Azərbaycanda inanclı məhbus ailələrinə yardım edən fəal Türkiyədə saxlandı

Elnur Mehdiyevin Azərbaycana təhvil veriləcəyi gözlənilir

Source: Meydan.TV

Nardaran hadisələrindən 3 il yarıma yaxın vaxt keçsə də, bu olaylarda adı hallanan şəxslərin həbsləri hələ də davam edir. Daha bir inanclı fəal Elnur Mehdiyev Türkiyədə saxlanıb. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib.

Onların bildirdiyinə görə, E.Mehdiyev Nardaran hadisələrinə görə saxlansa da, heç həmin vaxt ölkədə olmayıb: “Elnur həmin vaxt Kərbəla ziyarətində idi. Xəbər tutduq ki, onu axtarışa veriblər. Halbuki, heç bir günahı yox idi. Ona görə də Kərbəla ziyarətindən qayıdanda Azərbaycana gəlmədi, Türkiyəyə getdi. O vaxtdan da orada yaşayırdı”.

Yaxınları deyir ki, E.Mehdiyev Türkiyədə həm də işləyirdi, imkanı daxilində Azərbaycanda günahsız həbs olunan şəxslərdən bəzilərinin ailələrinə maddi yardım da göstərirdi.

“Elnur Azərbaycan hüquq-mühafizə orqanlarının sifarişi əsasında Türkiyədə tutulub. Çox güman ki, onu Azərbaycana təhvil verəcəklər. Hesab edirik ki, onun saxlanmasının əsas səbəbi günahsız həbs olunan inanclı məhbusların ailələrinə göndərdiyi yardımdır”, – deyə yaxınları bildirib.

Təxminən bir ay öncə daha bir inanclı fəal Anar Cabbarov da Türkiyədə saxlanaraq, Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilmişdi. Onun da “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin dostu olduğuna və inanclı məhbusların ailələrinə yardım göstərdiyinə görə tutulduğu iddia olunurdu.

A.Cabbarov Azərbaycana gətiriləndən sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onun haqqında Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə cinayət işi başlansa da, sonradan o işə xitam verildi.

Ana səhifəXəbərlərAzərbaycanda inanclı məhbus ailələrinə yardım edən fəal Türkiyədə saxlandı