”Azərbaycanda müstəqil fəaliyyətin mövcudluğuna təhlükə yaranıb”

“Human Rights Watch” Azərbaycanın bu təzyiqləri dayandırmalı olduğunu bildirib

Source:


“Human Rights Watch” Azərbaycanın bu təzyiqləri dayandırmalı olduğunu bildirib

2017-ci ildə Azərbaycan hökuməti azı 25 jurnalisti, siyasi və gənc fəalı siyasi motivli ittihamlarla, ədalətsiz məhkəmələrlə uzunmüddətli həbs cəzalarına məhkum edib.

Azadlıq radiosunun verdiyi məlumata əsasən, bunu “Human Rights Watch” insan haqları təşkilatı yanvarın 18-də açıqladığı “Dünya Hesabatı 2018” adlı sənəddə

bildirir.

Hesabatda qeyd edilib ki, qeyri-hökumət təşkilatlarıyla bağlı mürtəce qanunlar və qaydalar müstəqil qrupların fəaliyyətlərinə maliyyə əldə edib onu gerçəkləşdirməsini demək olar, mümkünsüz edib.

Təşkilat xatırladıb ki, polis zorakı kampaniya keçirərək onlarla geyi və transgender qadını həbs edib, yaxud onlarla pis rəftar edib, rüşvət və informasiya almağa çalışıb.

“Həbsdə işgəncə və pis rəftar edərək cəzasız qalmaq geniş yayılıb və hüquqi dəyişikliklər siyasi həssas işlərə çıxmaq istəyən vəkillərin sayını azaldıb», – hesabatda deyilir.

“Human Rights Watch”-un Cənubi Qafqaz direktoru Giorgi Gogia deyib ki, son bir ildə Azərbaycan hakimiyyəti tənqidçilərinə qarşı hücumları davam etdirib, ölkədə müstəqil fəaliyyətin mövcudluğuna təhlükə yaranıb.

“Azərbaycan bu təzyiqləri dayandırmalı, yanlış həbs olunmuş hər kəsi buraxmalı, müstəqil qrupların müdaxiləsiz fəaliyyətinə imkan verməlidir”.

“Human Rights Watch” Azərbaycanda son bir ildə həbs olunanlar sırasında videobloqqer Mehman Hüseynovun, gənc fəal Elgiz Qəhrəmanın, müxalifət AXCP-nn sədr müavini Gözəl Bayramlının, jurnalist Əfqan Muxtarlının adlarını çəkib.

Bundan başqa öncəki illər həbs olunmuş onlarla jurnalist və fəalın, o cümlədən REAL hərəkatının lideri İlqar Məmmədovun hələ də həbs cəzası çəkdiyini qeyd olunur.

“Hakimiyyət tənqidçi medianı da boğub. Mayda milli təhlükəsizliyə hədə yaratdığını iddia edərək hakimiyyət bir sıra müstəqil və müxalifət orqanlarının vebsaytlarını qapadıb”, – hesabatda vurğulanır.

Daha sonra sənəddə dekabrda qüvvəyə minmiş, Vəkillər Kollegiyasının üzvü olmayanların məhkəmələrdə müdafiə işini məhdudlaşdıran qanunvericilik dəyişikliklərinə toxunulur. Bu addımın siyasi işlərə çıxan azsaylı vəkillərin sayını daha da azaldacağı vurğulanır.

“Birləşmiş Ştatlar, Avropa Birliyi və Azərbaycanın digər ikitərəfli və beynəlxalq tərəfdaşları hökumətin tənqidçiləri hədəfə almasını pisləyib, amma insan haqlarının durumunun yaxşılaşdırılması yönündə mənalı addımlara nail olmaqdan ötrü münasibətlərdən effektiv yararlana bilməyib. AB Azərbaycanın insan haqları sahəsində real islahatlar aparmamasına baxmayaraq, Azərbaycanla yeni hərtərəfli tərəfdaşlıq razılaşması üzrə danışıqlara başlayıb”, – Human Rights Watch bildirir.

Azadlıq radiosu qeyd edib ki, Azərbaycanın rəsmiləri bu hesabata, hələlik reaksiya verməyib, ancaq indiyədək hakimiyyət təmsilçiləri ölkədə insan haqlarının durumuyla bağlı beynəlxalq tənqidləri qəbul etməyiblər, fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildiriblər. «Human Rights Watch», «Freedom House», «Amnesty International» hüquq-müdafiə qurumlarının tənqidləri isə ölkəyə qarşı «məqsədyönlü qarayaxma kampaniyası» kimi dəyərləndirilib.

Bundan əvvəl “Freedom House” təşkilatı Azərbaycanı “azad olmayan” ölkələr sırasına daxil

edib.

Ana səhifəXəbərlər”Azərbaycanda müstəqil fəaliyyətin mövcudluğuna təhlükə yaranıb”