AFFA

Mənbə: meydan tv

Başlıq: AFFA

Azərbaycanda futbolun ''inkişaf proqramı''nın nəticələri

Azərbaycanda neft bumu zamanı futbolda, daha doğrusu, daxili çempionatda canlanma baş verdi. Bir zamanlar Azərbaycan çempionatında indiki kimi səkkiz yox, 14-16 klub yarışardı. Bunlar da hazırda olduğu kimi əksəriyyəti Bakının yox, regionların təmsilçiləri olardı.

Hazırda milli yığmanın oyunlarına 10-11 min azarkeş gəldiyi halda, bir zamanlar daxili çempionatın oyunlarını 15-20 min insan birbaşa stadiondan izləyirdi.

Həmin zaman AFFA 2005-2015-ci illər üçün futbolun inkişafı proqramını həyata keçirdiyini bəyan edirdi.

“Komanda.az” saytı həmin proqramın icrası, Azərbaycan futbolunun o gündən bu günə gəldiyi yol, daha doğrusu enişi haqqında mövqe yazısı dərc edib. Həmin yazını olduğu kimi təqdim edirik:

Azərbaycanın futbol üzrə milli komandasının AÇ-2020-nin seçmə mərhələsində Bakıda əvvəlcə Macarıstana, ardınca Slovakiyaya məğlub olması, yada yenə 2005-2015-ci illəri əhatə edən futbolun inkişafına dair dövlət proqramını saldı.

Həmkarlarımız, mütəxəssislər TV-lərdə, radio proqramlarında, sosial şəbəkələrdə həmin dövlət proqramı çərçivəsində ciddi işlər görülmədiyini, uğurlu nəticələr qazanılmadığını deyirlər, yazırlar. Haqsız deyillər. Amma haqsız olduqları bir məqam var: həmin dövlət proqramı özü qüsurlu idi. Qüsurlu bir proqram necə uğurlu ola bilərdi?

2005-2015-ci illəri əhatə edən dövlət proqramının icrasına Azərbaycan futbolunda “neft bumu”nun başladığı dövrdə başlanıldı. Əslində “proqramın icrasına başlanıldı” ifadəsi də yanlışdır. Proqram, plan, strategiya başqa şeydir, pul var deyə, hər rayonda bir stadion tikib, bir komanda yaradıb, “mən dərhal çempion olmalıyam, Avropaya vəsiqə qazanmalıyam” kimi sərsəm iddia başqa.

2005-2015-ci illərdə Azərbaycanda yaranan və elə bu müddətdə də “ölən” klubların bəzilərini yada salaq.

“Karvan” – Yevlaxın icra hakimiyyətinin “5 günlük” əyləncəsi.

“Standard” – keçmiş nazirlərdən birinin oğlunun “5 günlük” əyləncəsi.

“MKT-Araz” – İmişlinin icra hakimiyyətinin “5 günlük” əyləncəsi.

“Araz-Naxçıvan” – Naxçıvanın idarəçilərinin “3 saatlıq” əyləncəsi.

“İnter” – “Beynəlxal Bank”dan, dolayısı ilə Azərbaycan xalqından oğurlanan pulların kiçik bir qisminin “yuyulduğu” klub.

“Simurq” – “Beynəlxalq Bank”dan, dolayısı ilə Azərbaycan xalqından oğurlanan pulların kiçik bir qisminin “yuyulduğu” klub.

“Bakı” – keçmiş nazirlərdən birinin oğlunun və onun iş ortaqlarının “5 günlük” əyləncəsi.

Arada “Gənclərbirliyi”, “Xəzər Lənkəran” kimi xalqın cibindən oğurlanan pulların hesabına yox, bu klubları var edən şəxslərin şəxsi vəsaiti hesabına yaradılan komandalar da oldu. Amma çox davam etmədilər, edə də bilməzdilər…

Bizim mətbuat, xüsusilə də, idman mətbuatı 2005-2015-ci illərdə yaradılan və “ölən” bu klubların azarkeşlərinə, media tərəfdaşlarına çevrildilər. Neftdən gələn pul sel kimi axırdı, o puldan klub sahibləri mətbuata da pay ayırırdı. Hər şey çox əla görünürdü, Azərbaycanın futbol üzrə yüksək liqası “Neftçi”nin, “Karvan”ın, “MKT-Araz”ın, “İnter”in, “Simurq”un, “Standard”ın yox, nazirlərin, nazir balalarının, icra başçılarının rəqabətinə səhnə olmuşdu. Dünən yaranan klub ertəsi gün çempion olmaq, avrokuboklara vəsiqə qazanmaq, bununla da, həm rəqabətdə olduğu nazirlərə, nazir balalarına, icra başçılarına gücünü göstərmək, həm də, “yuxarılar”ın gözünə girməyi hədəfləyirdi. Mətbuat isə susurdu, hətta susmurdu da, çəpik çalırdı. Hafizlə Vasifin, Vasiflə Mirheydərin ölümcül mübarizəsində tərəf tuturdu, dəstəkləyirdi, bunun da əvəzində “reklam pulu” adı altında pul alırdı. Kimsə Vasifdən, Mirheydərdən, Hafizdən soruşmurdu ki, klubu hansı vəsait hesabına yaratmısız, büdcəniz nə qədərdir, maliyyə qaynaqlarınızı açıqlayın və sair və ilaxır. Biz bütün bunları soruşmurduq, yoldaşlar. Gözümüzün qabağında klublar yaranırdı, sonra ölürdü, biz isə hər yaranan və dağılan bu klublardan mümkün qədər çox pul qoparmağa çalışırdıq. Biz deyərkən – o dövrdə yaradılan saysız-hesabsız fanklublardan tutmuş, məşqçilərə, menecerlərə, futbolçulara, jurnalistlərədək hər kəs, eşidirsiz, hər k-ə-s!

İndi isə durub “2005-2015-ci illərdə futbolun inkişafına dair dövlət proqramı var idi, o proqram bizə heç nə qazandırmadı” deyirsiz. Qazandırmalı idimi? Həmin dövlət proqramının adı guya “futbolun inkişafına dair” idi, təyinatı isə futbol təsərrüfatında alfadan-omeqadayək, hər kəsin mümkün qədər çox pul qamarlaması idi.

Yevlaxda “Karvan”ın, İmişlidə “MKT-Araz”ın, Bakı-Sumqayıt yolunun üstündə “Bakı” klublarının stadionları kimsəsiz, baxımsız qalıb, dağılıb-tökülüb. Mətbuatı qoyaq bir kənara, bu komandalar fəaliyyətlərini dayandıranda, həmin o 2005-2015-ci illəri əhatə edən dövlət proqramını qəbul edənlər, bu klubları yaradan adamları çağırıb hesab sordularmı? Soruşdularmı, neftin pullarından bu qədər vəsaiti kluba xərcləmisən, indi klubu niyə dağıdırsan? Sizcə, soruşublarmı? Soruşublarmı ki, neftin – xalqın pulundan İspaniyanın “Atletiko”, Fransanın “Lans” klublarına neçə milyon avro vermisən, nə oldu bunun nəticəsi, faydası? Heç kim, kəsinliklə, heç kim hesab sormayıb, sormadı.

Məsələn, götürün “Səbail” klubunun mətbuat xidmətinə, rəhbərliyinə sorğu göndərin, soruşun ki, bu komanda hardan maliyyələşir, sponsorları kimlərdir, büdcəsi nə qədərdir, klubun yaxın 5-10 il üçün hansı layihələri nəzərdə tutulub və sair və ilaxır. Soruşa bilməzsiz, soruşmazsız, hətta soruşsaz belə, sizə doğru-düzgün cavab verilməyəcək. O cavabdan sonra jurnalist araşdırması edib, “Səbail” klubunun hansı “çirkli pullar” hesabına var olduğunu yazmaq lazımdır. Bilirsiz, əzizlərim, sosial şəbəkədə özünü müdrik, ağıllı göstərib “Səbail”in oyun taktikasını müzakirə etmək, baş məşqçisini, futbolçularını tənqid etmək, ya da tərifləmək asan işdir, hətta hamının edə biləcəyi işdir. Amma jurnalistin, əsl jurnalistin işi həqiqətləri üzə çıxarmaq, deməkdir. Siz həqiqətləri demirsiz axı. Dəvət aldığınız TV verilişlərində hamının bildiyi şeylərdən danışırsız, bir az da səsinizin tonunu qaldırırsız, olursuz “mütəxəssis”.

2005-2015-ci illərdə futbolun inkifaşına dair dövlət proqramı uğurlu ola bilməzdi. Əslində, bu proqram lap başdan yox idi. Bəli, bəli, yox idi. Kağız üzərində nəsə yazılmasına baxmayaraq, yox idi. “2005-2015-ci illərdə Azərbaycan futboluna sel kimi axan neft pullarından kim nə qədər qamarlaya bilər” yarışı var idi. Və təəssüf ki, çoxu o yarışın içində idi…

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/pwwvwv

Ən çox baxılan