Ötən bir ildə ölkədəki vəziyyət
10 Dekabr dünyada insan azadlıqları günüdür. Ümumdünya İnsan hüquqları Bəyannaməsi 1948-ci il dekabrın 10-da qəbul edilib. 1950-ci ildən isə 10 dekabr İnsan Hüquqları Günü kimi qeyd edilir.
Son bir ildə Azərbaycanda insan haqlarının vəziyyəti necə oldu?
Parlament seçkisi, aksiyalar, təzyiqlər…
2020-ci ilin fevralın 9-da keçirilən parlament seçkiləri həm də insan haqlarının pozulması ilə yadda qalıb. Seçkilərə qatılan namizədlər seçkinin saxtalaşdırılmasına etiraz edərək Mərkəzi Seçki Komissiyasının binası önündə oturaq aksiya keçiriblər. Aksiyanın polislər tərəfindən dağıdılması zamanı jurnalistlər də təzyiqə məruz qalıblar.
ATƏT-in Media Azadlığı üzrə Təmsilçisi Harlem Desir fevralın 11-də gecə Bakıda seçkisonrası etiraz zamanı etirazçıların saxlanmasını, zorakı insidentləri, jurnalistlərlə pis rəftarı qınayıb. Bəyanat fevralın 12-də yayılıb.
“Ötən gecə adamların saxlanmasından, zorakı insidentlərdən, hüquq-mühafizə əməkdaşlarının ictimai etirazı işıqlandıran jurnalistlərlə pis rəftarından çox narahatam. Jurnalistlər ictimai maraq doğuran, son parlament seçkiləri ilə əlaqədar baş verənləri işıqlandırdığından bu, özəlliklə qəbuledilməzdir”, – Desir vurğulayıb.
Bəyanatda qeyd olunub ki, fevralın 11-də etiraz dağıdılan vaxt müxtəlif media orqanları ilə əməkdaşlıq edən azı 8 jurnalistlə pis rəftar olunub, saxlanıblar, yaxud hüquq-mühafizə əməkdaşlarının hücumuna məruz qalıblar. Həmin media orqanları sırasında “Amerikanın səsi”, “AzadlıqRadiosu” və Meydan TV sadalanır.
Hüquq-müdafiə təşkilatlarının hesabatlarında…
“Freedom House” hüquq-müdafiə təşkilatı martın 4-də açıqladığı illik hesabatında bildirir ki, Azərbaycan siyasi hüquqlar üzrə 2, mülki hüquqlar üzrə 8, yəni cəmi 10 bal yığaraq qeyri-azad ölkələr sırasında yer alıb.
ABŞ Dövlət Departamenti martın 11-də özünün 2019-cu il üçün illik İnsan Haqları Hesabatını açıqlayıb.
Sənədin Azərbaycana aid hissəsində isə deyilir ki, bu ölkədə insan haqlarının sistematik və kobud şəkildə pozulması ötən il də davam edib.
Dövlət Departamentinin hesabatında deyilir ki, Azərbaycan hakimiyyətinin beynəlxalq hüquq-mühafizə orqanlarından, xaricdəki opponentlərinə qarşı sui-istifadəsinə dair çoxsaylı xəbərlər var.
Sənəddə habelə Azərbaycanda söz və ifadə azadlığının vəziyyətinə də toxunulur. Qeyd olunur ki, hakimiyyət ifadə və media azadlığına məhdudiyyətlər qoyur, jurnalistlər hədələnir, bəzi hallarda isə döyülür və ya saxlanır.
Pandemiya məhbusları
Fevralın 28-də Azərbaycanda koronavirusa yoluxma faktı təsdiqlənib və martın 3-dən etibarən ölkədə karantin rejimi tətbiq olunur. Bundan sonra bir çox siyasi fəal karantin rejimini pozma maddəsilə cərimələnib, saxlanılıb. Saxlanılanlar arasında əsasən AXCP üzvləri var. AXCP sədri Əli Kərimli isə mənzilinin internet blokadasına alındığını deyib.
“Human Rights Watch” bildirir ki, martın 22-dən bəri saxlanmış yeddi hökumət tənqidçisinin ailə üzvləri və vəkilləri ilə danışıb, məhkəmə sənədlərini gözdən keçirib. Qurum həbslərdən öncə Prezident İlham Əliyevin pandemiyaya qarşı tədbirlərdən müxalifətə qarşı istifadə olunacağını ehtiva edən sözlərini yada salıb. “Bu, hökumətin azad sözə və siyasi tənqidçilərə nifrətinin daha bir göstəricisidir”, – qurum bildirib.
“Azərbaycan hakimiyyəti nəinki ədalətsiz yerə məhkum olunmuş tənqidçilərini barmaqlıqlar arxasında saxlayır, eyni zamanda pandemiya ilə mübarizə bəhanəsi altında siyasi opponentlərinin saxta və siyasi motivli ittihamlarla həbsi kampaniyasını gücləndirir. Bu, Covid-19-un həbsxanalarda yayılması sarıdan narahatlığın yayıldığı bir dönəmə təsadüf edir və ölkədə ifadə azadlığı və digər fundamental insan hüquqlarına qarşı son hücumdur. Saxlanma təcridxanalarında son Covid-19 yoluxmalarını nəzərə alanda saxlananların virusa yoluxma riski də böyükdür”.
Bunu “Amnesty İnternational” insan haqları təşkilatı mayın 27-də yaydığı hesabatında bildirir.
İyunun 7-də polis əməkdaşları Yasamalda yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayıb. Həmin vaxt binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üstünə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.
Hadisədən sonra həmin binada yaşayan 11 nəfər həbs edilib. Onların içində cərimələnənlər də oldu, sutkalıq həbs edilənlər də. Saxlananlar açıqlamalarında polis bölmələrində işgəncəyə məruz qaldıqlarını söyləmişdilər.
Aclıq aksiyası nəticə verdi
Martın 22-də həbs olunan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya sentyabrın 3-də hökm oxunub.
Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunan müxalif fəal özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyirdi.
O, sentyabrın 2-dən dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başladı.
Sabahısı gün Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə Tofiq Yaqubluya 4 il 3 ay azadlıqdan məhrumetmə cəzası verildi.
16 gün aclıq aksiyası keçirən Tofiq Yaqubluya ictimaiyyətdən dəstək verildi, günlərlə sosial medianın əsas müzakirə mövzusu oldu.
Tofiq Yaqubluya dəstək məqsədilə Müsavat Partiyasının qərargahında bir neçə fəal da aclıq aksiyası keçirdi.
Sentyabrın 3-dən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Ayət İsmayıl, Tofiq Məmmədov, Elşən Həsənov ev şəraitində aclıq aksiyasına başladılar. Sentyabrın 7-də onlar Müsavat Partiyasına gətirildilər. Elə həmin gün, sentyabrın 7-dən də Elman Quiyev aksiyaya qoşulduğunu açıqladı.
Nəhayət, sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan müxalifətçi aclıq aksiyasını dayandırdı.
Müxalifətçilərin həbsi
Sosial mediadakı "Korrupsiyaya "yox" de" səhifəsinin həbsdə olan əməkdaşı Cəlil Zabidov da həbsinə etiraz olaraq günlərlə aclıq aksiyası keçirib.
Yardımlı rayonunun Dəlləkli kəndindəki orta məktəbin müəllimi olmuş 35 yaşlı Cəlil Zabidov həm də D-18 Hərəkatının üzvüdür. O, bu ilin mayında CM-in 221.1 (xuliqanlıq) maddəsi ilə 5 ay azadlıqdan məhrum edilib. Cəza oktyabrın 22-də başa çatıb.
AXCP sədri Əli Kərimlinin sürücüsü Paşa Umudov da həbs edilmişdi. AXCP-nin məlumatına görə, Paşa Umudov siyasi baxışlarına görə həbs olunub. Məhkəmənin hökmü ilə o, 4 il 6 ay azadlıqdan məhrum edilib.
Hökmə əsasən, Paşa Umudov CM-in 234.2 (narkotik maddə satışı) maddəsilə təqsirli bilinib.
İyulun 14-dən 15-nə keçən gecə Bakıda Milli Orduya dəstək yürüşü keçirilib. Həmin gün yürüşdə iştirak edən 100-dən artıq şəxs saxanılsa da, sonradan əksəriyyəti azadlığa buraxılıb, yalnız 36 nəfər həbs edilib.
Həbs olunanların yaxınları onların saxlanılarkən işgəncəyə məruz qaldıqlarını deyirdilər.
ABŞ-da mənzillənən “Amnesty International” insan haqları təşkilatı Azərbaycan hakimiyyətinin ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarına qarşı çıxaraq siyasi müxalifətə “qəddarlıqla divantutma”sından narahatlıq bildirib.
“Son həbslər və qorxutma dalğası onsuz da kəskin şəkildə parçalanmış müstəqil siyasi müxalifətin məhvinə aparar”, – deyən təşkilat Bakıda 14-15 iyul yürüşündən sonra 100-dən artıq fərdin, müxalifət liderinin, tərəfdarının və fəalının saxlandığını, siyasi motivlərlə həbs olunduğunu bəyan edib.
“Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatı Azərbaycanda karantin dövründə müxalifət fəallarının həbsinin artmasıyla bağlı bəyanat yayıb.
Qurum Bakıda 14 iyul icazəsiz yürüşündən sonra saysız müxalifət fəalının və liderinin saxta ittihamlarla saxlandığını bildirir. Həmin gün orduya dəstək yürüşünə minlərlə Bakı sakini qatılmışdı. İttihamlar isə karantin qaydalarının pozulması, əmlaka ziyan və hakimiyyətin ələ keçirilməsi ilə bağlıdır.
“Azərbaycanda son həbs dalğası siyasi motivli həbs və təqiblərin davamıdır, ölkənin ən köhnə müxalifət partiyalarının birini məhv etməklə hədələyir. Hakimiyyət bu divantutmaya dərhal son qoymalı, ədalətsiz həbs olunanları buraxmalı, hüquq-mühafizə əməkdaşlarının davranışını araşdırmalıdır”, – təşkilatın Avropa və Orta Asiya üzrə direktor köməkçisi Giorgi Gogia deyib.
Noyabrın 16-da həbs olunanlarda 21-i ev dustaqlığına
buraxılıb
. Onlardan 12-si AXCP fəallarıdır.
Qalan 15 nəfər isə dekabrın 7-də ev dustaqlığına
buraxılıblar
.
Jurnalistlər həbsdə
“xeberman.com” saytının təsisçisi və baş redaktoru Polad Aslanov 16 il azadlıqdan məhrum edilib. Noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında belə hökm çıxarılıb. Hökmə əsasən, P.Aslanov dövlətə xəyanətdə – İranın xüsusi xidmət orqanlarına casusluqda suçlu bilinib.
Amma P.Aslanov özünü təqsirli bilmir, ittihamın da saxta olduğunu deyir. O, hökmdən öncə son sözündə də bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının Məşhəd, Kərbəla ziyarətlərinə gedən zəvvar qruplarından rüşvət alması barədə yazılarına görə cəzalandırılıb.
Həbsdə olan Azel TV” saytının rəhbəri Əfqan Sadıqovun da ittihama etiraz olaraq aclıq aksiyası keçirdiyi
bildirilir
.
Ə.Sadıqov bu ilin mayında həbs olunub. Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərindən rüşvət tələb etməkdə təqsirləndirilən Ə.Sadıqova qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham irəli sürülüb. Onun pul alması ilə bağlı görüntüləri internet resurslarında da yayılıb.
Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb və bu maddə ilə təqsirli bilinərək, 7 il azadlıqdan məhrum edilib. Noyabrın 4-dən onun hökmə etiraz əlaməti olaraq, aclıq aksiyasına başladığı bildirilir.
Beynəlxalq təşkilatlar Azərbaycandakı insan haqlarının vəziyyətinə dair nələr deyib?
Fevralın 4-də Beynəlxalq Lesbian, Gey, Biseksual, Trans və İntersex Assiosiasiyası (ILGA-Europe) LGBTI hüquqlarına dair illik hesabat açıqlayıb. Hesabat 54 ölkədə ötən ilki vəziyyəti əks etdirir. Sənəd Avropa və Orta Asiyanı əhatələyir.
Bir çox ölkədə onlayn nifrət çıxışında, LGBTIQ+dən olan şəxslərə fiziki hücumların artdığı, hücumlardan çoxunun planlı və qəddar şəkildə üzə çıxdığı vurğulanır.
Bunun daha çox Avropaya xas fenomen olduğu qeyd edilir.
Hesabatın Azərbaycana aid hissəsində də bəzi məqamlara toxunulur. İl ərzində bu sahədə diqqət çəkmiş hadisələr sadalanır. Fevralda Avropa İnsan Hüquqları Məhkəməsi “A Azərbaycana qarşı” işi, eləcə də hökumətlə bağlı 24 ərizə üzrə kommunikasiyaya başlayıb. Məhkəmə 2017-ci ildə aparılmış reydləri pisləyib. O zaman 80 LGBTİQ+ üzvünün saxlandığı, işgəncə, pis rəftarla üzləşdiyi bildirilirdi.
Hesabatda ötən il aprelin 1-də Bakıda polisin azı 8 gey və trans seks işçisini saxladığı, bunun LGBTİQ+ təmsilçilərinə qarşı yeni həbs dalğasının başlanğıcı olduğu qeyd edilir. Bir neçə gün sonra azı 7 nəfər saxlanıb. Çoxu məcburi yoxlamadan keçirilib, bəziləri kiçik xuliqanlığa görə cərimələnib, 10-30 günlük administrativ həbslə cəzalandırılanlar olub.
“Onlar bizi görüş yerinə çağırdılar, sonra qandalları çıxarıb bizi polis departamentlərinə apardılar”, – qurbanlardan biri danışıb.
Daha sonra hesabatda il ərzində LGBTİQ+ icmasının üzləşdiyi iddia olunan digər qısnama, hücum halları sadalanır.
Koronavirus pandemiyası bütün dünyada media azadlığına təhdidləri genişləndirir. Çin və İrandakı kimi avtoritar rejimlər pandemiyanın detallarını açıqlamır. Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) aprelin 21-də yaydığı illik mətbuat azadlığı reytinqində belə deyir.
Qurum bildirir ki, pandemiya mətbuat azadlığını kölgələyən bir sıra böhranlara işıq saldı, onları gücləndirdi.
180 ölkəni əhatələyən reytinqin dibində Türkmənistan və Şimali Koreya yer alıb.
Norveç artıq dördüncü ildir ki, birinci yerdədir, Finlandiya yenə də ondan sonradır.
Azərbaycan Mətbuat Azadlığı İndeksində yenə geriləyib.
Azərbaycan 58.48 balla 168-ci yerdədir. Ötən il 166-cı idi.
Qonşulardan Gürcüstan 28.59 balla 60, Ermənistan 28.60 balla 61, İran 64.81 balla 173, Türkiyə 50.02 balla 154-cü yerdə qərarlaşıblar.
“Azərbaycan, Tacikistan və Türkmənistan prezidentləri öz qohumlarını məsul vəzifələrə çəkməklə sülalə keçidinə zəmin yaradırlar. Tək şəxsiyyətin üstünlük təşkil etdiyi sistemdə hakimiyyətin istənilən formada təhvil verilməsi müəyyən risk daşıyır. Regionda oturuşmuş diktaturalarda idarəçilikdə, fundamental azadlıqların qorunmasında köklü dəyişiklik şansı zəifdir”.
ABŞ-ın “Freedom House” insan haqları təşkilatı mayın 6-da açıqladığı illik “Keçid Ölkələri” hesabatında belə yazır.
Hesabatın əhatələdiyi 29 ölkədən 10-u demokratiya, 10-i hibrid rejim, 9-u avtoritar rejim kateqoriyasına salınıb.
Azərbaycanın demokratiya balı 1,4-dür və oturuşmuş avtoritar rejimlər sırasında yer alıb.
Ermənistan 3, Gürcüstan isə 3,25 balla keçid, yaxud hibrid rejimlər sırasındadır.
“Freedom House” qeyd edir ki, Azərbaycan prezidenti İlham Əliyev 2003-cü ildə sərt nəzarət altında keçirilən seçkilər vasitəsilə hakimiyyəti atasından miras aldı. Ata Əliyev bundan bir neçə ay qabaq televiziyada canlı yayımda yıxılmışdı. Oğlunun prezident seçilməsindən bir neçə həftə sonra isə onun ölüm xəbəri açıqlandı.
“İndi də rejimin hakim ailə daxilində başqa bir, daha çox gözlənən hakimiyyət dəyişikliyinə zəmin yaratmasının əlamətləri görünür. Son illər Əliyev hakimiyyətinin yüksək eşelonlarında əsasən həyat yoldaşının xeyrinə dəyişikliklər edir. 2016-cı ildə yaradılan “birinci vitse-prezident” postu onun və Paşayevlər klanı adlanan ailə şəbəkəsinin xeyrinədir. Yavaşıyan iqtisadiyyat və getdikcə güclənən bölücü klan siyasəti fonunda ictimai dəstəyi azalan Əliyev “köhnə qvardiya” məmurlarını vəzifədən uzaqlaşdırmaqla elitadaxili qiyam ehtimalını azaldıb, həmin şəxslər ya onun həyat yoldaşına qarşı çıxırdılar, ya da azından ona sadiq deyildilər. Gələcəkdə Əliyev istefa verərsə, Birinci ledi Mehriban Əliyeva öz tərəfdarlarından ibarət hakimiyyət strukturuna rəhbərlik edəcək”, – hesabatda vurğulanır.
“İllərdir Türkiyə və Azərbaycanda jurnalistlərin həbsinin qorxulu tendensiya kimi davam etməsi narahatlıq doğurur”.
Bu narahatlığı mayın 22-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) media azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə Ümumi Məruzəçisini Stefan Schennach dilə gətirib.
AŞPA-nın son hesabatında Türkiyədə 95 jurnalistin həbsdə olduğu göstərilir ki, bu da regionda ən yüksək rəqəm sayılır. “Jurnalistlər qanunsuz olaraq saxlanır, barələrində həbs qətimkan tədbiri seçilir, işləri məhkəməyə çıxarılanadək aylarla, bəzən illərlə həbsdə qalırlar. Belə saxlamalar jurnalistlərin tənqidi yazılarına görə siyasiləşmiş şəkildə hədəfə alınmasıdır; ifadə azadlığı, jurnalistlərin azadlıq və təhlükəsizlik hüququ aşkar şəkildə pozulur”, – cənab Schennach deyib.
COVID-19 pandemiyası dünyada demokratiya böhranını dərinləşdirib, hökumətlərin seçkiləri pozmasına, tənqidçiləri, mətbuatı sıxışdırmasına şərait yaradıb. “Freedom House” beynəlxalq insan haqları təşkilatının oktyabrın 2-də açıqladığı hesabatda belə deyilir. Hesabat
Pandemiya başlanandan 80 ölkədə demokratiya və insan haqlarının durumunun pisləşdiyi vurğulanır.
Ekspertlər çarpışmaqda olan demokratiyalarda və yüksək repressiv rejimlərdə xüsusi kəskin pisləşmənin olduğunu vurğulayırlar.
Azərbaycanda “hökumət karantin pozmaq bəhanəsilə müxalifətdən olan siyasi fəallara divan tutub”, – hesabatda vurğulanır.
Müharibə və insan haqları
Sentyabrın 27-də Azərbaycan və Ermənistan hərbi birləşmələrinin təmas xəttində atəşkəs pozulub və müharibə başlayıb. 44 gün davam edən müharibədə Azərbaycan tərəfi işğal altında olan torpaqlarının xeyli hissəsini azad edib. Müharibə zamanı baş verənlər hüquq-müdafiə təşkilatlarının da diqqətində olub. Belə ki, “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı Azərbaycan hərbçilərinin bir çox erməni əsirlərlə pis rəftar etdikləri barədə məlumat yayıb.
Dekabrın 2-də açıqlanmış məlumatda deyilir ki, erməni hərbi əsirlər təhqir və alçaldılmalara məruz qoyulublar və bu hərəkətlər sosial mediada dövriyyə edən videolardan da görünür.
Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Vilyamson deyib ki, hərbi əsirlərlə zorakı və alçaldıcı tərzdə rəftar edilməsinə hec bir vəchlə haqq qazandırıla bilməz.
Vilyamson vurğulayır ki, Azərbaycan tərəfi əsirlərlə insani davranış üçün beynəlxalq öhdəliklərə malikdir və bu cür hərəkətlərə son qoyulmalıdır.
Avropa Məhkəməsinin qərarları…
Avropa İnsan Haqları Məhkəməsi 2020-ci ilin ortalarına qədər Azərbaycanla bağlı 244 qərar qəbul edib. Söhbət o qərarlardan gedir ki, onların qəbulu ilə dövlətin üzərinə fərdi və ya ümumi tədbirlər görmək öhdəliyi qoyulub – şikayətçiyə kompensasiya ödənilməsi, pozuntuya yol verən şəxslərin müəyyən edilib cəzalandırılması, eyni halların təkrarlanmaması üçün tədbirlər görülməsi və s. Bu qərarlar təxminən 15 illik dövrü əhatə edir.
Avropa Şurasının rəsmi statistik məlumatlarında Azərbaycanın indiyə qədər həmin qərarların cəmi 37-ni icra etdiyi göstərilib. Yerdə qalan qərarlar isə icrasını gözləyir. Bu məsələdə Avropa Məhkəməsinin əhatə etdiyi məkanda ən pis göstərici Azərbaycana aiddir.
İlham Əliyev: “Azərbaycan sabit, müasir və demokratik ölkədir”
Prezident İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində bu qurumun 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda deyib ki, Azərbaycan sabit, müasir və demokratik ölkədir. Onun vurğulamasına görə, demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətinin başlıca prioritetləri sırasındadır.
“Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir”, – o əlavə edib.
İlham Əliyev həmçinin oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində siyasi islahatlarla bağlı suala cavab olaraq bildirib ki, ölkədə demokratik inkişaf müsbət məcrada gedir.
“Azərbaycanda bütün əsas azadlıqlar təmin olunub, siyasi fəaliyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı. Bununla bağlı məhdudiyyət yoxdur. Yeri gəlmişkən, bizdə internet azaddır", deyə o vurğulayıb.