Alov İnanna: “ Daim ən lüks olana çan atmağa mən “Midas xəstəliyi” deyərdim”
Qadın, din, mentalitet barədə yazdıqları tarixi-fəlsəfi yazıları ilə tanınan Alov İnanna artıq uzun müddətdir ki, Azərbaycanı tərk edib. Alov xanım və həyat yoldaşı, filosof Ağalar Qut 5 ilə yaxındır ki, Almaniyada yaşayırlar. Bu müddət ərzində ziyalıların həyatında nə dəyişib? Onlar Avropada özlərini necə realizə edirlər? Azərbaycana kənardan baxanda ziyalı, filosof gözü ilə nələri müşahidə edirlər?
Alov İnanna Meydan TV-ni maraqlandıran bu suallara cavab verməyə razı oldu.
– Alov xanım, artıq uzun müddətdir ki, Avropadasınız. Bu müddət ərzində həyatınızda nə dəyişib?
– Sual bir qədər ümumidir. Mənim özüm üçün bu saat həyati dəyişikliklərdən, məsələn, ağız dadımızın, rejimimizin və s. dəyişilməsindən çox, intellektual dəyişikliyim, misal üçün, elmi-tədqiqat istiqamətimin dəyişməsi, dünyagörüşümdə sınmaların olub-olmaması və s. maraqlıdır. Amma dəyişikliklər siyahısı tutmaq əvəzinə, gəlin, qısaca belə deyim: nəyin dəyişkən, nəyin dəyişməz olması üstündə, fəlsəfə tarixində indiyədək çəkən qədim bir mübahisə var. Dəyişməzliyə idea, mahiyyət, substans, dəyişkənliyə isə dünya, təzahür, aksident kimi adlar verilib. Mənim həyatımda da dəyişməzlik, deyəsən, elə dəyişməz də qalıb, dəyişkənlik isə elə bu müsahibə əsnasında da dəyişməkdə davam edəcək.
– Mümkünsə bir az Almaniyadakı həyatınızdan, işinizdən, çevrənizdən danışın. Bildiyim qədərilə, orda Ağalar müəllim də, siz də təhsil sahəsində çalışırsız…
– Bakıda yazdığım haykulardan biri belə idi: “Uğurlarıyla silahlanıb küçəyə çıxdı, vay rastına çıxacaq adamların halına”. Biz bəzən “Necəsən?” sualını, uğurlarımızı yumruğa döndərib sadalamaqla başqalarını əzmək, incitmək və beləcə öz uğurumuzdan başqaları üzərində qələbə həzzi də almaq üçün intizarla gözləyirik: “Kaş, biri mənə necəsən deyəydi.” “Necəsən?” sualını verəndə, adətən, iki niyyətimiz olur: birində qarşımızdakı insanın hansı köməyə ehtiyacı olmasını öyrənmək istəyirik, birində də qarşımızdakının vəziyyətini öz vəziyyətimizlə tutuşdurmaq istəyirik. Alacağımız cavabı öz uğurlarımızın dərəcəsini ölçmək və beləcə özümüzə qiymət vermək üçün istifadə edirik.
Başqasının öz şəxsi həyatından, daha doğrusu, öz uğurlarından gen-bol danışmasına normal baxsam da, özüm bunu eləməkdə bir az çətinlik çəkirəm. Çünki mən bu saat nə desəm, oxucular bunu istər-istəməz özlərindəkilə tutuşdurub, umsuq ola bilərlər. Ölkəmizdə məlum və məlun səbəbdən arzuları ürəklərində qalan, hətta ömürləri puça çıxan, nəticədə ya bütövlükdə həyatdan küsüb depressiyaya düşən, intihara meyllənən, ya da onları bu hala gətirib çıxaran məlum və məlun baiskar bir qırağa dursun, hətta azacıq uğurlu insanlara qarşı da, sosial şəbəkələrdə haqlı olaraq qəzəb və kin tökən həmvətənlərim qarşısında Avropa yaşayışından danışmağa, sözün açığı, mən utanaram və çəkinirəm.
Qısaca deyə biləcəyim budur ki, hər ikimiz burada elmi karyeramızın ardı kimi postdoktoral tədqiqatla məşğuluq. Bundan əlavə, mən Gunaz.tv-də “Umay” adlanan müəllif proqramım üçün tele-mühazirələr hazırlayır və Meydan TV-də araşdırmalarımın bəzi nəticələrini çap etdirirəm, necə deyərlər, gəldiyim elmi nəticələri aprobasiya edirəm.
– Yazdığınız yazılardan hiss olunur ki, Azərbaycanda baş verənləri diqqətlə izləyirsiniz. Bu sizə bir filosof, bir yazar kimi müşahidə, mövzu üçün lazımdır, yoxsa həm də Azərbaycandan ötrü darıxırsınız, bu ölkə ilə bağlılığınızı bitirə bilmir, ya istəmirsiniz?
– Yəqin ara-sıra yazdığım Fb statuslarımı nəzərdə tutursunuz. Çünki verilişlərim və məqalələrim Azərbaycanda baş verənlərlə bağlı olmur. Araşdırmalarımın mövzusu – insanlığın, şüur tarixinin arxeolojik, mifik və feminin prehistorik qatı ilə əlaqədardır. Kulturoloji və fəlsəfi-antropoloji araşdırmalar aparan biri üçün isə öz kulturası ilə bağlar qırılmaz bağlardır və mən onları itirməyə yox, əksinə, onlar üzərində refleksiya etməyə meylliyəm.
Ancaq biz Bakıda olduğu kimi, burada da evdə Azərbaycan tv proqramlarına qəti olaraq baxmırıq. Azərbaycanı ancaq xəbər saytları və Fb vasitəsilə izləyirəm. Buradan tanıdığımız və özümüzə dost saydığımız bir neçə dəyərli azərbaycanlı ailə ilə minimum səviyyədə əlaqəni çıxmaq şərtilə, öz azərbaycanlı çevrəmizi şüurlu olaraq genişləndirmirik. Azərbaycanda baş verənlərin içərisində olmaqdan ötrü və azərbaycanlılararası münasibətlər üçün də darıxmıram, yox. Ancaq mən vətənimizin və xalqımızın gələcəyinə heç vaxt biganə olmamışam və indi də deyiləm. Məsələn, mənim Ermənistan-Azərbaycan konfliktinə münasibətim əsla passivist və loyal deyildir.
Azərbaycanın bu günü mənim deyil, keçmişi və gələcəyi mənimdir. O keçmişin öyrənilməsində və o gələcəyin qurulmasında, onun şüur arxitekturasında iştirak etmək istəyirəm.
– Kənardan cəmiyyətimizdə nə müşahidə edirsiniz, mədəni-sosial anlamda hansı dəyişiklikləi görə bilirsiniz?
Məsələn, on il əvvəlki gənclik, qadın, din, davranış və s. ilə bağlı problemlər daha da dərinləşib, yoxsa azalıb?
– Ən bahalı kosmetika Avropada istehsal olunsa da, burada kosmetikadan istifadə edən avropalı qadın tək-tükdür, əvəzində kosmetikanın alınmasına və istifadəsinə görə Şərq xanımları, bu sıradan bizimkilər ilk yerlərdən birini tuturlar. Ən bahalı maşınlar Avropada düzəldilsə də, avropalılardan daha çox belə maşınları Azərbaycanda sürürlər. “Avropa qapıları”nı bunların dülgərləri yaradır, mənsə almanların evində, heç professorunun da evində belə “Avropa qapısı” görməmişəm, amma Azərbaycanda insanlarımız düşünürlər ki, hətta borc-xərclə də olsa evlərinə “Avropa qapısı”ndan keçməlidirlər. Avropanın ən bahalı telefonlarını, nə bilim, ən bahalı geyimlərini də Bakıda buradakılardan müqayisəyəgəlməz dərəcədə daha çox alırlar.
Zənnimcə, Azərbaycanda kasıb olmaqdan çox, kasıb görünməkdən, kasıb sayılmaqdan qorxurlar. Bu da ona gətirib çıxarır ki, camaatımız varlı olmasa da, varlı kimi görünmək istəyir. Və beləcə bütün təbəqələrdə nümayişçilk, maddiyyat ekşibisionizmi – göstərib həzz alma, öz varlığını Frommun termini ilə desək, “malik olduqları ilə” eyniləşdirib gözə dürtmə epidemiya kimi yayılmaqda və artmaqdadır. İşin çıxılmaz yanı budur ki, bu bəla həmişə olub bizdə, acından günorta dursa da, kasanın dibində saxladığı yağı bığlarına sürtən kişinin lətifəsini yəqin bilirsiniz. Hamı elə düşünəcəkmiş ki, bu kişi hər gün yağlı plov yeyir. Yaxud, qədimi parçalarımızın adları milli şüuraltımızı görün necə ifşa edir: “Küçə mənə dar gəlir”, “Qonşu bağrı çatladan”, “Alışdım-yandım”, “Hacı mənə bax”, “Tindən mənə bax”…
Sovet sosialist quruluşunun çöküşü ilə kapitalizmin alternativsizləşməsi, daha doğrusu, alternativsizmiş kimi təbliğ edilməsi, bu vəziyyəti pik halına gətirib çıxarıb. Daim istehlak etmək və bunu nümayiş etdirmək. Daim ən lüks olana çan atma: mən buna Midas xəstəliyi deyərdim. Barmağını istədiyi şeyə vurub qızıla döndərən kral Midas. Bu xəstəlik elə bir ehtiras yaradır ki, hər şeyin qızıldan olmasını istəyirsən, xörək yediyin qab-qacağın, şərab içdiyin qədəhin, sürdüyün maşının, təyyarənin, hətta içinə qarnındakıları boşaltdığın unitazın da. Bu, təkcə ərəb şeyxlərinin, ya da varlanmış qaraçıların tutulduğu bəla deyil, başda Azərbaycan iqtidarı olmaqla, elitası da, müxalifəti də, sadə camaatı da bu mərəzə tutulub. Azərbaycan prezidenti ağıl kimi qeyri-maddi, fəlsəfi bir dəyəri pulla ölçdüyünü gizlətmir, əksinə, bunu rahatca dilinə gətirə bilir. Onun bu yaxınlarda beynəlxalq görüşlərin birində öz rəqibinə “Ağıllısansa, niyə kasıbsan?!” deməsindən xəbər tutduq. Yeri gəlmişkən, Prezidentin bu sözünə cəmiyyətdə heç bir diqqət yetirilməməsi, dediyim mərəzin artıq kütləvi hal aldığını göstərir. Görünən budur ki, hamı bu məsələdə yekdildir. Bu, fəlakət deməkdir.
Hamının “ağıllı”, başqa sözlə desək, varlı, imkanlı olmaq istədiyi belə maddiyyat yarışında və nümayişində islamçılar özlərini mənəviyyat təmsilçisi kimi aparırlar və bu yarışdan iyrənənlər üzünü dinə tutur. Dünya malının faniliyi, “Süleymana qalmayan dünya” ideyası, fəna-fillah, şükr, təvəkkül, təslimiyyət, səbr və s. kimi anlayışlar islama guya anti-maddiyyatçı donu geydirir. Baxmayaraq ki, dinin təkcə cənnət təsvirinə nəzər salsaq, ən böyük maddiyyatçılığın elə dində olduğunu görərik: “daş-qaşla bəzənmiş döşəklər və taxtlar, su, süd, şərab, bal axan çaylar, qızıl və incilərlə bəzənmiş ipək və atlas paltarlar, möminlərin taxacağı qızıl və gümüş bilərziklər, qızıldan olan məcməyi və qədəhlər, cürbəcür meyvələr və quş ətləri, məmələri təzəcə tumurcuqlamış ağ-appaq yumurta kimi iri gözlü bakirə hurilər…” İndi yazıq orta statistik azərbaycanlının halını gözünüzün qabağına gətirin, o tərəfdəki dini-ruhi dünyası da maddiyyat üstə qurulub, bu tərəfdəki dünyəvi-maddi dünyası da…
– Son illər mətbuatda qadına şiddət və azyaşlıları zorlanması xəbərləri olduqca artıb. Siz bir filosof olaraq, necə düşünürsüz, bu, hansı proseslərin nəticəsidir və sonu necə görünür?
– Qadınlarla bağlı həm zoraklıq, həm də zorlanma faktlarının artması müxtəlif səbəblərlə bağlı deyil, eyni mənbədən qidalanan hadisələrdir.
Əlahəzrət patriarxallığın diqtəsi ilə Azərbaycan kimi ölkələrdə oğlan və qız uşaqlarının tərbiyəsi daban-dabana zidd olan prinsiplər üzərində qurulub. Qız uşaqlarına ayaqları yer tutar-tutmaz iki şey öyrədilir. Birincisi, öz cinsiyyətindən utanmaqla bağlıdır; buraya bədən üzvlərini gizlətmək, səsini və gülüşünü qısmaq, güləndə ağzını qapamaq, yerişinə, duruşuna, oturuşuna fikir vermək və s. kimi bədən dili ilə bağlı təlimlər daxildir.
İkinci öyrədilən şey isə atasından, babasından, qardaşından başlayaraq kişi xeylaqlarına qulluq etməkdir. Adı üstündədir: qul-luq etmək. Yəni arvadın ərə, bacının qardaşa, nənənin babaya, gəlinin bütün ər evi komandasına, katibənin müdürə və s. qul-luq etməsi. Qul-luq itaət duyğusu üstündə qurulur, bəzən qul-da azadlıq həvəsi olur, ağalar da tezcə həmin həvəsi boğub potensial “üsyanı” yatırdırlar. Bunun da evfemizmi olur müasir dildə “qadınlara qarşı zoraklılıq”.
Oğlan uşaqlarına isə lap kiçik yaşlarından öz cinsiyyət orqanı ilə fəxr etməyi öyrədirlər; bunların başında cinsi məzmunlu söyüşlər gəlir. Üstəlik, onların cinsiyyət orqanı yalnız söyüşdə fəal iştirak etməklə qalmır, sevgi ünsürü kimi “canını yeyim”, “gözünü yeyim” tipli əzizləmələr menyusuna da daxil olur.
Qəhrəmanımız bir az böyüyüb yeniyetmə olan kimi qız-gəlinə söz atmağı öyrənir, yenə bir az böyüyəndən sonra bir oğlan üçün bakir olmağın utanılacaq bir şey olduğunu öyrənir, bir az sonra “tutduğu qızların” sayı fəxarət mənbəyinə çevrilir, daha sonra evlənməsi, hətta qız atası olması da onun qadına münasibətində ülvi heç nə yaratmır, qadını hər zaman kiminsə malı, qulu hesab edir, ona görə də girəvəsinə belə bir “yiyəsiz-sahibsiz” qadın keçəndə fürsətdən dərhal yararlanır. Yəni, bir zorlama hadisəsi bir anlıq ehtirasın nəticəsi deyil.
İslamın müqəddəs sayılan kitabında qadın zorlamağa qarşı bircə cümlə də yoxdur, əksinə, cihad edərkən ələ keçən qadınlar qənimətlərin başında gəlir, hələ evin qulluqçusu olan cariyələrin ev sahibinə “halal qılınması”nı demirəm. Əlavə edim ki, burada cariyənin razı olub-olmamağı heç nəzərə də alınmır. Qərəz, bu haqda çox danışmayım, istəyən elə Meydan TV-də bununla bağlı “İslam qadını zorlamağa rəvac verirmi” mövzusunda yazıma baxa bilər.
Dini terminologiyada addımbaşı “təhrikedici” ifadəsinə rast gəlinir. “Tərbiyəsiz” qadınların açıq-saçıq geyimi ilə, gülüş səsləri ilə yoldan çıxarılan “məsum” kişilərin özünümüdafiədən çox qabaqdangəlmişlik edib hücum kimi yararlandıqları ifadədir “təhrikedici”. Ümumiyyətlə, bilirsiniz də, “qadın həmişə günahkardır”. Gəldiyim qənaətlərin nəticəsi kimi üç günahkar qadın arxetipi üzərində dayanmaq istəyirəm. Arxetip ulu nənə-babalarımızdan bizə miras qalan şablonlar, bizim təfəkkürümüzü və hərəkətlərimizi müəyyən edən düşüncə və davranış qəlibləridir. Haqqında danışacağım qadın arxetipləri həm bizdə, həm də başqa kulturalarda nə üçün həm zorakılığıa məruz qalan, həm də zorlanan qadınlarların günahkar sayılmasını izah edir. Birincisi, Pandora arxetipidir. O, Zevsin tapşırığına əməl etməyib içində fəlakətlər və bədbəxtliklər olan qutunu açır və onların yer üzünə dağılmasına səbəb olur. Pandora ziyanlı qadın marağının, qadın itaətsizliyinin təmsilçisi və yer üzündəki bütün bəlaların baiskarıdır. İkincisi, Yelena arxetipidir. Gözəlliyi ucbatından yüz illərlə davam edən müharibələrin, tökülən qanların səbəbkarı. Üçüncüsü də, Həvva arxetipi. Allahın və Adəmin dediklərinə itaət etməyən, şeytana Adəmdən bir addım daha yaxın olan, şeytana uyub ərini yoldan çıxardan və beləcə Adəmin də cənnətdən qovulmasına səbəb olan qadın. Və indi bu arxetiplərin gördüyü iş nə olur? Baş verən bütün məsələlərdə qadının günahkar sayılması.
Dinləri və mifləri bir qırağa qoyaq, görün hələ qadına qarşı zorakılıqları və zorlanmaları bizim “atalar”ımız necə əsaslandırır:
– İydə varsa, cəhrədə də var.
– İpində varsa, cəhrəsində də var, onu əyirən çəpəldə də var.
– Keçinin əcəli çatanda buynuzunu çobanın çomağına sürtər.
– Yüyrək at özünə qamçı vurdurmaz.
– Nə işin vardı Zazanda, başın qaynaya qazanda?
– İnək göz eləməsə, dana sıçramaz.
– Günah öləndə olar.
– Bir filosof kimi ən çox toxunduğunuz problemlərdən biri də, qadınlara qarşı ayrı-seçkilikdir. Necə müşahidə edirsiniz, Avropada bu problem sonuna qədər həll edilibmi? Edilməyibsə, hansı stereotiplər, nüanslar dəstəkləyir bu ayrı-seçkiliyi?
– Avropa feministləri haqlı olaraq hələ də məmnun deyillər. Bir misal verim. Bu yaxınlarda Berlində qadınların iqtisadi baxımdan güclənməsi ilə bağlı “Woman-20” adlanan zirvə sammiti keçirildi. Orada jurnalistlərin “İçinizdə kim özünü feminist sayır?” sualına Angela Merkelin əl qaldırmaması və “Özünüzü feminist kimi görürsünüzmü?” sualına onun elastiki və çoxyozumlu cavabı alman mediasında müzakirəyə çıxarıldı. Bununla bağlı və buna oxşar təcrübələrdən çıxış edən feminist araşdırmaçıların gəldikləri nəticə belə idi: pop kultura istisna olmaqla, cəmiyyətdə uğur qazanmış qadınlar özlərini feminist kimi göstərmək istəmirlər və bu adı özlərinin növbəti uğur və karyeraları üçün təhlükə sayırlar.
Göründüyü kimi, təkcə Azərbaycan kimi patrarxal cəmiyyətlərdə feminist adından qorxu yoxdur, hətta çoxdalğalı feminizm mərhələsi keçən Avropa da bu qorxudan hələ də qurtulmayıb. Ancaq yenə də bu gün Avropa feminstləri qadınlarla bağlı min illərin bərkimiş stereotipləri ilə döyüşürlər: hələ də qadın əməyinin kişi əməyindən bəzən daha az qiymətləndirilməsinə, uşaq baxımının qadın işi sayılmasına, liderliyin kişilərə yaraşdırılmasına qarşı və s.
Əlbəttə onların qaldırdıqları problemlərin çoxu bu gün Asiya ökələrinin qadınları üçün çox lüks görünə bilər, ancaq qadınlarla bağlı problemlər hər yerdə eyni stereotiplərə və arxetiplərə söykənir. Məsələn, bilindiyi kimi, Avropada bir işə namizədliyini verərkən CV, ərizə və s. bu kimi sənədlərin hazırlanması vacibdir. CV üçün çəkilən şəkillərdə qadın üzləri iki cür qiymətləndirilir; yumşaq, yumru, oval, yumruburunlu üzlər feminin; sərt, uzunsov, bir qədər düz burunlu üzlər isə maskulin sayılır. Sən demə, əgər bir qadın öz namizədliyini rəhbər vəzifəyə irəli sürürsə, CV-dəki feminin, qadınyana foto onun arzusunu ürəyində qoya bilər. Çünki işəgötürənin nəzərində, rəhbər olacaq şəxs kişi olmasa belə, maskulin, kişiləri imitasiya edən üz cizgilərinə malik olmalıdır. Bunu nəzərə alan fotoqraflar namizədlik üçün çəkiləcək foto şəkillərə lazım gəldikdə “əl gəzdirirlər”: qadının üzü feminin təsir bağışlayırsa, ona maskulin görkəm vermək üçün fotonu retuşlayırlar.
Yaxud başqa bir misal verim. Almaniyada “Hotel Mama” deyə bir anlayış var; yetkinlik yaşına çatmış oğlan və qızların öz valideynləri ilə birgə yaşamasını nəzərdə tutur. Araşdırmaların gəldiyi nəticə budur ki, oğlanlar qızlarla müqayisədə daha çox valideynləri ilə birgə yaşamağa üstünlük verirlər. Başqa sözlə, valideyn evini tərk edərək, müstəqil ev tutub yaşayan qızlar oğlanlardan dəfələrlə çoxdur. Səbəblərdən biri belədir: valideynlərlə birgə yaşamaq, yetkinlik yaşındakı oğlanları bütünlüklə ev qayğılarından – biş-düşdən, yır-yığışdan, sil-süpürdən azad etdiyi halda, qızlarda belə deyil. Üstəlik, qızlar oğlanlarla müqayisədə daha çox kontrol olunurlar.
– Bəzi ölkələrdən Avropaya daha çox beyin, zəka, mədəniyyət, incəsənət mühacirəti baş verir. Elə Azərbaycan kimi ölkələrdən nə qədər yaradıcı insan, el adamları Avropaya üz tutur, amma bunun müqabilində, bu beyin axınının təsirindən daha çox ora cəhalət, aşağı mədəniyyət aparanların təsiri hiss edilir. Necə bilirsiniz, bu hal niyə baş verir Avropa gəlmə elm, mədəniyyət adamlarına imkan tanımır, yoxsa onlar sadəcə say baxımından uduzurlar deyə?
– Yaradıcı adamların Avropaya gəlməsi ilə iş bitmir, bilmək və anlamaq yanğısı olmalıdır. Gərək oxuduğun hansısa təsadüfi bir material sənin ömürlük əzbər cavabına çevrilib, həmin yanğını söndürməsin, əksinə, səndə yeni-yeni suallar doğursun, daha da susuzlaşdırsın. Suallara, axtarışa, yaradıcılığa ömür vermək, içəridən – beynindən gələn bir maraq olmalıdır, qıraqdan – Avropanın verdiyi gözəl şəraitlə problem həll olmur. İkinci səbəb, gəlmələrin çoxusunda elmi-tədqiqat təcrübələri və vərdişləri yoxdur, məktəb keçməyiblər, elmi müzakirə görməyiblər, oxumaq dedikdə, uzaqbaşı bədii ədəbiyyat oxumağı nəzərdə tuturlar. Haradan başlayacaqlarını, necə başlayacaqlarını bilmirlər. Nəticədə, dili elmi səviyyədə öyrənmək ehtiyacı hiss etmirlər, dili bu səviyyədə bilmədikdə isə Avropa kulturasının ciddi əsərləriylə ötürülən mirasıyla tanış ola bilmirlər, Avropanın yaşayan mütəfəkkirlərinin geniş yaradıcılığı ilə tanış ola bilmirlər, avatar kimi ikiləşirlər – fiziki olaraq Avropada, ruhən gəldikləri yerdə ömür sürürlər. Sizin dilinizlə desək “el adamları” da ancaq mağazalara və buradakı məscidlərə getmək üçün evdən çölə çıxırlar. Avropanın heç bir mədəni həyatında iştirak etmirlər – Avropa telekanallarında seçki müzakirələrinə baxmırlar, kinosuna, teatrına getmirlər, hansısa bir dərnəyə üzv yazılmırlar, yaşadıqları ölkənin heç bir problemindən xəbərdar olmurlar, yaşadıqları ölkənin bir nümayəndəsi ilə də olsun dostluqları yoxdur. Assimilasiya olmamaq üçün özünü qorumaq əladır, ancaq inteqrasiya olmadan da sən yaşadığın ölkəyə nə bir xeyir verə bilərsən, nə də ondan xeyir götürə bilərsən.