Təqsirləndirilən şəxs ölkəyə necə gəlməsindən danışdı
Hazırda Azərbaycanda həbsdə olan Əfqanıstan vətəndaşları deyir ki, öz ölkələrinə deportasiya olunmamaq üçün İrandan qaçaq yolla bura keçməyə çalışıblar. Üç nəfər əfqanıstanlı 2022-ci il dekabrın 16-da gecə saatlarında Cəlilabad rayonunun Dələli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 318.2 (bir qrup şəxs tərəfindən Azərbaycan sərhədini qanunsuz keçmə) maddəsilə ittiham irəli sürülüb.
Cəlilabad Rayon Məhkəməsində hakim qarşısına çıxarılan əfqanlar bildirib ki, öz ölkələrindən də İrana qaçaq yolla gəlmişdilər.
“Təxminən bir il əvvəl Tehrana gəlib, orada işləməyə başladım. Tehranda qanunsuz yaşayırdım. Mənə dedilər ki, buna görə məsuliyyətə cəlb olunmayacağam, amma Əfqanıstana deportasiya olunacağam. Mən isə Əfqanıstana qayıtmaq istəmirdim. Əfqanıstan onsuz da kasıb, problemlərlə dolu ölkə idi. 2021-ci ildə “Taliban” hakimiyyətə gələndən sonra ölkədə vəziyyət daha da ağırlaşıb. Mən də ona görə ölkədən getmək məcburiyyətində qalmışdım…”, – 33 yaşlı Rezayi məhkəmədə bildirib.
Onun sözlərinə görə, Tehranda fəhlə işlədiyi evdəki adam onu bir nəfərlə tanış edib, o da Azərbaycana qaçaq yolla keçməsinə yardım edəcəyinə söz verib. Bundan ötrü ondan 1800 manat pul istəyib. O da razılaşıb:
“Tehranda onunla görüşdük. Maşına oturanda 1 nəfər də vardı. İranlı mənə dedi ki, 1 nəfər də Əfqanıstan vətəndaşı bizimlə Azərbaycana qanunsuz yolla gedəcək. Bir qədər gözlədik. Sonra həmin bir nəfər də gəldi. Tehrandan Azərbaycan sərhədinə tərəf yola düşdük. Axşam saatlarında Azərbaycan sərhədinə çatdıq. Gecəni oteldə qaldıq. Təxminən axşam 11-in yarısında bir nəfər başqa iranlı gəldi, onunla Azərbaycan sərhədinə tərəf getdik. Bir az yol gedəndən sonra dedilər ki, artıq Azərbaycan ərazisindəyik. Bizə istiqamət verdilər, özləri isə geri qayıtdılar. İki saata yaxın o ərazidə qaldıq, birdən əsgərlər qışqırdı. Biz də yerimizdə dayandıq”.
19 yaşlı Feyyaz isə deyir ki, təxminən 6 ay əvvəl Əfqanıstandan İrana qaçaq yolla gəlib, Tehranda işləyib yaşamağa başlamışdı. Amma sənədləri qaydasında olmadığına görə onu ölkəsinə deportasiya edəcəkdilər. O isə qayıtmaq istəmirdi. Bu üzdən Azərbaycana keçmək qərarına gəlib.
O da məhkəmədə bildirib ki, Azərbaycana qaçaq yolla keçmək üçün 1800 manat pul istəyiblər, verməyə razılaşıb.
Ümumiyyətlə, hər üç Əfqanıstan vətəndaşı məhkəmədə ifadə verərkən onları Azərbaycan sərhədinə gətirən və keçirən iranlılar, avtomobil haqda eyni fikirləri səsləndirib. Onlar bildirib ki, həmin şəxslər sadəcə, sərhədi keçirməyə söz veriblər. Sərhədi keçəndən sonra özləri Bakıya gedib çıxmalıydılar: “Ondan sonrasını özümüz həll etməliydik. Onların işi bizi ancaq sərhəddən keçirmək idi”.
Onlar peşman olduqlarını vurğulayıblar və məhkəmədən yüngül cəza verilməsini istəyiblər.
Cəlilabad Rayon Məhkəməsinin hakimi Qalib Paşayevin bugünlərdə çıxardığı hökmə əsasən, əfqanların hər biri 1 il azadlıqdan məhrum edilib.