan bircə nəfər də yoxdur” demək istəmir.

Bəs, dərdi nədir Hacıbalanın?

Azərbaycanda “kişilik”, cinsiyyətdən ziyadə mənəvi kateqoriyadır. Bizdə kiməsə “Sən kişi deyilsən” deyəndə ona görə coşmur ki, sən onun cinsi orqanının varlığını sual altına qoyursan. Uzaqbaşı açıb göstərər, məsələ də bitər.

Etiraz ona görədir ki, kiməsə “sən kişi deyilsən” deyəndə onun namusuna, qeyrətinə, sözü bütövlülüyünə, mərdliyinə, cəsarətinə, öz ailəsi, bəlkə də sülaləsi üzərindəki hakimiyyətinə şübhə edirsən.

Hacıbala da, əlbəttə bunu demək istəyirdi və etirazlar da buna görədir. Hacıbala deyir ki, biz azərbaycanlılar “adam kişi olar”, “kişi ol”, “kişi kimi qadın”, “kişinin hulqumu olar”, “yekə kişisən” deyəndə nəyi və kimi nəzərdə tuturuqsa, bax bu keyfiyyətlər ancaq bizim prezidentə aiddir. Bu üstün göstəricilər yalnız onda var.

Qalanları? Nə bilim, bilmirəm. Qalanları da yəqin ki, “arvad” olar.

Əslində biz, azərbaycanlılar, çox matriarxat toplumuq. Ölkə bütövlükdə matriarxatdır. Azərbaycanı və azərbaycanlıları qadınlar idarə edir. Mübahisə etməyin, nə olar. Sadəcə bununla razılaşın. Xahiş edirəm razılaşın. Hətta gündə beş yol təpiklənən ananız, bacınız, qızınız, arvadınız belə bu ali həqiqəti dəyişməyəcək. Azərbaycanlılarda ilk söz də, son söz də qadınındır. Bu, sadəcə olaraq belədir. Sarsılmaz faktdır. Aksiomdur.

Qıraqdan baxan, işin içində olmayan adam bunları heç vaxt görə bilməz. Ən kritik məqamlarda, bizdə qadınlar qabağa atılır. Çünki, bizdə qadınların toxunulmazlığı var. Məhəlli etiraz aksiyalarında, həmişə öndə qadınları görəcəksiniz. Üz cıran, saç yolan, qarğış deyən, polisə şığıyan, müxalifətçilərin üstünə daş, yumurta atan onlardır. Bir-bir video arxivləri açın, baxın. Yeri gəlmişkən, bizdə hər zaman (ən azından vəziyyət düzələnə qədər) ən bərkgedən hüquq müdafiəçiləri, ən radikal jurnalistlər də qadınlar olacaq. Bunun səbəbi onların kişilərdən daha bacarıqlı və istedadlı olmaları deyil. Əlbəttə deyil.

Bunun səbəbi, bizim cəmiyyətdə qadınların malik olduqları gizli toxunulmazlıq statusudur. Yol polisinin, müxtəlif qurumların qadına “hörməti”, daha artıq “tolerantlığı” də buna görədir. Bunu hamınız bilirsiniz, hiss edirsiniz. Bəs bu toxunulmazlığın kökləri, səbəbləri haqda düşünmüsünüzmü?

Səbəb birdir – matriarxat. Ağbirçək nənə kultu. Kəlağayı. Ana südü.

Hacıbala nöqtəni qoydu. “Ölkədə İlhamdan savayı kişi yoxdur” dedi. Bundan sonra nə olacaq? Heç bir şey. Uzaqbaşı yenə qadınlar ayağa qalxacaq. Ciddiyəm. Bizim matirarxat qəribə matriarxatdır. Görüntüdə kişi dominantlığına, kişilərin güya üstün olduğuna ehtiyacı var. Yəni öz kişisinin imicinin qayğısına qalır bizim qadınlar. “Ədə cıraram səni” leksikonuna malik Azərbaycan qadını üçün, öz “lox” ərinin reputasiyasından vacib bu həyatda heç nə yoxdur. Bizim matriarxat reklama ehtiyac duymur. Bizim matriarxat “Mən ərimdən qorxuram, ooooy xasiyyəti ağırdır, öldürər məni” deməkdən zövq alır.

Nəhayət, bizim matriarxatın ən məşhur minusovkası: “Küçəyə, mitinqə çıxma. Məni, balalarını düşün. Nəyinə lazımdır siyasətə burnunu soxursan…”

Doğrudan da, heç nə baş verəsi deyil, həyacanlanmayın hörmətli vətəndaşlar. Həyacanlanmayın. Bizdə gərək rayon adı çəkəsən ki, bəlkə bir tərpəniş olsun. Məsələn “Qazaxlılar kişi deyil”, “Qubalılar kişi deyil” desən, ehtimal var ki, üsyan qalxar. Amma Hacıbala göründüyü qədər də şizofrenik deyil – Azərbaycanlılar kişi deyil demişdir.

Ağıllı gedişdir. Azərbaycan da bölgə deyil ki, ayağa qalxsın. Həm də Hacıbalanın prezident kimi bir sipəri var. Hər halda hansısa rayonun camaatını icra başçısının təhqir etməsi ilə, İlham Əliyevin təhqir etməsi bir deyil. Ciddi şübhəm var ki, İlham Əliyev açıq-aydın hansısa rayonu, ya da rayonları təhqir etsə, camaat ayağa qalxar.

Qısa zamanda Hacıbalanın özündən, bəlkə də yapçılardan, şamtutanlardan açıqlamalar gələcək. “Hacıbala müəllim demək istəyirdi ki, prezidentimizdən başqa böyük, yəni ağsaqqal yoxdur. Bu sözü siyasiləşdirməyin, başqa tərəflərə yozmayın…”.

Prinsipcə, belə baxanda, bu da qaş düzəldən yerdə göz çıxarmaq olacaq. Azərbaycan kişiləri, özəlliklə Sovetski ceyilləri bu sözü götürəcəklərmi? Zaman göstərəcək.

Mənim xalqım müdrik xalqdır, dahi xalqdır. Çox güman ki, bunu da yeyəcək. Hacıbala yox, İlham Əliyev sizə yedizdirdi. Rəsmən yedizdirdi. Siz isə yazıçı ilə, publisistlə dava eləməyə davam edin. Bizi söyməkdən, təhqir etməkdən asan nə var?

Gec-tez hər şey konkretləşməlidir. Yaxşı ki, bu söz də deyildi. Mən həmişə düşünürdüm ki, son akkorda kim boyun olacaq, bu missiyanı kim öz üzərinə götürəcək? Necə olur ki, İlham Əliyev canlı efirə çıxıb, “Əziz bacılar və qardaşlar, sizin hamınızın ağzını-üzünü, anasını-bacısını…” demir? Cənab prezident özünü necə saxlayır, bu gücü özündə necə tapır? Küll ixtiyar sahibi, azərbaycanlılardan rəsmən iyrənən, onlara nifrət edən bu adam, heç şübhəsiz bu sözləri öz yaxın çevrəsində dilə gətirir. Bəs çıxıb xalqı nə üçün açıq mətnlə təhqir etmir? Necə dözür? Niyə çəkinir, kimdən qorxur? Axı heç nə olan deyil, bunlara nə desən yeyəcəklər.

Nəhayət, Hacıbalanın dili ilə istədiyini dedi İlham Əliyev. Yumşaq ifadə ilə, amma dedi. Hələlik bu da bəsdir. Qarşıda nə illər, nə onilliklər var. Daha ağır təhqirləri də görəcəklər azərbaycanlılar. Mütləq görəcəklər.

P.S. İlham Əliyevin özü də matriarxat köləsidir.

Ana səhifəMənim FikrimcəAzərbaycanda neçə kişi var?