Seyran Ohanyan

Mənbə: arxiv

Başlıq: Seyran Ohanyan

Azərbaycanda Ermənistanın keçmiş müdafiə naziri haqda qiyabi həbs qərarı çıxarıldı

Keçmiş nazirin ötən həftə Ermənistanı tərk edərək, Almaniyaya qaçdığı iddia olunur

2008-2016-cı illərdə Ermənistanın Müdafiə naziri olmuş Seyran Ohanyan barəsində Azərbaycanda cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (soyqırım) maddəsilə ittiham irəli sürülüb və təqsirləndirilən şəxs qismində tanınıb. Azərbaycan S.Ohanyanı 1992-ci il fevralın 26-da Xocalıda baş verənlərin təşkilatçılarından biri hesab edir.

Prokurorluq S.Ohanyan barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verib. Məhkəmə noyabrın 11-də təqdimatı təmin edib və S.Ohanyan barəsində qiyabi həbs qərarı çıxarılıb.

S.Ohanyan son ayyarımda Qarabağda gedən döyüşlərdə də iştirak edib. Onun yaralanması barədə də məlumatlar yayılmışdı. Keçmiş nazirin ötən həftə Ermənistanı tərk edərək, Almaniyaya qaçdığı iddia olunur. Ohanyanın vəkili isə onun ölkədən qaçmadığını, müalicə olunmaq üçün Almaniyaya getdiyini bildirib. Vəkil “Sputnik Armeniya”ya deyib ki, məhkəmə qərarıyla onun ölkədən çıxmasına icazə verilib.

Keçmiş nazir 2008-ci il 1-2 mart hadisələrilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslərdən biridir. Araşdırmalar getdiyi dövr üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Sentyabrın 20-də məhkəmə iclasında Ohanyanın vəkilləri onun ölkədən çıxışına icazə verilməsi haqda vəsatət qaldırıblar. Müdafiəçilər bildirib ki, keçmiş nazir iki ildən bir Almaniyada müayinədən keçir. Klinikada onun növbəti müayinəsi oktyabrın 21-nə təyin edilib.

2008-ci ildə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərliyi altında müxalifət etiraz aksiyaları keçirərək, prezident seçkisinin nəticələrinin ləğvini tələb edirdi. 1-2 mart hadisələri zaman hökumət qüvvələri güc tətbiq edərək, aksiyaları dağıtmış, toqquşmalarda 10 nəfər həlak olmuşdu. Ohanyan da xalqa qarşı güc tətbiqində ittiham olunur.

Sözügedən cinayət işində təqsirləndirilən şəxslər sırasında Ohanyandan əlavə, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, baş nazirin keçmiş müavini Armen Hevorkyan və digərləri var.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bbm5cd

Ən çox baxılan