Azərbaycanda muzdla çalışanların sayı azalıb

Foto: “Azərtac”

İqtisadçı: “Bir sıra müəssisələrdə işçilərin hamısı ilə əmək müqavilələri bağlanmır”

Azərbaycan iqtisadiyyatında muzdla çalışanların sayı azalıb: 1 milyon 706 min nəfər olub.

Onlardan 891,7 min nəfəri dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda çalışır.

2022-ci ilin eyni dövründə isə işçilərin sayı 1 milyon 719 min nəfər olub.

Əmək haqlarına gəlincə, əvvəlki illə müqayisədə 11,3 faiz artdığı bildirilir. Yəni 925,3 manat olub.

2022-ci ildə isə bu rəqəm 831,3 manat idi.

İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, müqavilə ilə çalışanların sayı 2022-ci ilin uyğun dövrünə nisbətən 13 min nəfər azalıb.

Onun fikrincə, məsələnin digər tərəfi işçilərin sayının azalmasının həm dövlət, həm də özəl sektorda müşahidə olunmasıdır:

Müqavilə ilə çalışanların sayında azalma həmin müddətdə dövlət sektorunda 6 min, özəl sektorda isə 7 min olub. Dövlət sektorunda işçilərin sayının azalması daha çox institutsional dəyişikliklərlə bağlı olsa da, özəl sektorda əmək müqavilələrinin sayının azalmasının xüsusi təhlil edilməsi və monitorinqlərin gücləndirilməsi vacibdir. Belə ki, məşğulluğun daha çox özəl sektor hesabına formalaşdırılması əsas prioritetlərdən hesab olunur. Eyni zamanda, iqtisadiyyat ağardıqca özəl sektorda əmək müqavilələrinin sayının artması, qeyri-leqal məşğulluğun rəsmilləşdirilməsi çox önəmlidir”.

İqtisadçı bildirir ki, bir sıra müəssisələrdə işçilərin heç də hamısı ilə əmək müqavilələri bağlanmır və deməli, bu sahədə nəzarətin daha da gücləndirilməsi vacibdir.

Vüqar Bayramov
Foto: Meydan TV

Son statistika sosial haqların faizinə yenidən baxılıb azaldılması və eləcə də dövlət sektorunda gəlirlərdə vergidən azad olunan məbləğin artırılmasını bir daha gündəmə gətirir:

Məşğulluğun rəsmiləşdirilməsi üçün təşviqedici tədbirlərin genişləndirilməsi vacibdir. Bu, xüsusən, məşğulluqda özəl sektorun lokomotivə çevrilməsi baxımından da əhəmiyyətlidir”.

Azərbaycanda iqtisadi fəal əhalinin sayı təxminən 5 milyon 300 min nəfərdir. Bu o deməkdir ki, iqtisadi fəal insanların təxminən 30 faizə yaxını muzdlu işçidir.

Üstəlik, ölkədəki iş yerlərinin böyük əksəriyyəti Bakıdadır.

Rəsmi rəqəmlərə görə, bu ilin əvvəlinə ölkədəki 1 milyon 734 min nəfər muzdlu işçinin 898 min nəfəri, yəni 52 faizi Bakıda çalışıb.

Yerdə qalan 836 min nəfər ölkənin bütün digər rayon və şəhərlərinin payına düşüb.

Regionlardakı muzdlu işçilərin böyük bölümü dövlət qurumunda çalışanlardır.

Özəl sektorda işləyən muzdlu işçilərin də təxminən 60 faizi Bakıda çalışır.

Ana səhifəİqtisadiyyatAzərbaycanda muzdla çalışanların sayı azalıb