“Son 3-4 ayda Azərbaycanın daşınmaz əmlak bazarında aktivliyin azalması müşahidə edilir və bu da qiymətin aşağı düşməsini qaçılmaz edir”
2015-ci ildə Azərbaycanın mənzil sektorunda tikinti işlərinin azalması gözlənilir. Bu barədə Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov danışıb.
Onun sözlərinə görə, bu, dünya bazarlarında neftin qiymətinin düşməsi ilə bağlı ola bilər: “Həmçinin, Qərbin sanskiyalarına görə Rusiyada davam edən qeyri-sabit vəziyyət Azərbaycanda mənzil bazarına investisiyaların həcminin azalmasına gətirib çıxarıb”.
N.İbrahimov qeyd edib ki, son 3-4 ayda Azərbaycanın daşınmaz əmlak bazarında aktivliyin azalması müşahidə edilir və bu da qiymətin aşağı düşməsini qaçılmaz edir: “Hər ay artıq qiymətin 0,5 faiz azalmasını müşahidə edirik. Son iki ayda bazarda aktivlik əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35-38 faiz azalıb. 2015-ci ilin I yarısında aktivlik əvvəlki səviyyədə qalacaq, ikinci yarısında isə müəyyən canlanma ola bilər. Lakin güman edirəm ki, daşınmaz əmlak üzrə qiymətlər il ərzində 8-10 faiz düşəcək”.
Yaranmış vəziyyət nəzərə alınmaqla, bu il kiçik tikinti şirkətləri, özəl sərmayədarlar daşınmaz əmlak bazarını tərk edə bilərlər.
N.İbrahimov vurğulayıb ki, ilin I yarısında bu, dəqiq baş verməyəcək, lakin ehtimal var ki, ilin sonuna tikinti həcmi azalsın: “Lakin maliyyə baxımdan dayanıqlı şirkətlər tikintini davam etdirəcəklər”.