“Azərbaycanda mülkiyyətin siyasi və hüquqi təminatı yoxdur”

Zöhrab İsmayıl: “Ölkəni indiki situasiyadan bir amil çıxarda bilər, o da sahibkarlığın inkişafıdır”

Source:


Zöhrab İsmayıl: “Ölkəni indiki situasiyadan bir amil çıxarda bilər, o da sahibkarlığın inkişafıdır”

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasından sonra imzaladığı qərarla sahibkarları bir sıra yoxlamalardan azad etdi. Qərarda qeyd olunurdu ki, yoxlamalar və lisenziyaların sayının həddindən artıq çox olması sahibkarları incidən faktordur. Verilən tapşırıqlara uyğun olaraq, noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

Eyni zamanda fərmanda lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub.

Fərmanı Meydan TV-yə şərh edən iqtisadçı Zöhrab İsmayıl fərmanının nəticəsi barədə danışmağın tez olduğunu düşünür. Onun fikrincə, maraqlı məqam prezident səviyyəsində sahibkarlığın fəaliyyətinə mane olan çoxlu sayda subyektiv amillərin olmasının etirafdır: “Söhbət hüquq-mühafizə və başqa dövlət qurumları tərəfindən quldurluq səviyyəsindı həyata keçirilən yoxlamalardan, təhdidlərdən gedir”.

İqtisadçı hesab edir ki, ümumi iqtisadi islahatlar baş verməsə, sahibkara münasibət dəyişməsə, hər hansı nəticədən danışmaq mümkünsüzdür: “Sadəcə, neft gəlirlərinin azaldığı bir dövrdə sahibkarlığın inkişafına bir az ehtiyac yaranıb. Halbuki, dövlətin sahibkarlığın inkişafına həmişə ehtiyacı olub. Amma indi hakimiyyətin özünün  ehtiyacı yaranıb. Büdcə gəlirlərində yaranan kəsiri qismən örtmək, iş yerlərini saxlamaq üçün sahibkarlar vacib amilə çevrilib”.

Zöhrab İsmayıl əsas sualın yoxlamaların məhz niyə 2 il dayandırıldığı üzərində fokuslaşmasını istəyir: “Əgər yoxlamalar qanunsuzdursa, hansısa prosedurlar pozulursa, niyə  yoxlamalar 2 il dayandırılmalıdır? Yox, qanunvericilikdə boşluqlar varsa, onda qanunlarda dəyişikliklər olmalıdır ki, problem əbədi öz həllini tapsın. Ona görə sərəncam bir növ məmurlarla anlaşmaya bənzəyir ki, 2 il dözün, sahibkarları talamayın, sonra talayarsınız. Sual yaranır; niyə 5 il yox, 2 il? 2 ilə nə dəyişəcək? Amma vergi orqanlarının yoxlama səlahiyyəti qalmaqdadır, hərçənd ki, sahibkarlar vergi məmurlarının qanunsuz yoxlamalarına, rüşvət tələblərinə və təhdidlərinə məruz qalırlar. Hər il vergi məmurları dükanları soyurdular. Bu mənada Vergilər Nazirliyinin yoxlama imkanları yenə qalır, hətta yeni qanunvericilikdə hüquq-mühafizə orqanlarına hansısa bəhanlərlə yoxlama aparmaq imkanı verilir. Bütün hallarda əsas problemlər qalmaqdadır”.

Zöhrab İsmayıl xatırladır ki, oxşar sənədlər əvvəlki illərdə də qəbul olunub: “Təəssüf ki, medianın institusional yaddaşı olmadığından bu məsələləri gündəmə gətirib təhlil etmir. Elə indiki prezidentin dövründə oxşar sərəncamlar verilib, amma imitasiya xarakteri daşıdığından nəticəsi olmayıb. Ancaq bundan sonra imitasiya da kömək etməyəcək, çünki neft gəlirlərinin azalması dövlətin gəlirlərinin kəskin aşağı düşməsinə səbəb olub. Ona görə lokal tədbirlər güclü təsirlərə malik olmayacaq. Ölkəni indiki situasiyadan bir amil çıxarda bilər, o da sahibkarlığın inkişafıdır. Kompleks addımlar atılmalıdır, söhbət heç də yoxlamadan getmir. Məsələn, rayon icra başçısının icazəsi olmadan bölğədə iri fabrik qurmaq mümkün deyil. İkincisi, Azərbaycanda mülkiyyətin siyasi və hüquqi təminatı yoxdur, insanlar başqalarının fabrik və zavodlarının alındığını görürlər. Bu mənada sərəncam kiçik sahibkarlığa nəfəslik verə bilər, ona da Vergilər Nazirliyi imkan versə. Daha vacib amillərdən biri -inhisarçılıq, ixrac və idxalda qadağalar, korrupsiya aradan götürülməlidir. Əgər sahibkarlıq mühitinin sağlamlaşdırılmasından söhbət gedirsə, yoxlama amiliylə dəyişikliyə nail olmaq mümkün deyil”.

O, lisenziyaların ASAN-Xidmətə verilməsini pozitiv hesab edir: “ASAN-Xidmətin təcrübəsi bəllidir və bu barədə vətəndaş cəmiyyətinin tövsiyələri olmuşdu. Səbəb də o idi ki, ASAN-Xidmətdən başqa dövlət qurumları korrupsiyalaşdığından effektiv fəaliyyət göstərə bilmir. Ancaq bu məsələ də konkretləşməlidir, lisenziyalaşma prosesində islahat aparılmalıdır. ASAN-Xidmət bunları qanuni şəkildə verəcək, amma bir çox lisenziyalar üçün çoxsaylı sənədlər tələb olunur. Qanunvericilikdə dəyişiklik olmasa, ASAN-Xidmət həmin sənədləri tələb etməyə məcburdur.  Azərbaycanda 50-dən artıq fəaliyyət üçün lisenziya tələb olunur ki, bunların çoxu ləğv edilməlidir. Bu say indiki prezidentin dövründə iki dəfədən çox artıb. Gəlin, gözləyək görək bu say nə qədər azalacaq və hansı fəaliyyətlər üçün ümumiyyətlə ləğv olunacaq”.

Ana səhifəXəbərlər“Azərbaycanda mülkiyyətin siyasi və hüquqi təminatı yoxdur”