Azərbaycanda istirahət neçəyə başa gəlir? – Cavab veririk #35

Rayonlarda 1 həftəlik ailəvi istirahət orta aylıq əmək haqqı ilə yaşayan ailə üçün neçəyə başa gələ bilər? Ölkədaxili turizmin qiymətləri onların büdcəsinə nə dərəcədə uyğundur?

Source:


Dövlət Statistika Komitəsinin apardığı müayinəin nəticələrinə görə, ötən il 3,5 milyon adam ölkə daxilində səfər edib ki, bu da əhalinin 36,5 faizi deməkdir. DSK-nın məlumatında qeyd olunur ki, səyahət edənlər arasında hər 100 nəfərdən 20-si kirayə evdə qalıb. Onların səfər müddətində adambaşına orta hesabla çəkdiyi xərc 132,6 manat olub.


Komitənin məlumatında o da qeyd olunur ki, ölkə daxilində səyahət edənlərin arasında ailə üzvləri, qohum və tanışlarına baş çəkənlər də kifayət qədərdir.


Dincəlmək üçün səyahət edən ölkə əhaləsi əsasən Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax, Masallı, Lənkəran və s. bu kimi daha çox dağlıq və sərin bölgələrə üstünlük verir.


Bəs bu rayonlarda 1 həftəlik ailəvi istirahət orta aylıq əmək haqqı ilə yaşayan ailə üçün neçəyə başa gələ bilər? Ölkədaxili turizmin qiymətləri onların büdcəsinə nə dərəcədə uyğundur?

Quba Bakıdan 168 km məsafədə, Böyük Qafqaz sıra dağlarına aid olan Şahdağın yamacında yerləşən inzibati mərkəzdir. Rayonda turist kimi bir neçə gün qalıb dincəlmək üçün həm kifayət qədər otel, həm də kirayə ev var.

Booking.com-da etdiyimiz axtarış göstərir ki, rayonda 1 həftəsi 4 nəfərlik (2 böyük, 2 uşaq) qonaq üçün təxminən 644 manata başa gələcək otel (Quba Qechresh Holiday House) tapmaq olar. Təbii ki, qiymətlər artan xətt üzrə dəyişir. Məsələn, otağın qiymətinə səhər yeməyinin də daxil olduğu otellər qismən daha baha başa gəlir. Təxminən 700-800 manat.

Otellərdən əlavə qeyd etdiyimiz kimi kirayə evlər də var ki, bunu da müxtəlif saytlardan tapıb kirayələmək olar. Bu evlərin də qiyməti minimum 50-60 manatdan başlayır. Belə evi bir həftə müddətinə kirayələmək isə 4 nəfərlik ailəyə 350-420 manata başa gəlir.

Əgər ailənin gecələdiyi oteldə qiymətə səhər yeməyi daxil deyilsə, deməli, gündə 3 dəfə restoranda yemək yeməlidir. Kirayə tutulan evdə qalanların isə seçimi daha fərqli olur. Onların bəzisi yeməyi elə evdə hazırlamağa üstünlük verir. Bir sözlə, ailə ən azı gecələmə xərci qədər də yemək və digər şeylər almaq üçün pul xərcləməlidir.

Quba ilə müqayisədə Bakıdan nisbətən daha uzaq, 225 km məsafədə yerləşən Qəbələ də turistlərin istirahət deyəndə ağlına gələn yerlərdən biridir. İstirahət etmək üçün Qəbələni seçən ailə isə daha da çox pul xərcləməlidir. Belə ki, burada otellərin qiyməti 900 manatdan hətta 15 min manata qədər dəyişir.  Kirayə evlərin qiyməti isə burada da fərqlidir. Onları qiyməti 60-70 manatdan başlayır. Bu da o deməkdir ki, 4 nəfərlik ailə üçün belə evdə bir həftə gecələmək 420-490 manata başa gələcək.

Yay aylarında digər bölgələrlə müqayisədə daha sərin olan rayonlar kimi Şəki də istirahət üçün üz tutulan bölgələrdəndir. Amma burada da otellərin qiyməti bir o qədər ucuz deyil. Şəhərin Daşyüz bölgəsində yerləşən “Shaki” otelində 560 manata 7 gecə qalmaq olar. Digər otellərdə isə qiymətlər 1000 manatdan yuxarıdır.

Kirayə evlər isə burada Quba ilə Qəbələdə yerləşən evlərdən xeyli ucuzdur. Buradakı evlərin qiyməti 20-40 manat arasında dəyişir. Hətta 10-15 manata da gündəlik kirayə verilən ev tapmaq olar. Bu da bir həftəyə ən azı 70-105 manata başa gəlir. Qiyməti 20-40 manat arasında dəyişən evlərə isə bir həftə üçün 140-280 manat pul ödəmək lazımdır.

Yuxarıda da qeyd etdiyimiz kimi bu qiymətlər ancaq gecələmək üçün tələb olunan xərcdir. Yemək və digər zəruri şeyləri almaq üçün də pul lazımdır. Bəs bu istirahətin qiyməti orta aylıq əmək haqqı ilə nə qədər üst-üstə düşür?

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ölkədə orta aylıq əmək haqqı bu ilin yanvarında 5,1 faiz artıb və 504,8 manata çatıb.

Əvvəlki yazımızda işçinin məzuniyyət üçün almalı olduğu pulu hesablama qaydasını yazmışdıq. Buna əsasən demək olar ki, 504 manat maaş alan və 21 gün məzuiyyət hüququ olan işçiyə 346.5 manat pul verilməlidir. Bu da onu göstərir ki, bu puı demək olar ki, ancaq gecələmək üçün kifayət edir.

Ana səhifəXəbərlərAzərbaycanda istirahət neçəyə başa gəlir? – Cavab veririk #35