“Azərbaycanda hüquqşünaslara qarşı təzyiq metodlarından istifadə olunur”

Beynəlxalq İnsan Hüquqları Evi Fondu bəyanat yayıb

Foto: BMT


Beynəlxalq İnsan Hüquqları Evi Fondu bəyanat yayıb

“Bir sıra ölkələrdə hüquqşünaslara – hüquq müdafiəçilərinə qarşı təhdid və ya hücumlar da daxil olmaqla, ədalətli mühakimə sistemi sarsılıb”.

Beynəlxalq İnsan Hüquqları Evi Fondunun yaydığı bəyanatda belə deyilir.

“Turan”ın məlumatına görə, BMT-nin İnsan Hüquqları Şurasının bu günlərdə keçirilən 47-ci sessiyasında Beynəlxalq İnsan Hüquqları Evi Fondu Azərbaycanda və Belarusda hüquqşünaslar üçün vəziyyətin pisləşməsinə toxunub.

“Pandemiya başlamazdan əvvəl azərbaycanlı vəkil Fuad Ağayev iddia edirdi ki, Azərbaycanda hüquqşünaslara – hüquq müdafiəçilərinə qarşı bir sıra təzyiq metodlarından istifadə olunur. Vəkillərin kollegiyaya qəbulu prosesində siyasi qərəzlilik var. Eyni zamanda, vəkillər – hüquq müdafiəçiləri proseslərdən kənarlaşdırılır və ya hüquqlarından məhrum edilir”, – deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunub ki, Azərbaycan pandemiyadan hüquqşünaslara – hüquq müdafiəçilərinə qarşı təzyiqin gücləndirilməsi üçün istifadə edib, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetirilməməsinə bəraət kimi karantindən faydalanıb. Bundan başqa, insan hüquqları üzrə vəkillərin təqibi və vəkillik hüququndan məhrum edilməsi davam edir. 2020-ci ildə Azərbaycan Vəkillər Kollegiyası müştərisinə qarşı ehtimal olunan sərt rəftarla bağlı qanuni narahatlığını bildirdiyinə görə vəkil – hüquq müdafiəçisi Cavad Cavadova töhmət verib.

2021-ci ildə ölkədə qalan azsaylı müstəqil hüquqşünaslardan – hüquq müdafiəçilərindən biri – Şəhla Hümbətova vəkil statusundan məhrum edilib, sonradan ciddi beynəlxalq təzyiq nəticəsində onun statusu bərpa edilib.

“Azərbaycanda indiyədək onlarla vəkil, o cümlədən insan hüquqları üzrə vəkillər Əlaif Həsənov və Xalid Bağırov qanunsuz olaraq vəkil statusundan məhrum edilib. Bundan başqa, məşhur hüquqşünaslar İntiqam Əliyev və Ənnağı Hacıbəylinin, eləcə də bir neçə gənc hüquqşünasın – hüquq müdafiəçisinin Vəkillər Kollegiyasına daxil olmasının qarşısı əsassız olaraq alınır”, – deyə bəyanatda qeyd edilir.

“Şura və Xüsusi Məruzəçi bilməlidir ki, Azərbaycanda və Belarusda vəkil statusundan bu cür məhrumetmə qəbuledilməzdir, hər iki ölkənin insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinin pozuntusudur və daha da önəmlisi, böhran dövründə baş verib”, – bəyanatda vurğulanır.

Ana səhifəXəbərlər“Azərbaycanda hüquqşünaslara qarşı təzyiq metodlarından istifadə olunur”