Norveç hüquq-müdafiə təşkilatları: “Bakı öz öhdəliklərini və beynəlxalq hüquq normalarını açıq şəkildə pozur”
Azərbaycanda əsas hüquq və azadlıqların pozulması ilə bağlı vəziyyət hətta təcrübəli müşahidəçiləri belə heyrətə salır. Təzyiq obyekti jurnalistlər, müxalifətçilər, vətəndaş fəalları və hüquq müdafiəçiləridir.
Tənqidi səslərin susdurulması ilə bağlı hökumətin strategiyasında siyasi cinayət təqibləri əsas yer tutur. Buna nail olmaqdan ötrü 2009-cu ildə hakimiyyət qanunvericiliyə düzəlişlər edərək ifadə, birləşmə və dinc toplaşma azadlığı hüququnu məhdudlaşdırıb. Nəticədə ölkədə vətəndaş cəmiyyəti dağıdılıb. Bu barədə Norveç hüquq-müdafiə təşkilatları – İnsan Hüquqları Evi və “Azadlıq indi” (Human Rights House Network , Freedom Now) bu gün açıqladıqları hesabatda deyilir.
Hesabatda qanunsuz həbslər və təqiblər, dövlətin pozduğu beynəlxalq standartlar təhlil edilir. Avropa Oyunları ərəfəsində repressiyalarda məqsəd tənqidi səsləri susdurmaqdır.
Siyasi hüquqların pozulmasından başqa hakimiyyət korrupsiyanı tənqid edənləri də susdurmağa çalışır. Odur ki, hakimiyyət müstəqil KİV və QHT-ləri sıradan çıxarmaq siyasəti yürüdür.
“Eurovision 2012” müsabiqəsi ərəfəsində hakimiyyət tənqidi səsləri susdura bilmədi. Bu səbəbdən vəziyyəti təkrarlamaq qərarına gəlib.
Hazırda vətəndaş cəmiyyətinin ən tanınmış liderləri, gənc fəallar, jurnalistlər uydurma və saxta ittihamlarla həbsdədir.
Eyni zamanda hakimiyyət xarici donorların vətəndaş cəmiyyətini maliyyələşdirməsini qadağan etmək üçün hər şeyi edir.
Avropa qurumlarının tənqidlərinə baxmayaraq, Bakı öz öhdəliklərini və beynəlxalq hüquq normalarını açıq şəkildə pozur, hesabatda deyilir.
Bu çoxsəhifəlik sənəddə siyasi məhbusların işləri və onların təqib olunmasına dair ətraflı məlumatlar əksini tapıb. Hesabatda hakimiyyətin qanunvericilik siyasəti və Azərbaycanın beynəlxalq öhdəlikləri haqda məlumatlar toplanıb (Turan İA).