Azərbaycanda türkiyəcə heyranlığı – kütləvi islamçılaşmadan sonra son onilliklərin ikinci sosial dəbidir.
1.
Bu yazım son illər Azərbaycan dilinin türkiyəcənin təsiri altına düşməsi haqqında yazdığım üçüncü yazımdır. Problem budur ki, bu yazılarıma etiraz bildirənlərin çoxusu ömürlərində bircə dəfə də olsun nə filoloji, nə linqvistik kitab demirəm, heç məqalə də oxumadıqları üçün, əski türkcənin tarixindən, yazılı abidələrindən, türk dilləri ailəsi atlasından, ayrı-ayrı sözlərimizin etimologiyasından, dilin fəlsəfəsindən, bir sözün azərbaycanca (türkcə) olması üçün gərəkən zəruri filoloji şərtlərdən, türk dillərinə, bu sırada Azərbaycan dilinə xas metateze, haplologiya, rotasizm kimi qanunlardan, Azərbaycan dili haqqında M.Kazımbəy, B.Çobanzadə, Ə.Dəmirçizadə, M.Şirəliyev və b. kimi görkəmli dilçilərimizin cildlərlə əsərlərindən, Azərbaycan dilinin XIII-XIV yüzilliklərdə yazılmış lüğətlərindən (məsələn, F.Hinduşah Naxçıvani-nin “Əs-Sihah əl-əcəmiyyə” lüğətindən), Azərbaycan dilinin dördcildlik tarixindən, 27 minlik dialekt sözlərimizin lüğətindən, Güney Azərbaycan dialektinin yüz illərdir araşdırılmadan qalmış, tutumu on minlərlə ölçülən anadilli lüğət fondundan və s. və i. xəbərsiz olduqları üçün və üstəlik bu xəbərsizliklərindən də xəbərsiz olduqları üçün, durum-murum sözləriylə danışmağa başlamış bu bisavad adamlara dilin fəlsəfi mənada nə olduğunu, ana dilimizi nə üçün qorumalı olduğumuzu, türkiyəcənin necə bir “dil” olduğunu aydınlaşdırmaq mənə olduqca çətindir.
2.
Əslində mən onları yaxşı başa düşürəm, yazılarında türkiyəcə bildikləri beş-altı söz işlətməklə düşüncələrinin dayazlığını və adiliyini ört-basdır etməyə çalışırlar. Özləri də duyurlar ki, cızma-qaraları qoca nənələrinin sözlərindən məzmunca çox da fərqli deyil. Buna görə də türkiyəcə sözlər onlar üçün başqalarından seçilmək, müasir və yeni görünmək arzusu və çarəsidir. Təhsilsizliyin son ucu belə də olmalıydı. Bir sözlə, Azərbaycan kulturasında ənənəvi terminbazlıq xəstəliyi, tarixi “Ərəbcə de, şeyx, ərəbcə!” (M.Cəlil) fenomenidir indi təkrarlanan. Ancaq türkiyəcə heyranlığının səbəbi təkcə bu da deyil; özündəniyrənmə, özgəyə yalmanma, vüqarsızlıq, sınmışlıq, nökərçilik, qul şüuru, qoltuqaltılıq da başlıca rol oynayır.
İcazə verin, uşaqlığımdan bir xatirəmi burada sizinlə bölüşüm. Anam həyətimizdə toyuq-cücə saxlayardı. Toyuqların içində bir dənəsinin xoruza münasibəti o biri toyuqlardan başqa cürə idi: Xoruz birdən başını qaldırıb acıqlı səslə qiyyə çəkən kimi, bu toyuq 15-20 metr məsafədən öz eşələnməsini dayandırıb, yerə yataraq, “hazır” vəziyyət alardı… O biri toyuqlar xoruz onların üstünə hətta cümsa belə, bir az o yan-bu yana qaçar, asanlıqla əl verməzdilər… Ancaq bu toyuq xoruzun uzaqdan adi bir çığırtısı qarşısında artıq dombalmış olardı. Evimizdə böyüklərin bu toyuğa ayama da verdiklərini bilirdim, eşitmişdim, burda yazmaq olmaz. Bir çox azərbaycanlının türkiyəcə qarşısında davranışı mənə həmin o toyuğumuzu xatırladır indi.
Məsələn, bir qəzetin “boş reaktor”u sosial şəbəkədə klaviaturasını təxminən belə döyəcləyibmiş: “Biz “qərb” əvəzinə “batı” deyirik, “şərq” əvəzinə də “doğu”, belə də deyəcəyik, əcəb eliyirik, “nervilənməyin”!”
Ədəbiyyat tariximizdə və ədəbi dilimizdə özümüzün “batarı” (Ə.Məmmədxanlı, “Babək” romanı), “günbatan” sözlərimiz varkən, nə üçün “batı” deyirsiniz? “Doğarı” (yenə orada), “gündoğan”, “günçıxan” sözlərimiz varkən, niyə “doğu” deyirsiniz? Dilimizdə sumerlilərin dili ilə ortaq olan -arı, -əri sonluqları yön bildirirlər (dışarı, içəri və s.); bizim batarı və doğarı sözlərimiz böyük filoloji ustalıqla qurulmuşdur. Bəs, siz niyə batı-matı deyirsiniz? Mən deyim niyə.
Öz dilinizi ancaq nitq səviyyəsində bildiyiniz üçün! Öz ədəbiyyatınızı oxumadığınız üçün! Həmişə güclünü, kütləviliyi, dəbi doğru yol saydığınız üçün! Qul şüurunda süründüyünüz üçün! Özünüzü ancaq qıllı qoltuq altında rahat hiss etdiyiniz üçün! İntellektual əməyi sevmədiyiniz, kəsə yoldan soxulub, başqalarının əməyinə ortaq olmaq istədiyiniz üçün! Düşünmək tək qalmaq və orijinal olmaqdır; düşünə, tək qala, orijinal ola bilmədiyiniz üçün! Əzbərçi olduğunuz üçün!
“Biz türkçüyük” deyib, öz savadsızlığınıza və nökərçiliyinizə türkçülük donu geyindirməyin. Mən bundan qabaqkı məqalələrimdə də çoxlu sözlərimizi misallar göstərərək sübut etdim ki, siz özümüzün yüzillərlə yaşı olan türkcə sözlərimizi tüpürüb, “kabinetdəqayrılma” türkiyəcə sözləri ağzınıza təpişdirirsiniz. Görməmişliyinizin adını heyranqulu qoymayın, sizinki nə türkçülükdür, nə də dili türkcələşdirmək.
3.
Başqa bir nəfər isə sosial şəbəkədə klaviatura düyməçələrini belə tıqqıldadıb: “Biz balaca ölkə olaraq nə böyük dil yarada bilərik, nə də farsca, rusca, ingiliscə qarşısında özümüzü qoruya bilərik. Türkiyə türkcəsini dinməzcə, quzu balası kimi qəbul etməliyik, bu, bizim xilas yolumuzdur.” (yazıqlaşmaya diqqət! – A.Q.)
Özünü yazıçı sanasan, yaşın 50-ni ötsün, öz dilinin imkanlarını bilmədən, yoxlamadan, heç bir araşdırma aparmadan, utanmazcasına, belə məsuliyyətsiz, belə rüsvayçı sözlər bəyan edəsən. Dilimizi Orta Əsrlərdə farsca və ərəbcə ilə kirləndirənlər də eynilə bu cür düşünür, eyni arqumentə söykənirdilər: “…quzu balası kimi qəbul etməliyik, bu, xilas yolumuzdur.” Həmin babaların sınmış mənəvi nəvələri bu dəfə dili guya ərəbcə və farscadan arındırmaq və qorumaq örtüsü altında eyni düşüncə səpkisini davam etdirirlər. Bir dilin yiyəsi – o dilin şairləri, yazıçıları, dramaturqlarıdır, elm adamları, dilçiləri, filosoflarıdır, ən birinci də o xalqın özüdür, kəndlisidir. Bizdə isə dilə yiyə çıxmalı olan adamların çoxunun buna nə bilikləri çatır, nə də təpərləri.
Azərbaycan dili türkiyəcə qarşısında artıq “kəndçi dili” statusuna düşmək üzrədir, ancaq dillənən yoxdur, biabırçılıqdır.
4.
Azərbaycanlıların aldanışlarından biri “türk dizi”lərindən eşitdikləri sözləri “Anadolu türkcəsi” saymaqlarıdır. Başa düşün, Anadolu kəndlisinin danışdığı dil – XI yüz illikdən etibarən oğuzca ilə qıpçaqcanın qovuşmasından formalaşmağa başlayan Anadolu türkcəsi – bizim də ana dilimiz sayılır, başqa sözlərlə desək, Anadolu türkcəsi bizim doğma dilimizdir.
Mən isə sizə 1930-cu illərdə, Türkiyə dil idarəsi kabinetlərində, bir neçə dilettant işçi tərəfindən, tələm-tələsik yaradılmış onminlərlə köksüz, yanlış, laboratorial-eksperimental işarələr toplusundan – türkiyəcədən danışıram. (Məsələn, “uçak” sözü 1935-ci ildə düzəldilərək əslində “aeroport” üçün təklif edilib, amma camaat bu sözü “təyyarə” mənasında başa düşüb, nəticədə dil idarəsi 1944-cü ildə uçak sözünü təyyarə mənası üçün rəsmiləşdirməyə məcbur qalıb, beləcə, uçak olub təyyarə. Bir sözlə, tam təsadüf; öz aramızdır, uçak türk xalqı tərəfindən, təsadüfən, tualet mənasında da başa düşülə bilərdi, onda azərbaycanlılar indi tualetə uçaq deyəcəkdilər). Elə buna görə də Türkiyə dilçiləri Anadolu türkcəsinə “Anadolu ağzı”, sizin türk teleseriallarına baxa-baxa öyrəndiyiniz qurama dilə isə “Yeni türkcə” adı verirlər. Bax, bu “yeni türkcə”yə mən türkiyəcə deyirəm.
Türkiyəcə nəinki Anadolu türkcəsi deyildir, mənə qalsa, heç dil deyildir, sadəcə dövlətin inzibati gücüylə xalqa yeridilmiş səsli işarələr toplusudur.
Gəlin, belə bir xəyal quraq: Sabahdan Azərbaycan dövlət başçısı fərman imzalayır, siyasi rəhbərliyin bütün inzibati resursları işə düşür, dili türkcələşdirmək adı ilə, ayrı-ayrı söz və terminləri dəyişdirməyə başlayırlar, məsələn, siyasətə “samansu”, həqiqətə “düzgedər”, səhiyyəyə “sağlamlama” deməyə qərar verirlər; “qapalılamaq”, “düzgünc”, “genqol”, “özqıç”, “dışarmaq” kimi sözlər quraşdırılır, habelə, fış, ju, bom, züy deyə çoxlu sonluqlar da uydurulur, isim kökü, feil kökü fərqi qoyulmadan, kök və sonluqların etimoloji mənası nəzərə alınmadan, ixtiyari və təsadüfi formada minbir söz yaradılır, hərəsi üçün də əvəzləməyə ərəbcə, farsca qarşılıqlar tapılır, bu yeni lüğət fondu rəsmi dövlət dili elan edilir, yeni sözlər lüğəti xalqa havayı paylanır, dərsliklər bu sözlərlə yazılır, rəsmi xəbərlər bu sözlərlə oxunur, dövlətin vətəndaşla yazışmaları bu sözlərlə aparılır, əməl etməyənlərə cəzalar nəzərdə tutulur, tərcümələri bu sözlərlə edənlərə dövlət mükafatları verilir və s. Heyran olduğunuz türkiyəcə belə yaranmışdır.
Doğulan yeni nəsillərin bir dili türkcə saymaqlarıyla o dil dönüb türkcə olmaz. Hər bir dilin konvensional-texniki yol-nəqliyyat nişanları kimi işarələr toplusundan prinsipial fərqi vardır. Ayrı-ayrı nəsnələrin adını öz itinə ixtiyari ad seçərcəsinə təsadüfi quraşdırmaq, sonra da xalqı bu qurama dildə danışdırmaq olar; o dil asan və rahat ola bilər, ancaq heç vaxt doğruçu mənada dil ola bilməz.
Türkiyəlilər bizimlə eyni soydan ola, Azərbaycan dövlətinin siyasi mövqeyini orda-burda səsləndirə bilərlər, az-çox siyasi-hərbi müttəfiqlik də edə bilərik, Türkiyədə mənim kimi illərlə təhsil almış, dissertasiya yazmış, bu dili hətta terminoloji səviyyədə öyrənmiş də ola bilərik, türkiyəli çoxlu dostlarımız, ortaqlarımız da ola bilər, bildiyimiz yeganə xarici dil türkiyəcə ola bilər, hətta türkiyəcəni çox sevə də bilərik və s. Ancaq bütün bunlar Azərbaycan türkcəsini türkiyəcənin ayaqları altına atmaq demək olmamalıdır.
5.
Oxumağım üçün mənə kitab adları sadalamağından, bilik səviyyəsindən və yazı səpkisindən yeniyetmə yaşlarında olduğunu duyduğum bir nəfər güneyli dostumuz mənə cavab vermək üçün bir məqalə yazmışdır. Gəlin, onun dediklərindən indilik ancaq birinə baxaq:
“Doğa sözü hər şeydən əvvəl, Türk Dili Kurumu adlanan təşkilatın uydurduğu söz deyil” deyir. Bu cümlədən sonra müəllifdən gözlənilən “doğa” sözünün işlənildiyi həmin əski qaynaq(lar)ın adını çəkməsi idi. Ancaq o, bu sözü hansı əski türkdilli qaynaqda gördüyünü yazmır, yaza da bilməz, çünki “doğa” sözü əski türk dilinin heç bir yazılı qaynağında yoxdur! Sadəcə olaraq, o, məlumatsız oxucunu söz dumanı yaratmaq taktikası ilə aldatmağa çalışır. Türkiyəcənin apologetlərindən dilçi professor T.Gülensoy yazıb: “doğa” sözü Türkiyə dil idarəsi tərəfindən 1935-ci ildə “məzac” (xarakter) mənasında, 1942-ci ildə də “təbiət” mənasında təklif edilmişdir (Bax.: Türkiye Türkçesindeki Türkçe Sözcüklerin Köken Bilgisi, səh. 292. Ankara, 2007).
Doğ- (əski qaynaqlarda toğ-, tuğ- kimi formalarda) feil kökü dilimizdə əlbəttə vardır; feil kökündən adlar düzəldən -a, -ə sonluqları dilimizdə əlbəttə vardır, yara, ötə kimi sözlər bu sonluqlarla yaranıblar. Mən bunları bilmirəmmi?!
Mən doğa sözünün semantik baxımdan yanlışlığını iddia etmişəm; doğa sözü nəsnəsinə (təbiətə) adekvat deyildir, təbiətdə hər şey doğmaz demişəm; üstəlik, doğa sözünü yaradanlar təbiət sözü qarşılığında əski türkdilli qaynaqlarda tez-tez qarşımıza çıxan sözə bambaşqa məna verməklə ortalığa batırıblar, demişəm. Ümumiyyətlə, “təbiət” qarşılığında yeni bir sözün yaradılması yanlış olmuşdur, demişəm. Çünki necə ola bilərdi ki, az qala bütünlüklə “təbiətsiz” şəraitdə yaşayan ərəb xalqı təbiət sözünü yarada bildi, ancaq yüz illərlə Avrasiyanın ən dolğun təbiətində yaşamış əski türklər təbiətə ad qoya bilmədilər?!
Yeri gəlmişkən, doğa sözü yanlış olduğu üçün, doğal sözü də yanlışdır.
(Ardı olacaq)
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.