Ali qanunun qəbul edilməsindən 23 il ötür
12 noyabr – Azərbaycanda Konstitusiya Günüdür.
1995-ci ildə indiki konstitusiya ümumxalq referendumu əsasında qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.
5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olan Ana Yasaya ötən müddətdə üç dəfə referendum yolu ilə əlavə və dəyişikliklər edilib, 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də, 2016-cı il sentyabrın 26-da.
Birinci dəyişiklikdən sonra proporsional seçki sistemi ləğv edildi və baş nazir ikinci şəxs statusu aldı.
2009-cu ildə keçirilən referendumda bir şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağa aradan qaldırıldı.
İki il əvvəl keçirilən referendumda isə prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırıldı, ölkədə vitse-prezidentlik təsis edildi.
2017-ci ildə İlham Əliyev xanımı Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin etdi.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi.