“Azərbaycanda insan haqları və azadlıqlar üçün fəlakət günüdür”

Beynəlxalq təşkilatlar İntiqam Əliyevin azad olunmasına çağırır

Source:


Beynəlxalq təşkilatlar İntiqam  Əliyevin azad olunmasına çağırır

Beynəlxalq hüquq müdafiə təşkilatları hüquqşünas İntiqam Əliyevin 7 il 6 ay azadlıqdan məhrum edilməsini pisləyir.

“Human Rights Watch” təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Giorgi Gogia İntiqam Əliyev barədə çıxarılmış məhkəmə hökmü haqqında danışarkən deyib ki, Azərbaycanda insan haqları və azadlıqlar üçün fəlakət günüdür. Qarşıdan gələn illər üçün Azərbaycanda insan haqları pozuntularının qurbanları özlərinin ən güclü müdafiəçilərini itiriblər.

Gogia deyib ki, İntiqam Əliev barədə çıxarılmış hökmün siyasi sifariş olduğu şübhə doğurmur.

“Azərbaycanın beynəlxalq partnyorları rəsmi Bakının “ədaləti ələ salmasına” son qoymalıdırlar”, – cənab Gogia fikrini bu sözlərlə bitirib.

İnsan Haqları Müdafiəçilərinin Müdafiəsi üzrə Rəsədxana (OMCT) bu hökmü qətiyyətlə pisləyib. Bu qurum Beynəlxalq İnsan Haqları Federasiyası (FIDH) və Ümumdünya İşgəncələrə qarşı Təşkilatın birgə proqramıdır.  Qurum ötən ilin avqustundan qanunsuz olaraq saxlanmış insan haqları müdafiəçisini dərhal və qeyd şərtsiz azadlığa buraxmağa çağırır.

 “Bu, Azərbaycanda tanınmış insan haqları vəkilinə qarşı daha bir utancverici hökmdür,” FIDH prezidenti Karim Lahidji deyib.

OMCT-nin baş katibi Gerald Staberock Avropa Oyunlarına 2 aydan az qaldığı bir vaxtda İntiqam Əliyev də daxil olmaqla bütün insan haqları fəallarını azadlığa buraxmağa, ölkədə insan haqları müdafiəçilərinin təqibinə son qoymağa çağırır.

“İnsan haqları müdafiəçisi və hökumətin açıq tənqidçisini 7 il 6 ay, saxta ittihamlarla  azadlıqdan məhrum etməklə hakimiyyət Avropa Oyunları ərəfəsində bütün tənqidçilərini susdurmaq istədiyini göstərir,” bu bəyanatla “Amnesty International” hüquq-müdafiə təşkilatı çıxış edib.

“İntiqam Əliyev hakimiyyətin oyunlar qabağı ölkənin bütün problemlərini xalçanın altına süpürüb gizlətmək kampaniyasının son qurbanıdır. Mesaj budur: Dünyaya problemlərimiz barədə danışsan, cəzalanacaqsan,” – “Amnesty International”-ın Avropa və Orta Asiya üzdə direktor müavini deyib.

“İntiqam Əliyevin törətdiyi yeganə “cinayət” həmvətənlərinin hüquqlarını müdafiə etməsidir. O, həbsə atılmamalıydı və dərhal və qeyd şərtsiz buraxılmalıdır”.

“Amnesty International” Azərbaycanda azı 20 vicdan məhbusunun olduğunu deyir.

Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev barəsində çıxarılan hökmə görə, o, 3 il dövlət vəzifəsi tuta bilməz. Hüquqşünas vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham olunub. (Azadlıq Radiosu)

Ana səhifəXəbərlər“Azərbaycanda insan haqları və azadlıqlar üçün fəlakət günüdür”