Azərbaycanda fevralın 1-dən məktəblər açılır

“Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeronda ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək”

Source: Specify Source


Baş nazir təhsilin mərhələli şəkildə təmin edilməsi ilə bağlı qərar imzalayıb

Fevralın 1-dən Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi əyani formada, təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin ediləcək.

Bu barədə Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycanın ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərar

imzalayıb

.

Qərarda deyilir ki, Təhsil Nazirliyi baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında, fevralın 1-dən etibarən Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesini əyani formada, təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin edəcək.

“Təhsil Nazirliyi tərəfindən tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə eyni qərarlar qəbul edirlər”, – qərarda bildirilir.

Təhsil naziri Emin Əmrullayev də fevralın 1-dən bütün təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa olunacağı bildirib.

Nazir bu gün keçirdiyi mətbuat konfransında deyib ki, təhsil müəssisələrində əyani tədrisin bərpası nazirliyin təkbaşına verəcəyi qərar deyil: “Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeronda ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək. İri şəhərlərdə tədris həftədə 3 dəfə olmaqla, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq”.

Nazir Emin Əmrullayev əyani tədrisin həftədə 3 dəfə olmasının zərurətdən irəli gəldiyini bildirib:

“Ümumdünya Səhiyyə Təşkilatının tələbinə görə sosial məsafə 1,5 metr olmalıdır. Siniflərin, məktəblərin, müəllimlərin sayı baxımından siniflər bölünürsə, həftədə 5 dəfə mümkün olmur. Məktəblərin çoxu 2 növbəlidir. Əsas məsələ sıxlığı idarə etməkdir. Bütün məktəblərdə sıxlıq əmsalları eyni deyil. 85600 sinifdən 49 minində, yəni 57 faizində şagird sayı 20 nəfərə yaxın, 20 minində 20-25 nəfər arasındadır. Təxminən 80 faiz şagirdimiz 25 və daha az şagirdlə sinifdə oturur. 311 sinifdə, yəni siniflərin 0,9 faizində sinifdə 40-dan çox şagird olur”.

Emin Əmrullayev deyib ki, fevralın 1-dən sonrakı növbəti iki həftədə sonrakı təhsil pillələrində əyani tədrisin bərpası barədə qərarlar olacaq:

“Yoluxma proqnozunu indidən vermək çətindir. Buna görə kifayət qədər ehtiyatlı addımlar atmalıyıq. Sonrakı iki həftədə V-IX siniflərdə, həmçinin peşə və ali məktəblərdə əyani tədrisin qismən bərpası gözlənilir, amma bu, yoluxmadan asılıdır. Metronun fəaliyyəti hələ də bərpa edilməyib, növbəti mərhələdə belə qərar olarsa, V-IX siniflər də açıla bilər. Hazırda bütün inzibati ərazilərdə heç olmasa gün ərzində 1 yoluxma belə var. Daha az yoluxma olarsa, bölgələrdə daha sürətli açılma ola bilər. Növbəti həftələrdə – yəqin ki, fevralın 8-i və 15-i mümkün qədər açılış ola bilər, məqsəd mümkün dərəcədə məktəbləri dayanıqlı formatda əyani təhsilə qaytarmaqdır. Tələsik açıb, tələsik bağlamaq istəmirik”.

Nazirin sözlərinə görə, pandemiya zamanı ən çox mənfi təsir ibtidai sinif və daha aşağı yaş təbəqələrinin sosial emosional vəziyyətlərinə olub.

Azərbaycanda təhsil müəssisələri 2020-ci ilin martın 3-dən fəaliyyətini müvəqqəti

dayandırılmışdı

.

Ötən ilin sentyabrın 15-də tədris müəssisələri açılsa da, koronavirusa yoluxmanın artma səbəbi ilə yenidən qapadılıb.

Ana səhifəSosialAzərbaycanda fevralın 1-dən məktəblər açılır