Otüstü hokkey və həndbol komandaları artıq yoxdur Azərbaycan hakimiyyətinin əsas təbliğat vasitələrindən biri də ölkədə idmana yetərincə qayğının göstərilməsidir. Hakimiyyətin nəzarətində olan mətbuat Azərbaycanda idmanın günü-gündən inkişaf etdiyini təbliğ edir. Ancaq reallıq fərqlidir. Xaricdən gətirilmiş hazır idmançılarla beynəlxalq yarışlarda qazanılan bir-iki medal Azərbaycan idmanının real durumu ilə tərs-mütənasiblik təşkil edir.
Ölkədə idmana böyük qayğının göstərildiyi deyilir. Ancaq hazırda Azərbaycanda tamamilə yoxa çıxmış idman növləri var. Söhbət olimpiya idman növlərindən gedir. Və ən əsası bu idman növlərinin Azərbaycanda böyük ənənəsi, parlaq keçmişi olub…
Yoxa çıxan otüstü hokkey
Orta nəsil nümayəndələri yaxşı xatırlayar, Azərbaycanda yüksək səviyyəli otüstü hokkey komandaları mövcud olub. Azərbaycanı təmsil edən komandalar SSRİ çempionatında çıxış ediblər. Otüstün hokkey əsasən Bakıda və Sumqayıtda inkişaf etmişdi. SRRİ-nin elitasında həm Bakını, həm də Sumqayıtı təmsil edən komandalar çıxış edirdi. Onu da qeyd edək ki, Azərbaycanda otüstü hokkey həm kişilər, həm də qadınlar arasında məşhur idi.
“Azərbaycan Neft və Kimya İnstitutu” adlanan klub isə 1979 və 1980-ci illərdə SSRİ çempionatının bürünc medallarını qazanmışdı. Həmin klub 1980-ci ildə İtaliyanın Turin şəhərində öz ölkələrinin çempionatlarında bürünc medallara layiq görülən klubların Avropa kuboku uğrunda turnirdə də iştirak etmişdi. Azərbaycan Neft və Kimya İnstitutunun hokkeyçiləri finala qədər bütün rəqiblərinə qalib gələrək, həlledici oyunda İspaniyanın “Real klub Rolo de Barselona” komandasını da məğlub edərək, fəxri kuboku Bakıya gətirmişdilər.
Sumqayıt hokkey məktəbinin yetirməsi Zeynəb Nuriyeva 1980-1991-ci illərdə SSRİ-nin yeniyetmələrdən, gənclərdən və usta hokkeyçilərdən ibarət yığma komandalarının heyətində çıxış edib. 1990-cı ildə Belçikada keçirilən Avropa çempionatında isə bürünc medal qazanıb.
Böyük ənənəsi olan bu idman növünü inkişaf etdirmək, fəaliyyətdə olan məktəbləri canlandırmaq əvəzinə federasiya rəhbərliyi tamamilə başqa yol tutdu. Azərbaycanda otüstü hokkey də legionerləşdirmənin qurbanı oldu. Rəhbərlik idmançı yetişdirmək əvəzinə xaricdən hazır hokkeyçilər gətirməyə üstünlük verdilər. Bir neçə il əvvəl Azərbaycanın otüstü hokkey yığmasının bütün üzvləri Cənubi Koreyadan gətirilmiş idmançılar idi.
Onlarla bağlı insident də baş vermişdi. Belə ki, İngiltərədə keçiriləcək beynəlxalq yarışa getmək üçün Azərbaycan yığmasının üzvlərinə viza verilməmişdi. Böyük Britaniya səfirliyi yığmanın heyətində olan koreyalı idmançıların hamısının bir gecədə azərbaycanlı kişilərlə ailə həyatı qurmasından şübhələnərək, viza verməkdən imtina etmişdi. Təbii ki, həmin idmançıların azərbaycanlı kişilərlə bağladıqları nikahlar saxta idi.
Sadəcə, belə saxta nikahlarla onların yığmada oynaması təmin edilirdi. İndi o idmançılardan heç biri Azərbaycanda yoxdu. Azərbaycanda ötüstü hokkey də yoxdu. Əcnəbilərlə uğur qazana bilməyən federasiya rəhbərliyi onların hamısını vətənlərinə yola saldı. Amma ölkə daxilində idmançı yetişdirməklə də məşğul olmadı. Hazırda Azərbaycanda ötüstü hokkey çempionatı keçirilmir. Yığma komandalar da fəaliyyətini çoxdan dayandırıb. Azərbaycan Ötüstü Hokkey Federasiyasının rəsmi saytında sonuncu xəbər bir il əvvəl – 2015-ci il, iyulun 27-də
yerləşdirilib
.
Azərbaycan Ötüstü Hokkey Federasiyasının prezidenti vergilər naziri Fazil Məmmədovdur. Heydər Babayevin vəzifəsinə qurban gedən həndbol Azərbaycanda böyük ənənəsi olan idman növlərindən biri də həndboldu. SSRİ vaxtı həndbol Azərbaycanda ən populyar idman növlərindən biri idi. Azərbaycanın qadınlardan ibarət “Avtomobilçi” komandası nəinki SSRİ-də, bütün dünyada ən güclülərdən sayılırdı. Azərbaycan həndbolunun yetirmələri SSRİ yığmasının əsas üzvləri hesab olunurdular. Rəfiqə Şabanova, Lyudmila Şubina SSRİ yığmasının heyətində olimpiya çempionu olublar. “Avtomobilçi” isə Avropa Kuboklar Kubokunun qalibi olub.
Bu idman növünə böyük marağın, yüksək kadr potensialının olmasına baxmayaraq, həndbolda da milliləşdirilməyə üstünlük verildi. Acınacaqlı durum isə ondan ibarət idi ki, Azərbaycanın həndbol yığmasının əsasını gürcü idmançılar təşkil edirdi. Halbuki, SSRİ vaxtı Gürcüstanda həndbol inkişaf etməmişdi. SSRİ çempionatında bu ölkənin komandaları çıxış etmirdilər. Azərbaycanda Esmira Vahabzadə, Marina Cəfərova, Rəfiqə Şabanova, Lyudmila Şubina kimi adlı-sanlı həndbolçular yaşadığı halda, federasiya məktəblərin açılmasında maraqlı olmadı.
Azərbaycan Həndbol Federasiyasının prezidenti keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevdir. O, vəzifədə olduğu müddətdə xaricdən gətirilən idmançılarla ölkə çempionatı keçirilir, milliləşdirilmiş idmançılardan təşkil edilmiş yığma komanda bəzi beynəlxalq yarışlarda iştirak edirdi.
Heydər Babayev vəzifəsindən çıxarıldıqdan sonra həndbola vəsait ayırmaqdan imtina etdi. Babayev vəsait ayırmasa da, federasiyanın prezidenti postundan da istefaya getmir. Azərbaycanda köklü ənənəsi olan populyar bir idman növü tamamilə məhv olub. Həndbol üzrə Azərbaycan çempionatı keçirilmir. Yığma komandalar fəaliyyətini dayandırıb. Hakimiyyət isə bu duruma biganə yanaşır. Həndbol Federasiyasının rəsmi saytında isə son məlumatlar 2015-ci ilin fevral ayında
yerləşdirilib.
Özü də rus dilində. Saytda Azərbaycan dilində məlumat tapmaq mümkün olmadı.