Azərbaycanda mənzillərdən hostel və otel kimi istifadəyə icazə verilir

Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi proseduru tələb olunmayacaq

Source:


Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi proseduru tələb olunmayacaq

Azərbaycanda çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mehmanxana və ya mehmanxana tipli obyekt kimi istifadə edilməsi mümkün olacaq. Bununla bağlı Milli Məclisin aprelin 25-də keçirilən iclasında Mənzil Məcəlləsinin 20-ci (Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri) maddəsində dəyişiklik müzakirə edilib.

Meydan TV-nin məlumatına görə, müzkairələrdə iştirak edən deputat Asim Mollazadə dəyişikliyə qarşı çıxıb. O, yaşayış mənzillərinin hostel və otel kimi istifadə edilməsinin əleyhinə olduğunu bildirib:

“Bu, dünya praktikasına ziddir. Biz bununla vətəndaşların hüquqlarını kobud sürətdə pozmuş oluruq. Çünki bununla vətəndaşların rahat yaşayış tərzinə mane oluruq. Dünyada belə bir praktika yoxdur. Bu məsələyə yenidən baxmaq lazımdır”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli həmkarının fikirləri ilə razılaşmayıb. O, Asim Mollazadənin dedikləri yanlış adlandırıb:

“Dünyada yetərincə belə faktlar var. Hətta Avropa ölkələrində evlər və mənzillərin otel kimi istifadə edilməsi praktikası var. Hesab edirəm ki, Azərbaycanda da belə bir praktikanın tətbiq edilməsi turizmin inkişafına təkan verməklə yanaşı bürokratik əngəlləri də aradan qaldaracaq. Eyni zamanda vətəndaşların rifah halının yaxşılaşmasına təsir edəcək”.

Spiker Oqtay Əsədov da Hadi Rəcəblinin fikrini dəstəkləyib. O qeyd edib ki, Türkiyədə 35- 40 min əhalisi olan şəhərlərdə 10-15 min çarpayılıq otellər olur:

“Ancaq ayda 100 minlərlə insan bu şəhərlərdə istirahət edir, əgər mənzil turizmi olmazsa, bunu heç cür qarşılamaq olmaz”.

Deputat Əflatun Amaşov isə Gürcüstan praktikasını misal çəkərək qeyd edib ki, təkcə 2016-cı ildə Gürcüstana 6 milyon turist gəlib və bundan 2 milyard gəlir götürülüb. O vurğulayıb ki, gələn turistlərin 70 faizi isə mənzillərdə yaşayıb:

“Əhali də bundan qazanc əldə edib, dövlət də. Orada bu sahə inkişaf etdiyinə görə təklif edirəm ki, bizdə də bu sahə inkişaf etsin”.

Layihəyə əsasən, Azərbaycanda mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri “yerləşmə vasitələri” adlandırılacaq və statusuna görə yaşayış sahəsi hesab ediləcəklər.

Özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən yerləşmə vasitəsi kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.

Layihə səsə qoyularaq qəbul edilib.

Ana səhifəXəbərlərAzərbaycanda mənzillərdən hostel və otel kimi istifadəyə icazə verilir