Azərbaycanda hər kəs oyun qaydalarından asılıdır


Azərbaycan müstəqillik qazandıqdan sonra yerli kinematoqraflarımız art-xaus filmlər də çəkməyə başladı. Az büdcə, yığcam texniki imkanlar və hansısa dövlət qurumundan, biznes adamında asılı olmamaq, yaradıcı müstəqillik bu filmləri mütaliə bazalı tamaşaçılar üçün baxımlı, maraqlı edə bilir. Belə filmlərdən biri də rejissor Teymur Hacıyevin “Şanxay, Bakı” filmidir.


Film öz mesajı, yaradıcı həlli ilə yanaşı, texniki tərəfi ilə də maraqlıdır. Teymur Hacıyev Meydan TV-nin filmlə bağlı suallarını cavablandırıb.


– Teymur bəy, “Şanxay, Bakı” sizin sayca neçənci filminizdir? Maraqlıdır, rejissor hansısa konkret mesajı qısa bir filmə effektiv yerləşdirmək üçün nə uzunluqda yaradıcı-peşəkar yol keçməlidir?

-Mən ondan çox qısametrajlı filmlərə prodüsserlik etmişəm, rejissor olaraq isə, bu, mənim ikinci filmimdir.

Hesab edirəm ki, “mesajın ötürülməsinin səmərəliliyi” qeyd etdiyiniz kimi, həmişə rejissorun təcrübəsi və titullarına bağlı deyil, daha çox, yaşadığınız dövrün emosiyalarını həkk etmə qabiliyyəti kimi amillərdən asılıdır və elementar olaraq, uğurun da yeri axırıncı deyil.

Bundan əlavə, mesajın əhəmiyyətli bir şey olmasına baxmayaraq, onun dalınca çox da qaçmağa dəyməz. Ən başlıcası, nə özünə, nə də tamaşaçıya yalan danışmamaqdır.


– “Şanxay, Bakı” filminin ideyası necə yarandı?

– Yay akademiyasında rezidenti olduğum Lokarno festivalından sonra filmi yeni qaydalarla çəkmək lazım gəldiyini anladım. Kino dilini inkişaf etdirməli, oraya öz yeni elementlərimi əlavə etməli olduğumu düşündüm. “Şanxay” adlı yeri bir neçə il öncə gözaltı edib, xəyalımda oranı seçmişdim. Ən son qığılcımım isə 2014-cü ildə oxuduğum Çexovun “Qəddar oğlan” hekayəsi oldu. Bu üç amil bir yerə gəldikdən sonra çəkiliş işləri başlandı.


– Filmin maraqlı texniki üslubu var, bütün film balaca “şantajçı-rejissor”un telefonu ilə çəkilib. Bu da hansısa mesajdırmı?

– Vəsaitin məhdud olması, şübhəsiz ki, filmin istehsal xüsusiyyətlərinə təsir göstərib, ancaq bu cür nəql üslubunun seçilməsinin əsas səbəbi yeni bir şeylər göstərmək, yeni kino dilini sınamaq cəhdidir. Müasir həqiqətin ən gözlənilməz qurğular tərəfindən həkk olunduğunu əyani nümayiş etdirməyə çalışdım – mobil telefon, DVR kamera, küçə nəzarət kamerası, toy operatorunun kamerası və ev videoları ola bilər. İndi mən bütün hekayəni nəql etməkdə uğurlu olduğumu görürəm.


– Filmin demək olar kı, “0” büdcə ilə çəkildiyini deyənlər var. Doğrudurmu?

– Tam da elə deyil. Bütün filmə (post-istehsalat daxil olmaqla) təxminən 5 min manata yaxın pul xərcləndi.


– Filmdə yerli əhali iştirak edirmi? Adətən belə yerlərdə film çəkən rejissorlar ya əhalinin həddən artıq işə mane olan marağı, ya da “bizi çəkməyin” etirazları ilə qarşılaşırlar?

– Yerli əhali ilə tez razılaşdıq: biz onlara pul ödəyirdik. Ona görə də, orada onlarla heç bir problem yox idi. Əlbəttə ki, çəkilişlərə maraqları var idi, ancaq ora olduqca ekzotik bir yer olduğundan və əvvəllər orada dəfələrlə çəkiliş aparıldığından bu maraq çox da güclü deyildi.


– Rozanı izləyən, şantaj edən kiçik qardaşı bizim toplumun mini-modeli hesab etmək olarmı?

– Cəmiyyətin modeli kimi göstərmək fikrim yox idi, amma filmin yerli kinotamaşaçılarda rezonans yaratması çox şeyi deyir.


– Psevdonamus anlayışı və Şanxay qəsəbəsi. Bu iki halı birləşdirən nədir? Kasıb, yığcam yerlərdə yaşayan kəsimin mentalitetdən daha çox asılı olmasımı?

– Azərbaycanda yaşayanların hamısı (və hətta tərk edənlərin bir çoxu) burada qurulan oyun qaydalarından asılıdır. Nə sosial səviyyə, nə də gəlirlərimiz, bizi bu çökdüyümüz boğanaq mühitdən müdafiə etməyə qadir deyil. Bu, xüsusi bir yerdir və bunun xüsusi təyinatı vardır. Ancaq, bu, ayrı, geniş bir müzakirə mövzusudur.


– Filmə necə reaksiyalar gəldi?

– Reaksiyaların 90 faiz müsbət idi. Düzü, belə bir reaksiyanı gözləmirdim. Hazırda “Youtube”-da ona təxminən 25 min adam baxıb, bu isə Azərbaycan art-xaus üslubunda çəkilmiş qısametrajlı film üçün görünməmiş bir nəticədir.

Ana səhifəVideoAzərbaycanda hər kəs oyun qaydalarından asılıdır