Azərbaycanda insanlar niyə aqressiya içindədir?

Aqressiya. Foto: Muhammad Fayyaz Rub/shutterstock

“Biz gündəlik həyatımızın hər yerində aqressiya ilə rastlaşırıq?

Azərbaycanda son zamanlar xüsusi amansızlıqla insan öldürmə hallarının artdığı müşahidə edilir. Ata oğulu, oğul valideyni, gəlin qaynanı qətlə yetirir…

Ən çox da ərin arvadı qətlə yetirməsi ilə bağlı xəbərlər yayılır.

Bərdədə Rəna Kərimovanın yanaraq ölümü, Ayşən Kazımovanın 8-ci mərtəbədən atılaraq öldürülməsi də bunlardandır.

Feminist fəal Gülnara Mehdiyeva da hadisələri mediadan izləyib. Oxuyub ki, 22 yaşlı Ayşən Kazımova 8-ci mərtəbədən yerə atılarkən əl-qolu bağlı olub:

Gülnarə Mehdiyeva
Foto: Meydan TV

“Deyilənə görə, daha sonra Hüseyn Kazımov aşağı düşərək, can verən qadına “sən hələ ölməmisən?” deyib, və onu təpikləməyə davam edib. Xəbərin başqa bir hissəsini özüm tapa bilməsəm də, deyilənə görə, o, arvadını öldürməzdən əvvəl zorakı şəkildə videosunu çəkib və ona nələrsə dedizdirib. Bu əməlini isə qətldən sonra özünü sığortalamaq, cinayəti “namus” bəhanəsilə törətdiyini deyə bilmək üçün edib”.

Gulnara Mehdiyeva bildirir ki, ölkədə hüquq sistemi işləsə, Hüseyn Kazımova xüsusi amansızlıqla adam öldürmə ittihamı irəli sürülməlidir, video çəkilməsi isə qətlin öncədən soyuqqanlılıqla planlandığına dair sübut olmalıdır:

“Qətlləri legitimləşdirmək üçün zorba videolar, etiraflar çəkmək kişilər üçün pis vərdişə çevrilməməlidir”.

Siyasi psixoloq Samirə Qasımlı “Turan” İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, həqiqətən də cəmiyyətdə, ailələr daxilində zorakılıq artıb. Deyir, ən son oxuduğu statistikadan da görüb ki, ölkədə cinayət yox, məhz ağır cinayətlərin sayı artıb:

Foto: Samirə Qasımlının şəxsi arxivindən

“Cəmiyyətdə aqressiya çoxalıb və adi hala çevrilib. Hamı döyüşkən əhval-ruhiyyədədir. Əsasən, belə hal rifah səviyyəsinin aşağı düşdüyü cəmiyyətlərdə olur. İnsan rifaha çatmadıqca, ehtiyaclarını qarşılaya bilmədikcə, aqressiyası artır. Biz gündəlik həyatımızın hər yerində aqressiya ilə rastlaşırıq, satıcı müştəriyə qarşı, sürücü sürücüyə qarşı, nə bilim pasiyent xəstəxana rəhbərliyinə qarşı, ailədaxili aqressiya və s. Bunların əsas indikatoru sosial psixoloqların dediyinə görə, rifaha çatımsızlıqdır”.

Eyni zamanda, Samirə Qasımlı bildirib ki, çöldə, iş yerində əzilən insan da bəzən aqressiyasını ailəsində, özündən gücsüz insanlardan çıxarmağa çalışır.

Bu günlərdə Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin ediləcəyi ilə bağlı qayda qəbul edildi.

Yeni qaydaya görə, məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Zorakılığa məruz qalmış şəxslər dövlət hesabına vəkillə təmin ediləcək, digər hüquqi məsrəfləri qarşılanacaq.

Görünür son zamanlar məişət zorakılığı ilə bağlı yayılan xəbərlər hökuməti də narahat etməyə başlayıb.

Ana səhifəSosialAzərbaycanda insanlar niyə aqressiya içindədir?